Məhkəmə qərarları › İş №2(012)-2086/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2086/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2086/2023 01.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh ilə birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin avqust ayından etibarən 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. 2022-ci ilin avqust ayından etibarən azyaşlı uşaq iddiaçının himayəsindədir. Hesab edir ki, hazırda, Cavabdeh uşağın iddiaçının himayəsində olduğu 2022-ci ilin avqust ayından etibarən müvafiq olaraq uşağın saxlanılması üçün aliment tutulmalıdır. Bu səbəbdən də, iddiaçı alimentin məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Ən önəmli faktor uşağın saxlanılmasıdır ki, qanunvericilik birmənalı şəkildə valideynlərin hər ikisinin uşağın saxlanılmasına borclu olduğunu göstərmişdir. Azyaşlı uşaq uzun müddətdir ki, atanın himayəsindədir. Uşağın yaşayışının daha yaxşı formada təmin olunması üçün alimentin tutulması zəruridir. Məhkəmə qətnaməsi ilə uşaq ananın himayəsində saxlanılmışdır. Lakin uşaq atası ilə görüşdüyü müddətdə anasına qayıtmaq, anası ilə birlikdə yaşamaq istəmədiyini və atası ilə birlikdə böyümək istədiyini bildirmişdir. Başqa sözlə, uşaq könüllü olaraq atasının himayəsindədir. Bununla yanaşı, uşağa cavabdeh tərəfindən təzyiqlər irəli sürülür və bu barədə ekspertiza təyin olunmuşdur. Uşaq artıq 10 aydır ki, atasının himayəsindədir. Əgər uşaq anasını könüllü olaraq istəsə iddiaçı buna etiraz etmir. Bu müddətin hər günü üçün protokollar vardır ki, uşaq anasına getmək istəmir və bu barədə sənədləri növbəti məhkəmə iclasında gətirə bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 izahatını təsdiq etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, bir ata kimi uşağının arxasında dayanır. O, üç dəfə İcra şöbəsinə və Polis idarəsinə müraciət edərək uşağın şiddət gördüyünü bildirmişdir. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, Bayramova X1 Rafiq Cəlil oğluna qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(012)- 436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və xx.xx.2020-ci il tarixdən etibarən hər ay 175 manat sabit pul məbləğində alimentin ödənilməsi qərara alınmışdır. İddiaçı Abşeron rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşağı ilə ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 2(012)-4284/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının övladı ilə görüş günləri müəyyən edilmişdir. Tərəflər arasında qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Həmin məhkəmə aktlarına əsasən, birgə nikahdan doğulmuş uşağın anasının himayəsində saxlanması qərara alınmışdır. İddiaçı iddia tələbi irəli sürərkən uşağın ananın himayəsində saxlanması barədə məhkəmə qərarının mövcudluğunu gizlətmiş və ya həmin məhkəmə qərarının mövqeyini nəzərə almamışdır. Göstərilənlərdən belə nəticə çıxır ki, iddiaçı iddia ərizəsində uşağın ananın himayəsində saxlanması barədə tələbi olmadığından birbaşa aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı sırf uşağın anasının yanında saxlanılmasına dair məhkəmə qərarının olmasını nəzərə almamışdır. İddiaçı iddia ərizəsində əgər uşağın atanın himayəsində saxlanılması və aliment tələbini qeyd etmiş olsaydı, göstərilən hal müzakirə olunmuş olardı. Lakin hazırda, yalnızca aliment tələbi istəmişdir. Məhkəmə aktı ola-ola iddiaçı aliment tələbi edə bilməz. Bununla yanaşı, aliment tələbi iddia ərizəsi məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı isə iddia ərizəsində 2022-ci ilin avqust ayından etibarən alimenti tələb etmişdir. Bu halda da, iddia tələbi əsaslı deyildir. Uşağın atasını istəməsi isə digər məhkəmə mübahisəsinin predmetidir. Bu səbəbdən də, alimentlə bağlı tələb əsaslı deyildir. Bununla yanaşı, iddiaçı 2022-ci ilin avqust ayından etibarən uşağın onun himayəsində olmasına dair sübutunu təqdim etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 406583 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 343 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 651 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4284/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı övladı - xx.xx.2014cü il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək, eləcə də, bayram günlərində bir gün görüş günlərinin müəyyən edilməsi, valideynlərin qarşılıqlı razılıq əsasında bu qaydanın dəyişə bilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-76/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair iddia ərizəsi üzrə məhkəmə psixoloji ekspertiza təyin olunmuşdur. -İddiaçı Cavabdeh Gədəbəy rayon Məhkəməsinə təqdim etdiyi “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh İddiaçı azyaşlı uşağını görüş məqsədilə götürdüyünü, lakin hazırki vaxtadək ona qaytarmadığını bildirərək uşağın atadan alınaraq anaya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Gədəbəy rayonu, X.Haqverdiyev küçəsi, 15 saylı evdə, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, döngə-2, dalan 2, 15 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduğundan Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 436/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, azyaşlı uşağın ananın yanında saxlanılması və uşağın saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Hazırda, iddiaçı 2022-ci ilin avqust ayından etibarən onun himayəsində qalan uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 80.2. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 101.2. maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə uşağın saxlanılması üçün alimentin tutulması miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla təyin edir ki, göstərilən bu hallar da Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı qətnaməsi ilə nəzərə alınaraq alimentin miqdarı 175 manat məbləğində müəyyən edilmişdir. Məlum olduğu kimi, məhkəmə aktı ilə tərəflərin nikahının pozulması tələbinə hüquqi qiymət verərkən məhkəmə tərəflərin birgə nikah münasibətlərindən olan azyaşlının anasının yanında saxlanılması qənaətinə gəlmişdir ki, həmin məhkəmə araşdırması zamanı da uşağın atası, yəni, hazırkı iş üzrə iddiaçı uşağın anasının yanında qalmasına etiraz etməmişdir. Başqa sözlə, məhkəmə uşağın yaşını, anasına bağlılığını, ana qayğısına ehtiyacının olmasını və digər mühüm halları nəzərə alaraq uşağın anasının yanında qalması qərarına gəlmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin həllinə dair qanuni qüvvəsini almış məhkəmə aktı çıxarılmışdır ki, həmin məhkəmə aktı da icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ailə Məcəlləsinin: 50.2. və 50.3. maddələrinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir və valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1. maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 61.1. maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Qanunvericiliyin tələblərindən müəyyən olunduğu kimi, qanunvericilik uşaqlarından ayrı yaşayan valideynin uşağı ilə ünsiyyətdə olmaq hüququnu istisna etməmişdir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4284/2021 saylı qətnaməsi ilə iddiaçının azyaşlı uşağı ilə ünsiyyət hüququ qismən təmin edilmişdir. Lakin İddiaçı uşaqla ünsüyyət hüququndan sui-istifadə etməklə ünsüyyət vaxtı uşağı özü ilə aparmış, onu anasına təhvil verməmişdi. Cavabdeh Gədəbəy rayon Məhkəməsinə təqdim etdiyi “uşağın atadan alınaraq anaya verilməsi” tələbinə dair iddia ərizəsinə əsasən isə Bayramova X1 Rafiq Cəlil oğlunun azyaşlı uşağını görüş məqsədilə götürdüyünü, lakin hazırki vaxtadək ona qaytarmadığını bildirərək uşağın atadan alınaraq anaya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasında uşağın ananın yanında qalmasına dair qanuni qüvvəsini almış məhkəmə aktının çıxarılmasına baxmayaraq hazırda, atanın himayəsində qalan uşağın atadan alınaraq anaya geri qaytarılmasına dair məhkəmə mübahisəsi mövcuddur. Məhkəmə qətnaməsi ilə azyaşlı uşağın anasının yanında qalmasının qət edilməsinə baxmayaraq iddiaçı uşaqla görüş zamanı uşağın iradəsinə zidd olmaqla azyaşlını cavabdehə təhvil verməmiş və məhkəmə qətnaməsinin tələblərinə zidd hərəkət etmişdir ki, bunu da mülki iş materiallarına əlavə olunmuş, cavabdeh tərəfindən Gədəbəy rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi sübuta yetirir. Başqa sözlə, iddiaçı uşağın həqiqətən də, könüllü surətdə onun yanında qalmasına dair sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən hal iddiaçının 2022-ci ilin avqust ayından etibarən onun himayəsində olan uşağın saxlanılması üçün cavabdehdən alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas deyildir. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktları əsasında cavabdehin himayəsində saxlanılması müəyyən edilmiş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması qət edildiyindən, məhkəmə aktını icra etmək həmin icra sənədi üzrə tərəflərin, məhkəmə aktının icrasını həyata keçirmək icra məmurunun və nəhayət, məhkəmə aktının icrasına nəzarəti həyata keçirmək isə həmin aktı qəbul edən orqanın vəzifəsi olduğundan iddia tələbləri əsaslı deyildir. Beləliklə, məhkəmə qanunun qeyd edilən normalarını, məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar