Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2147/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış LM-0578 saylı, xx xxxxxxx 2015-ci il tarixli müqavilənin ləğv edilməsi və ödədiyi 24804 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxxx” MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən çoxmənzilli binadan ümumi sahəsi 68 kv.m olan 2 otaqlı mənzilin alınması üçün xx xxxxxxx 2015ci il tarixdə LM-0578 №-li müqaqvilə bağlamışdır. O, alıcı kimi müqavilənin şərtlərinə əməl edib nəzərdə tutulan pulu vaxtı-vaxtında MMC-yə ödəmişdir, 2019-cu ilin dekabr ayınadək 26300 manat ödəmişdir. Lakin “xxxxxxxxxxx” MMC müqavilə öhdəliklərini icra etməmişdir, 5 il keçsə mənzilini ağlabatan müddətə tikib təhvil verməmişdir, bununla da müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və öhdəliyini yerinə yetirməmişdir. Ailəsiylə kirayədə yaşadığı üçün ona uzun müddətdir hər ay 400 manat kirayə haqqı ödəməyə məcbur olmuşdur. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün xx.xx.2020-ci xx.xx.2020-ci il tarixdə cavabdehə bildiriş göndərərək müqavilənin 7 gün ərzində ləğv olunmasını və ödədiyi pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh müraciətinə heç bir cavab verməmişdir. Müqavilənin 3.5-ci maddəsinə görə iddiadan imtina edildiyi hallarda, alıcı yəni o, müqavilənin 3.1ci maddəsinə əsasən razılaşdırılmış məbləğin, yəni 74,800 manat pulun 2%-i həcmində olmaqla “xxxxxxxxxxx” MMC-yə dəbbə pulu ödəməlidir. Ona görə də “xxxxxxxxxxx” MMC-yə ödədiyi 263xx xxxxxxxx 1496 manat miqdarında dəbbə pulu tutub ödədiyi pulun qalan 24804 manat pul vəsaitini ona qaytarmalıdır. Qeyd olunanlara əsasən, o, iddianın təin edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixində tərəfində alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı 26300 manat məbləğində pulu mənzil üçün ödəmişdir. Lakin 5 il keçsə də mənzil hələdə hazır deyil. İddiaçı ev hazır olmadığına görə kirayədə qalır. Müqavilədə müqavilənin hansı müddətə bağlandığı göstərilməmişdir. İddiaçının mənzili 6-cı mərtəbədə olmalı idi. Lakin heç bir tikinti yoxdur. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh şirkət iddia tələbini qəbul etmir. Tərəflər arasında müqavilə mövcuddur. İddiaçı 2019cu ilin dekabr ayınadək 26300 manat “xxxxxxxxxxx” MMC-yə ödəniş etmiş, tikinti yekunlaşır və yaxın zamanda təhvil veriləcəkdir. Bina satış perspektivi olan mənzildir. Fasad, qapı-pəncərə hazılanmışdır. Zərurət olsa, fotoşəkillər də təqdim edə bilər.Bugünədək “xxxxxxxxxxx” MMC-nin kifayət qədər işi olsa da, bu bina demək olar ki, hazırdır. Əgər iddiaçı ödəniş edə bilmirsə, ərizə ilə müraciət edilsə, köməklik edə bilərlər. İş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli, LM-0578 №-li mənzilin alqı-satqı müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 1, mərtəbə 3, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 68 kv.m-dən ibarət, 2 otaqlı, 13 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 74800 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdikləri, iddiaçının nümayəndəsinin izahatı, eləcə də cavabdehin nümayəndəsinin etirazı və iş materialları ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə xx xxxxxxx 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 74800 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 26300 manatı öz hesabına ödəməsi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əssən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əssən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı il “xxxxxxxxxxx” MMC arasında bağlanmış LM-0578 saylı, xx xxxxxxx 2015-ci il tarixli mənzilin alğı-satqısı müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, işin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Bundan başqa İddiaçı ilə cavabdeh "xxxxxxxxxxx" MMC ilə aralarında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, LM-0578 №-li saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində göstərilmişdir ki, müqavilədən imtina edildiyi(mənzilin geri qaytarılması) halında,alıcı müqavilənin 3.1-ci maddəsində razılışdırılmış məbləğin 2(iki)%-i həcmində minimum 1000(bir min) manat olmaqla cəmiyyətə ödəyir. Bu baxımdan, iddiaçının ödədiyi 26300 manat puldan müqaviləyə əsasən 2(iki)% həcmində 1496 manat dəbbə pulu çıxılmaqla, qalan 24804 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə işin hallarına uyğun olmaqla əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh «xxxxxxxxxxx» MMC arasında bağlanılmış LM-0578 saylı, xx xxxxxxx 2015-ci il tarixli “Mənzilin alqı-satqı müqavilə”si ləğv edilsin və 24804 (iyirmi dörd min səkkiz yüz dörd) manat pul «xxxxxxxxxxx» MMC-dən tutulub İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2147/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2147/2020
13.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver