Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-209/2022 18.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 39564.04 ABŞ dolları əsas, 47720.38 ABŞ dolları faiz, 6656.42 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14.11.2018-ci il tarixdən 05.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1820.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 97581.74 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən, 5 otaqlı, 152.8 kv.m ümumi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinə və 0.0172 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma ipoteka predmetinə yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25% ilə 48 ay müddətinə 40500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən, 5 otaqlı, 152.8 kv.m ümumi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi və 0.0172 ha torpaq sahəsi 14 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci ilin mayın 5-dək Cavabdeh1 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 39564.04 ABŞ dolları əsas, 47720.38 ABŞ dolları faiz və 6656.42 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 95761.29 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə ediləcək pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, "xxxx" ASC ilə bağladığı 14.11.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə qaytarmaq, illik 25 faiz ödəmək şərtilə 40500 ABŞ dolları kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini üsulu kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 80000 manat qiymətləndirilməklə bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də, sonradan maddi vəziyyəti çətinləşdiyi üçün ödənişlərində gecikmələri yaranmışdır. Hazırda iddiaçı tərəfindən tələb olunan borc məbləğinin şişirdildiyini hesab edir. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarından olan 14.11.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı uzunmüddətli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" İKB ASC tərəfindən 48 ay müddətinə illik 25 faizlə 40500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 05.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 14.11.2014-cü il tarixli, 27-G-1-0-385-14 saylı kredit müqaviləsi üzrə 05.05.2021-ci il tarixə əsas borc üzrə 39564.04 ABŞ dolları, faiz borcu üzrə 47720.38 ABŞ dolları, 6656.42 ABŞ dolları cərimə, əsas borca hesablanmış illik 5% ilə 1820.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 95761.29 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 31.10.2014-cü il qeydiyyat tarixli, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 0.0172 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 14.11.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında 14.11.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 80000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 09.02.2021ci il tarixli bildirişdən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 7A-nın ipoteka ilə yüklü edilməsi və bunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaları barədə Cavabdeh1 "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 15.02.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, "xxxx" İKB ASC ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsi, ev 7A-ya tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin 13.02.2021-ci il tarixdə ünvana çatdırılmasını qeyd edərək, tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almağı ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən xahiş etmişdir. İşin materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz öhdəliklərinin icrası barədə "xxxx" İKB ASC tərəfindən xəbərdar edilmişdirlər. Mülki işin materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-ci maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh1 14.11.2014-cü il tarixli 27-G-1-0-385-14 saylı uzunmüddətli kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Borc məbləğinin dəqiq müəyyən edilməsi məqsədi ilə Məhkəmənin 21 iyun 2021-ci il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə - mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 9/6895 saylı müvafiq ekspert rəyinin nəticə hissəsinə əsasən, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın Banka olan borcu - 37865.54 ABŞ dolları əsas borc, 29384.94 ABŞ dolları faiz borcu, əsas borca görə 5 faizlə hesablanmış 4685.86 ABŞ dolları məbləğində əldən çıxmış fayda olaraq müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə ekspert rəyində göstərilən məbləğdə, əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə isə iddia tələbinə uyğun təmin olunmalıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, 6656.42 ABŞ dolları cərimənin məbləği azaldılmalı, 50 ABŞ dolları müəyyən edilməlidir. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3-cü və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin 21.06.2021-ci il tarixli, 2(012)-3593/2021 saylı qərardadına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 5 otaqlı, 152.8 kv.m ümumi sahəsi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinin və 0.0172 ha torpaq sahəsinin hazırki likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən Məhkəməyə daxil olmuş 07 oktyabr 2021-ci il tarixli, 128 nömrəli rəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yerləşən 5 otaqlı, 152.8 kv.m ümumi sahəsi, 90.4 kv.m yaşayış, 62.4 kv.m yardımçı sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinin və 0.0172 ha torpaq sahəsinin hazırki bazar qiyməti 89700 manat, likvid dəyəri isə 81000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində 0.0172 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 81000 manat müəyyən edilməli, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlaka olan istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin əmlakdan çıxarılmalı və həmin əmlak Banka təhvil verilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 37865.54 ABŞ dolları məbləğində əsas, 29384.94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, əsas borc üzrə 5 faizlə hesablanmış 1820.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 69120,93 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində 0.0172 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 81000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi təmin edilməli, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər həmin fərdi yaşayış evindən çıxarılmalı və əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, habelə 30 manat xidmət haqqı ödənilmişdir. Habelə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasına 50 manat vəsait sərf edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 30 manat xidmət haqqı Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, məhkəməmühasibatlıq ekspertizasının aparılmasına sərf edilmiş vəsaitin əvəzi kimi 15 manat məbləğində pul iddiaçıdan, 35 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, eyni zamanda Cavabdeh1 iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 37865.54 ABŞ dolları məbləğində əsas, 29384.94 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcu, əsas borc üzrə 5 faizlə hesablanmış 1820.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 69120,93 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində 0.0172 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 152.8 kv.m ümumi sahədən ibarət 7A nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 81000 manat müəyyən edilməklə açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi təmin edilsin. Əmlakın satışından əldə ediləcək vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan istifadə hüquqları itirilmiş hesab edilsin, cavabdehlər həmin fərdi yaşayış evindən çıxarılsınlar və həmin əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat, habelə xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi İddiaçı ASC-dən, 35 manat hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-209/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-209/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər - Kredit müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver