Məhkəmə qərarları › İş №2(012)-3667/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3667/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər - Kredit müqavilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3667/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 27.08.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 5.913,76 manat məbləğində kredit borcu, 42,23 manat məbləğində faiz borcu və 1.681,58 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7.637,57 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 7.637,57 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 27.02.2015-ci il tarixli 017L**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 27.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5913.76 (beş min doqquz yüz on üç) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 0 manat ödəmiş, onun 5913.76 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.04.2021-ci il tarixə 249 gün üçün hesablanmış faiz borcu 42.23 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 12.04.2021-ci il tarixə 249 gün üçün hesablanmış cərimə 1681.58 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh3 və Bank arasında bağlanılmış 05.03.2015-ci il tarixli 017M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında mülkiyyət növü bələdiyyə olan 0.00238 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 20.0 kv.m ümumi, 20.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı xüsusi mülkiyyətli 30A saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət reyestrində 120 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri. X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30A saylı fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın əri Cavabdeh2 və digər qeydiyyatda olanlar Məmiyev X2 rayonu, Xırdalan şəhəri. X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30A saylı fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür, İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 09.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, iş üzrə alınmış ekspert rəyi iıə razı deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, iddia tələbində qeyd olunan borc məbləği ilə razı olduğunu, lakin borcu az-az ödəyəcəyini bildirdi. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış 27.02.2015-ci il tarixli 017L**********03 saylı Uzunmüddətli kredit müqaviləsinə əsasən bank borcalana 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 27.02.2015-ci il tarixli 017L**********03 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 27.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından və ödəniş planından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik dərəcəsi 1% olmaqla 5913.76 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin müvafiq qrafikə əsasında aylıq 126 manat olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 2.3-cü bəndində əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/360 hissəsi kimi hesablanır. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən Bu Kredit Razılaşması ilə müəyyənləşdirilən öhdəliyini icra etmədiyi və lazımınca icra etmədiyi, o cümlədən gecikdirdiyi halda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 (sıfır tam yüzdə iki) faiz məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1 (sıfır tam onda bir) faizdən artıq olmaması şərti ilə cərimə ödəməyə borcludur. İş materiallarına əlavə olunmuş 27.08.2019-cu il tarixli kreditin verilməsi üçün köçürülmədən görünür ki, 27.08.2019-cu il tarixdə Cavabdeh2 İddiaçı QSC-dən 5913.76 manat məbləğində vəsait götürmüşdür. İş materiallarında olan 02.13.2015-ci il tarixli 017S**********03 nömrəli və 017S**********02 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh4 bank ilə borclu Cavabdeh2 arasında bağlanmış 27.02.2015-ci il tarixli 017L**********03 saylı Uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evi 29.01.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 120 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 05.03.2015-ci il tarixli, 017M**********01 saylı ipoteka saxlayan İddiaçı QSC və ipoteka qoyan və borclu Cavabdeh2 ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmeti olan Cavabdeh3 məxsus Abşeron rayonu, xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evi 27.02.2015-ci il tarixli 017L**********03 saylı Uzunmüddətli kredit müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 15000 (on beş min) ABŞ dolları (15744 (on beş min yeddi yüz qırx dörd) manat ekvivalentində) təşkil edir. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evi İddiaçı QSCnin Xırdalan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 120 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 05.03.2015, qeydiyyat nömrəsi **********, əsas öhdəlik 27.02.2015-ci il tarixli 017L**********03 saylı Uzunmüddətli kredit müqaviləsi, yüklülüyün müddəti 27.02.2015-27.02.2025; 120 (bir yüz iyirmi) ay. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, 12 fevral 2021-ci il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcunun ödənilməsi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur.. İş materiallarında olan 06.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 12.04.2021-ci il tarixinə Cavabdeh2 27.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 5913.76 manat məbləğində əsas borcu, 42.23 manat faiz borcu, 1681.58 manat cərimə borcu olmaqla, cəmi 7637.57 manat borcu vardır. İş materiallarında olan 01.03.2021-ci il tarixli 6263 nömrəli bildirişin surətindən və 09.03.2021-ci il tarixli 6766 nömrəli ərizədən görünür ki, Cavabdeh3 banka olan borcunun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə İddiaçı QSC tərəfindən xəbərdar olunmuşdur, bildiriş ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində 09.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon İH MTİİTS tərəfindən 02.03.2015-ci il tarixdə verilmiş 45 nömrəli Forma 2 arayışından görünür ki, Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli evdə yaşayır. Daimi qeydiyyatda olanlar: Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh2 ilə X3 arasında 02 aprel 1997-ci ildə rəsmi nikah bağlanmış, arvada Məmiyeva soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən müəyyən olunu ki, Cavabdeh3 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2, 30 A ünvanında yerləşən 0.00238 ha torpaq sahəsinin, fərdi yaşayış evinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (fərdi yaşayış evinə) tutma yönəldikdə və o satıldıqda onu qeyd şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. İş materiallarında olan Elektron Xidmət Portalından çıxarışdan görünür ki, ipoteka predmeti olan daşınmaz əmlakın tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 25.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin ödənilməsi bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından olan "xxxx" MMC tərəfindən verilən 01 avqust 2021-ci il tarixli, 323/E №-li ekspert rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2, ev 30 A ünvanında yerləşən 0 ha torpaq sahəsinin bazar qiymətinə uyğun likvid dəyəri 38.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 27.02.2015-ci il tarixli 017L**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 27.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5913.76 (beş min doqquz yüz on üç) manat məbləğində kredit götürmüşdür. Borcalan Cavabdeh2 27.08.2019-cu il tarixli 017R********** saylı razılaşma ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə bank tərəfindən Cavabdeh2 27.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 12.04.2021-ci il tarixə 5913.76 manat əsas, 42.23 manat faiz, 1681.58 manat cərimə borcu, cəmi 7637.57 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən həmçinin, müəyyən edildi ki, 02.13.2015-ci il tarixli 017S**********03 nömrəli və 017S**********02 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 27.02.2015-ci il tarixli 017L**********03 saylı Uzunmüddətli kredit müqaviləsi və bu kredit müqavilənin ayrılmaz hissəsi olan razılaşmadan irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün tam məsuliyyəti üzərlərinə götürmüşlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən məhkəmə qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş 1681.58 manat cərimənin məbləği azaldılmalı, 42 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC və Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, habelə zaminlik müqavilələri əsasında onun bank qarşısında öhdəliklərinə görə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 onunla birgə məsuliyyət daşıdığından, iddia bu hissədə qismən əsaslı olduğu üçün qismən təmin edilməli, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5913.76 manat kredit borcu, 42.23 manat faiz borcu, 42 manat cərimə borcu olmaqla, cəmi 5997.99 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 15000 (on beş min) ABŞ dolları (15744 (on beş min yeddi yüz qırx dörd) manat müəyyən edilsə də, mütəxəsis rəyində likvid dəyəri 38000 manat qeyd edildiyindən ilkin satış qiyməti likvid qiyməti ilə 38000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qismən təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli evə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli və hərracdan satılandan bir ay sonra Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 həmin evdən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 həmin torpaq evə istifadə hüququnun itirilməsinə və alıcıya təhvil verilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, tələb ipoteka predmetinə yönəldildiiyindən və bu hissədə iddia təmin edildiyindən iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5913.76 manat kredit borcu 42.23 manat faiz borcu, 42 manat cərimə borcu olmaqla, cəmi 5997.99 (beş min doqquz yüz doxsan yeddi manat doxsan doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumu üçün 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 10 manat, habelə 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, ipoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilməli, hərracdan satılandan bir ay sonra Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 həmin evdən çıxarılmalı və onların həmin evə istifadə hüquqları itirilməli, ipoteka predmeti olan həmin əmlakın ilkin satış qiyməti 38.000 (otuz səkkiz min) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15.405,89 manat kredit borcu 5913.76 manat kredit borcu 42.23 manat faiz borcu, 42 manat cərimə borcu olmaqla, cəmi 5997.99 (beş min doqquz yüz doxsan yeddi manat doxsan doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumu üçün 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu üçün 10 manat, habelə 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. İpoteka predmetinin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evinı istifadə hüquqları itirilmiş hesab edilsin, həmin ev açıq hərracdan satılandan bir ay sonra Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 həmin evdən çıxarılsın. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 ünvanında yerləşən 30 A nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 38.000 (otuz səkkiz min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar