Məhkəmə qərarları › İş №2(012)-2273/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2273/2021

03.06.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2273/2021 03.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X2, Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsindən onun xeyrinə 9000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ərizəsinə əsasən 04 aprel 2002-ci il tarixdə 28K saylı əmrə əsasən cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinə üçüncü dərəcəli fəhlə işinə qəbul edilmiş, cavabdehin 31 may 2016-cı il tarixli 30İ saylı əmrinə əsasən isə işlədiyi peşədə qalaraq Təmir-tikinti istismar sahəsinə keçirilmişdir. 06 avqust 2018-ci il tarixdə onun ərizəsinə əsasən cavabdehlə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə ərizə ilə müraciət edəndən 21 gün sonra o, fikrini dəyişmiş və həmin tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən, işini davam etdirmək istədiyini cavabdehə bildirmişdir. Həmin vaxt onun əvəzinə işçi qəbul edilməmişdir. O, ərizəsini birbaşa cavabdehə təqdim etmişdir. Lakin ərizəsi qeydiyyata alınmamış və ona yeni əmək müqaviləsinin bağlanması təklif edilmişdir. O da öz növbəsində ərizə yazmış və rəis Z.Rüstəmov yaxın günlərdə onunla yeni əmək müqaviləsinin bağlanacağına dair söz vermişdir. Lakin cavabdeh tərəfindən nə onunla yeni əmək müqaviləsi bağlanmış, nə də ona əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti verilmişdir. Nəticə etibarı ilə o, işə qəbul ediləcəyi vədi ilə aldadıldığını başa düşmüşdür. 12 yanvar 2021-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək, Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü, 87-ci maddəsinin 3-cü və 88-ci maddəsinin 1-ci bəndlərini əsas tutaraq ona əmək kitabçasının qaytarılması, xitam verilmiş əmək müqaviləsinin surətinin (əmək müqaviləsi bağlanan zaman ona müqavilənin surəti verilməmişdir), əmək müqaviləsinə xitam verilməsi əmrinin və əmək haqqına dair arayışın verilməsini xahiş etmişdir. O, ərizəsini poçt rabitə xidməti vasitəsi ilə göndərmiş və ərizə olan məktubun cavabdehə təqdim edilməsinə dair xəbərnaməni iddia ərizəsinə əlavə etmişdir. 12.01.2021-ci il tarixli ərizə cavabdehə təqdim ediləndən sonra cavabdehin hüquq məsləhətçisi tərəfindən X1 İdarəsinə dəvət edilmiş, 26.01.2021-ci il tarixində o, həmin şəxslə görüşmüş və ona Quba rayonu ərazisində Vəlvələdə iş təklif edilmişdir. O, sənədlərinin verilməsi üçün müraciət etdiyini və 30 aydır ki, onunla yeni əmək müqaviləsi bağlanacağı vədi ilə aldadıldığını da bildirmişdir. Belə olan halda hüquq məsləhətçisi ona əmək kitabçasını və 12.01.2021-ci il tarixli ərizədə göstərdiyi digər sənədləri götürməyi təklif etmişdir. Lakin həmin sənədlərin ona verilmə tarixi rəsmi qaydada qeyd edilmədən, sənədlərin verilmə tarixi isə 26.01.2021-ci il göstərilməməklə qaytarmaq istədiklərinə görə sənədləri poçt rabitə xidməti vasitəsi ilə göndərməyi xahiş etmişdir. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazdığından 21 gün sonra, yəni xəbərdarlıq müddəti bitməmiş, əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni geri götürməyinə dair yazdığı ərizəsi qeydiyyata alınmamaqla bir dəfə cavabdeh tərəfindən aldadılmışdır. İkinci dəfə aldanmaq istəmədiyindən verilmə tarixi qeyd edilmədən yuxarıda göstərilən sənədləri almaqdan imtina etmişdir. Əks halda ona həmin sənədlərin 26.01.2021-ci il tarixində verildiyini sübut edə bilməzdi. 03.02.2021-ci il və 05.02.2021-ci il tarixlərində poçt rabitə xidməti vasitəsi ilə ona cavabdehin 2 məktubu verilmişdir. 03.02.2021-ci il tarixli məktubla ona 06.08.2018-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti verilmiş və əmək kitabçası qaytarılmışdır. 05.02.2021-ci il tarixli məktubla isə 26.01.2021-ci ildə cavabdeh tərəfindən idarəyə dəvət edilməsi və əsaslı səbəb olmadan əmək kitabçasını götürməkdən imtina etməsi göstərilmişdir. O, cavabdeh tərəfindən yalnız göstərilən sənədlərin ona verilməsinə dair 12.01.2021-ci il tarixində ərizə ilə müraciət edəndən sonra idarəyə dəvət edilmiş və ona həmin vaxta kimi cavabdeh tərəfindən sənədlər qaytarılmamışdır. 26.01.2021-ci il tarixində isə, yuxarıda qeyd edildiyi kimi, ona sənədlərin verilmə tarixi göstərilmədən götürülməsi təklif edilmişdir. Uzun müddət nə onunla yeni əmək müqaviləsi bağlanmış, nə də ona sənədləri qaytarılmışdır. 12.01.2021-ci il tarixində yazdığı ərizədə xahiş etməsinə baxmayaraq nə ona əmək müqaviləsinin surəti, nə də əmək haqqına dair arayış verilmişdir. Cavabdeh tərəfindən ona əmək kitabçası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildiyi gün, yəni 06.08.2018-ci il tarixində verilməli olduğu halda verilməmiş və həmin səbəbə görə də başqa işə düzələ bilməmişdir. Həmçinin cavabdeh tərəfindən 2018-ci ilin avqust ayından bəri yaxın vaxtlarda işə qəbul ediləcəyi vədi ilə bu vaxta kimi aldadılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən müəyyən edilmiş qaydaların pozulması nəticəsində o, 07.08.2018-ci il tarixindən 03.02.2021-ci il tarixinə kimi, yəni 30 ay işsiz qalmışdır. Hər ay 2018-ci ilin iyul ayından 2021-ci ilin fevral ayına kimi orta hesabla təxminən ayda 300 manat əmək haqqı almış, bu səbəbdən də hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 9000 manat (30 x 300 = 9000) ziyan dəymişdir. Cavabdeh tərəfindən əmək haqqı barəsində arayışın ona 12.01.2021-ci il tarixli ərizə ilə verilməsini xahiş etsə də, əmək haqqı barəsində arayış və əmək müqaviləsinin surəti verilmədiyinə görə, tələb etməli olduğu pulun miqdarını da iddia ərizəsində dəqiq qeyd edə bilmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 3-cü bəndlərinə əsasən cavabdeh tərəfindən hüquqlarının pozulduğunu aşkar etdiyi gün, yəni ona əmək kitabçasının verildiyi gün 03.02.2021-ci il tarixi sayılır. 03.02.2021 və 05.02.2021-ci il tarixlərində cavabdeh tərəfindən göndərilmiş hər iki zərfin (əmək kitabçası və məktub göndərilmiş) surəti iddia ərizəsinə əlavə edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının vəkili X7 iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək, bu barədə ərizəsini məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, Qusar rayonu Quxur-Oba kənd sakini İddiaçı 04.04.2002-ci il tarixdə X1 İdarəsinin Baş hidroqovşaq istismar sahəsinə işəmuzd qaydada fəhlə peşəsi üzrə işə qəbul olunmuş və 06.08.2018-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 06.08.2018-ci il tarixli 110K saylı əmri ilə (öz xahişi ilə) ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi 16 il ərzində hər ay əmək haqqını vaxtlıvaxtında almışdır. İddiaçı ərizəsində göstərir ki, o, ərizəsi əsasında işdən çıxdıqdan 21 gün sonra fikrini dəyişərək, yenidən ərizə ilə müraciət edərək işinə qayıtmaq istəmişdir. Eyni zamanda, iddiaçı göstərdiyi müddətdə ərizə ilə idarəyə müraciət etməmişdir. Sadəcə ərizə verdiyi gündən bir təqvim ayı bitdikdən sonra işə qəbul ola bilmədiyini öyrənərək öz ərizəsində 21 gün göstərərək yenidən işə qayıtmaq istəmişdir. Əslində faktiki olaraq işə qayıtmaq üçün idarəyə heç bir ərizə ilə müraciət etməmişdir. Ərizəsində göstərdiyi faktlar əsassız və qərəzlidir. Hətta İddiaçı ərizəsində qeyd etmişdir ki, işə qəbul olmaq üçün ərizəni birbaşa cavabdehə (rəis Zakir Rüstəmova) təqdim etmiş, lakin ərizə ilə işə qəbul üçün heç bir müraciət etməmişdir. Bu səbəbdən də göstərdiyi faktlar hamısı böhtan xarakterli və əsassızdır. 07.08.2018-ci il tarixində əmək kitabçasını və əmrin surətini götürmək üçün iddiaçı idarəyə çağırılmış, həmin sənədlər ona təqdim edilmiş, lakin iddiaçı qəbul etməkdən imtina etmişdir. Cavabdeh iddiaçıya əmək kitabçasını qeydiyyat ünvanına göndərəcəyini bildirmiş, iddiaçı isə həmin ünvanda yaşamadığını bildirərək, sənədlərin göndərilməsinə etiraz etmişdir. İddiaçı cavabdeh quruma əmək kitabçasının onlarda qalmasını, sonra gəlib götürəcəyini bildirmişdir. Lakin cavabdeh yenə də iddiaçıya əmək kitabçasını götürməsini təklif etmiş, iddiaçı isə qəti şəkildə imtina edərək götürməmişdir. Bu səbəbdən də cavabdeh iddiaçıya sənədlərin götürülməməsi barədə imtina ərizəsi yazmasını təklif etmiş, iddiaçı bu ərizəni də yazmaqdan imtina etmişdir. Ona görə də həmin tarixdə sənədlərin götürülməməsi barədə akt tərtib edilmiş, sadəcə iddiaçının ünvanı dəqiq bilinmədiyi üçün sənədlər göndərilməmişdir. Lakin iddiaçıya yenidən şifahi xəbərdarlıq edilərək sənədlərini götürməsi təklif edilmiş, lakin cavabdeh yenidən sənədlərini təhvil almamışdır. Təxminən iki il yarım vaxt keçdikdən sonra, 12.01.2021-ci il tarixdə idarəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, əmək kitabçası vaxtında verilmədiyi üçün başqa müəssisəyə işə qəbul ola bilməmişdir. İddiaçının yazdığı ərizə 18.01.2021-ci il tarixdə idarəyə daxil olmuş və ərizəsi əsasında 19.01.2021-ci il tarixdə məsələnin həlli barəsində idarəyə dəvət olunmuş, lakin, Covid-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə əlaqədar rayonlararası gediş-gəliş bağlı olduğu üçün gələ bilməyəcəyini bildirərək, yalnız 26.01.2021-ci il tarixdə gələcəyini bildirmişdir. 26.01.2021-ci il tarixdə tərəflər arasında danışıqlar aparılmış və iddiaçıya hal-hazırda boş vakant iş yerinin olmadığı bildirilmişdir. Əgər gələcəkdə iş olarsa, xəbərdar olunacağı da əlavə olaraq bildirilmişdir. 26.01.2021-ci il tarixdə yenə də əvvəlki tarixdəki kimi həmin sənədlər iddiaçıya təqdim edilmiş, heç bir əsaslı səbəb açıqlamadan iddiaçı götürməkdən imtina etmişdir. İddiaçıya yenidən sənədləri götürməkdən imtina ərizəsi yazması təklif edilmiş, lakin iddiaçı yenidən götürməkdən imtina etmişdir. İddiaçıya təkrarən sənədlərin yaşadığı ünvana göndəriləcəyi bildirilmiş, iddiaçı isə təkidlə həmin ünvana göndərilməməsini bildirmişdir. İddiaçının fikri, məqsədi qərəzli mövqe tutaraq sənədlərin yaşadığı ünvana göndərilməsini istəməmək idi. 26.01.2021-ci il tarixdə akt tərtib olunmuş və əmək kitabçası şəxsiyyət vəsiqəsində qeyd edilmiş ünvana poçt vasitəsilə göndərilmişdir. Əlavə olaraq isə 28.01.2021-ci il tarixdə ona məktub vasitəsi ilə yazılaraq bildirilmişdir ki, hal-hazırda boş vakant iş yeri yoxdur, əgər yaxın vaxtlarda boş vakant iş yeri olarsa, məlumatlandırılacaqdır. İddiaçı buna baxmayaraq 19.02.2021-ci il tarixli iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü, 88-ci maddəsinin 1-ci və 172-ci maddəsinin 6-cı bəndlərini əsas tutaraq X1 İdarəsindən ona 9000 manat pulun alınıb verilməsini istəmişdir. Yuxarıda qeyd edilən maddələr iddiaçıya şamil edilməməklə, iddiası əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-cı bəndində işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd olunan maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Ona görə də iddiaçının göstərdiyi maddələr idarə tərəfindən əmək haqqının ödənilməsinə şamil edilmir. Sadəcə olaraq iddiaçının bu hərəkətləri qərəzli mövqe tutaraq idarənin adına xələl gətirmək, təhdid etməkdir. Bu isə yolverilməz haldır. İddiaçı idarədə işlədiyi müddət ərzində ona qarşı idarə rəhbərliyi və idarə heyəti tərəfindən heç bir qərəzli mövqe tutulmamışdır və şəxsi ədavət də yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - İddiaçı məxsus 04.04.2002-ci il tarixli ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qusar Rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 mart tarixli 661 saylı arayışına əsasən Samur X6 İdarəsinə daxil olana qədər heç bir yerdə işləməmiş, 04.04.2002-ci il tarixli 28K saylı əmrə əsasən Samur X6 İdarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, 31.05.2016-cı il tarixli 30İ saylı əmrə əsasən tutduğu peşəsində qalaraq Təmir-tikinti istismar sahəsinə keçirilmiş, 06.08.2018-ci il tarixli 110K saylı əmrə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsi tərəfindən verilmiş 06.08.2018-ci il tarixli 110 K saylı əmrin surətindən görünür ki, Təmir-tikinti istismar sahəsinin İİİ dərəcəli fəhləsi İddiaçı 06.08.2018-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, əmrin verilməsi üçün əsas işçinin ərizəsi və İddiaçı 04.04.2018-04.04.2019-cu iş ilində istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 07 təqvim günü üçün pul əvəzinin ödənilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən X1 İdarəsinin rəisi Zakir Rüstəmova ünvanladığı 12.01.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ərizəsində göstərilənləri və Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü, 87-ci maddəsinin 3-cü və 88-ci maddəsinin 1-ci bəndlərinə əsasən əmək kitabçasının qaytarılmasını, xitam verilmiş əmək müqaviləsinin surətinin (əmək müqaviləsi bağlanan zaman müqavilənin surəti verilməmişdir), əmək müqaviləsinə xitam verilməsi əmrinin və əmək haqqına dair arayışın verilməsini xahiş etmiş, lakin ərizə İddiaçı tərəfindən imzalanmamışdır. - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsi tərəfindən Qusar rayonu Quxur-oba kənd sakini İddiaçı ünvanlanmış 28.01.2021-ci il tarixli 19 saylı məktubdan görünür ki, 18.01.2021-ci il tarixdə idarəyə daxil olmuş ərizənin müzakirəsi ilə əlaqədar olaraq, məsələnin yerində araşdırılması üçün, amma (Covid-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə əlaqədar rayonlararası gediş-gəliş bağlı olduğunu nəzərə alaraq, 26.01.2021-ci il tarixində idarəyə dəvət edilmiş, İddiaçı ilə danışıqlar aparılmış və əmək kitabçası təqdim edilmiş, lakin İddiaçı əmək kitabçasını əsaslı səbəb olmadan götürməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq akt tərtib edilmiş və əmək kitabçası poçt vasitəsi ilə yaşadığı ünvana göndərilmişdir. İddiaçı əlavə ərizəsində işə qəbul olmaq üçün müraciəti ilə bağlı hal-hazırda boş vakant iş yerinin olmadığı, əgər gələcəkdə boş vakant iş yeri olarsa, məlumat veriləcəyi İddiaçı bildirilmiş və həmin məktub İddiaçı ünvanı olan Qusar rayonu Quxur-Oba kəndinə göndərilmişdir. - X1 İdarəsi tərəfindən İddiaçı verilmiş 09.03.2021-ci il tarixli 01 saylı arayışdan görünür ki, təmir-tikinti sahəsinin fəhləsi olan İddiaçı 2018-ci ilin yanvar ayından avqust ayına kimi cəmi 1553,44 manat əmək haqqı ödənilmişdir. - Samur X6 İdarəsinin Həmkarlar Təşkilatının sədri F.Ə.Həsənov, Kadrlar üzrə mütəxəssis T.Q.Aşıralıyeva və mühəndis-hidrometr Ə.R.Cəfərli tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiqlənmiş 07.08.2018-ci il tarixli aktdan görünür ki, Təmir-tikinti istismar sahəsində fəhlə peşəsi üzrə işləmiş İddiaçı 06.08.2018-ci il tarixli 110K saylı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmiş əmr və işçinin əmək kitabçası təqdim edilmiş, amma İddiaçı qəbul etməkdən imtina etmişdir. İddiaçı əmək kitabçasını ünvanına göndəriləcəyi bildirilmiş, İddiaçı əmək kitabçasının həmin ünvana göndərilməməsini, sonra gedib götürəcəyini bildirmişdir. Əmək kitabçasının götürülməsi barədə təkid edilsə də, İddiaçı qəti şəkildə imtina edərək götürməmişdir. - X1 İdarəsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, təmir-tikinti sahəsinin fəhləsi olan İddiaçı 2018-ci ilin avqust ayına 3,47 manat tutulma olmaqla 59,53 manat əmək haqqı ödənilmişdir. - X1 İdarəsinin Tarif üzrə İİİ dərəcə üçün təyin olunmuş əmək haqqı barədə 29.03.2021-ci il tarixli 02 saylı arayışdan görünür ki, 2018-ci ilin yanvar-mart ayları üçün hər ay 134 manat, aprel-dekabr ayları üçün hər ay 149 manat, 2019-cu ilin yanvar və fevral ayları üçün hər ay 149 manat, mart-avqust ayları üçün hər ay 195 manat, sentyabrdekabr ayları üçün hər ay 271 manat, 2020-ci ilin yanvar-dekabr ayları üçün hər ay 271 manat və 2021-ci ilin yanvar və fevral ayları üçün hər ay 271 manat əmək haqqı müəyyən edilmişdir. - Samur X6 İdarəsinin Həmkarlar Təşkilatının sədri F.Ə.Həsənov, Kadrlar üzrə mütəxəssis T.Q.Aşıralıyeva və hüquqşunas S.B.Əliyev tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiqlənmiş 26.01.2021-ci il tarixli aktdan görünür ki, Təmir-tikinti istismar sahəsində fəhlə peşəsi üzrə işləmiş İddiaçı 12.01.2021-ci il tarixli ərizəsi idarəyə 18.01.2021-ci il tarixdə daxil olmuş və ərizəsi əsasında 19.01.2021-ci il tarixdə məsələnin həlli barəsində idarəyə dəvət olunmuş, lakin Covid-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə rayonlararası gediş-gəliş bağlı olduğu üçün İddiaçı gələ bilməyəcəni bildirərək, yalnız 26.01.2021-ci il tarixdə gələcəyini bildirmişdir. İddiaçı 12.01.2021-ci il tarixli ərizəsinə cavab olaraq 26.01.2021-ci il tarixdə ərizənin müzakirəsi ilə əlaqədar, İddiaçı ilə danışıqlar aparılmış və hal-hazırda idarədə boş vakant iş yerinin olmadığı, gələcəkdə olarsa, xəbərdar ediləcəyi bildirilmişdir. 06.08.2018-ci il tarixli 110K saylı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmiş əmr və işçinin əmək kitabçası təqdim edilmiş, lakin İddiaçı qəbul etməkdən imtina etmişdir. 07.08.2018-ci il tarixdə İddiaçı əmək kitabçası təqdim edilmiş, İddiaçı götürməkdən imtina etmiş, hətta ünvanına göndəriləcəyi bildirildikdə, İddiaçı əmək kitabçasının həmin ünvana göndərilməməsini, sonra gedib götürəcəyini bildirmişdir. Dəfələrlə bu barədə şifahi xəbərdarlıq edilmişdir. Həmin vaxtdan 2 il yarım vaxt keçməsinə baxmayaraq, idarəyə 12.01.2021-ci il tarixli ərizə ilə müraciət edərək əmək kitabçasının idarədə qaldığını bildirmiş və təkrarən 26.01.2021-ci il tarixdə yenə də əmək kitabçası təqdim edilmiş, heç bir əsaslı səbəb açıqlamadan götürməkdən imtina etmişdir. - İddiaçı Samur X6 İdarəsinə ünvanladığı 06.08.2018-ci il tarixli ərizənin surətindən görünür ki, o, 06.08.2018-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydə alınmasına dair 06.08.2018-ci il tarixli məlumatdan görünür ki, X1 İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 06.08.2018-ci il tarixli xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 İdarəsi ilə İddiaçı arasında bağlanmış 04.04.2002-ci il tarixli, bildiriş nömrəsi xxxxxxx000102 olan əmək müqaviləsinə 06.08.2018-ci il tarixdə 110 saylı əmrə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Samur X6 İdarəsinə əsas iş yeri olmaqla ixtisaslı suvarma üzrə fəhlə vəzifəsinə aylıq əmək haqqı 114 manat olmaqla işə qəbul edilmiş və bu barədə bildiriş 05.08.2014-cü il tarixdə rəsmi qeydə alınmışdır. - 28.11.2014-cü il tarixli Qusar RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qusar rayonu Quxur-Oba kəndində qeydiyyatdadır. - Qusar Rayon İcra Hakimiyyəti başçısının Quxuroba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli 149 saylı arayışdan görünür ki, İddiaçı Qusar rayonunun Quxuroba kənd sakinidir və hazırda həmin kənddə yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitutsiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin tələblərinə əsasən 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 saylı Qərarına əsasən, əmək müqaviləsi xitam edildikdə işçiyə əmək kitabçası aşağıdakı hallarda verilir: 6.1. İşdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. 6.2. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. 6.3. İşçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 04.04.2002-ci il tarixli 28K saylı əmrə əsasən Samur X6 İdarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, 31.05.2016-cı il tarixli 30İ saylı əmrə əsasən tutduğu peşəsində qalaraq Təmirtikinti istismar sahəsinə keçirilmiş, 06.08.2018-ci il tarixdə yazdığı ərizə əsasında işdən azad edilməsini xahiş etmiş, həmin tarixli 110K saylı əmrə əsasən isə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş və 04.04.2018-04.04.2019cu iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə 07 təqvim günü üçün pul əvəzinin ödənilməsi qərara alınmış və ödənilmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olunmuşdur ki, işçi İddiaçı 06.08.2018-ci il tarixdə yazdığı ərizə əsasında işdən azad olunmasını xahiş etsə də, əmək kitabçasının surətinin, əmək müqaviləsinin və digər zəruri sənədlərin təhvil verilməsi barədə ərizə ilə yalnız 12.01.2021-ci il tarixdə cavabdeh quruma müraciət etmiş, cavabdeh isə öz növbəsində 07.08.2018-ci il və 26.01.2021-ci il tarixlərində tərtib olunmuş aktlara əsasən əmək kitabçasının iddiaçıya təqdim edilməsini, əks halda isə yaşadığı ünvan üzrə göndərilməsini təklif etsə də, iddiaçı tərəfindən imtina olunmuşdur. Göründüyü kimi, İddiaçı son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) alsa da, əmək kitabçasını götürməmişdir. İş materialları ilə və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasını götürməsi üçün idarəyə çağırılsa da, o, əmək kitabçasının götürülməsindən imtina etmişdir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə isə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, iddiaçı iddia tələbini əmək müqaviləsinə xitam verildiyi gündən işsiz qalması ilə əsaslandırsa da, işləməməsini məhz əmək kitabçasının olmaması ilə əlaqələndirə bilməmiş, hər hansı quruma işə götürülməsi barədə müraciət etdiyini məhkəmə araşdırması zamanı sübuta yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsindən onun xeyrinə 9000 manat pul vəsaitinin tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar