Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-227/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun himayəsində olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına qədər saxlanılmasına görə hər uşaq üçün 250 manat olmaqla hər ay cəmi 500 manat məbləğində alimentin, mediasiya xərci olan 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 434/2014 saylı, 12 mart 2014-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında Nəsimi Rayon Qeydiyyat Şöbəsində 08 noyabr 2008-ci il tarixdə bağlanmış və 997 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 22 yanvar 2010-cu il təvəllüdlü X2, 28 aprel 2011-ci il təvəllüdlü X3 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə 14 yanvar 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra o, cavabdeh ilə qarşılıqlı razılığa gəldiyi üçün 27 may 2019-cu il tarixində ərizə yazaraq icra şöbəsində olan icra sənədinə xitam verilərək məhkəməyə geri qaytarılmasını xahiş etmiş, bununla da icra sənədinə xitam verilmişdir. Lakin bundan sonra cavabdeh qarşılıqlı razılaşmaya əməl etməyərək verdiyi vədləri yerinə yetirmədi. Bildirir ki, o, 2 azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və maddi cəhətdən əziyyət çəkir. Övladlarının çatışmayan tələbatını ahıl yaşlı valideynləri ödəyir. Cavabdeh maddi cəhətdən vəziyyəti olduqca yaxşıdır. Ümumiyyətlə, cavabdeh övladları ikə maraqlanmır və öz doğma övladlarına pul ödəmək istəmir. Onun aliment almağa ehtiyacı vardır. Bununla bağlı o, mediasiya təşkilatına müraciət etsə də nəticəsi olmamışdır. Odur ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. O, iddia ərizəsində cavabdehdən birgə nikahdan olan uşaqların yetkinlik yaşına qədər saxlanması üçün hər ay hər uşağa görə 250 manat aliment ödənilməsini tələb etdiyini qeyd etməsinə baxmayaraq məhkəmə tərəfindən hər ay hər uşaq üçün 200 manat aliment təyin edilməsinə etiraz etmir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 431650 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 22 yanvar 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Əsgərova (Sadıqova) Xəyalə Mahmud qızıdır. İş materiallarında olan Abşeron rayonu İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən qeydə alınmış AZ-İİ № 673976 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 28 aprel 2011-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh, anası isə Əsgərova (Sadıqova) Xəyalə Mahmud qızıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-434/2014 saylı, 12 mart 2014cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əsgərova (Sadıqova) Xəyalə Mahmud qızı arasında Nəsimi Rayon Qeydiyyat Şöbəsində 08 noyabr 2008-ci il tarixdə bağlanmış və 997 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 22 yanvar 2010-cu il təvəllüdlü X2, 28 aprel 2011-ci il təvəllüdlü X3 anaları X1 yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 14 yanvar 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 190204 saylı nikahın pozulması haqqında şəhadənamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 may 2014-cü il tarixdə 90 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Sadıqova soyadı verilmişdir. İş materiallarında olan icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan görünür ki,tərflər barışdığı üçün İddiaçı ərizəsi əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-434/2014 saylı, 12 mart 2014-cü il tarixli icra sənədi üzrə icrata itam verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki,alimentin tələb olunan miqdarda cavabdehin aliment ödəməyə maddi cəhətdən imkanının olması barədə sübutlar müəyyən olunmadığını, bundan əlavə uşaqları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 200 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Bundan başqa iddia tələbinin 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin xərc məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixindən başlayaraq 22 yanvar 2010-cu il təvəllüdlü X5 və 28 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 50 manat mediasiya haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-227/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-227/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver