Məhkəmə qərarları › İş №2(012)-2275/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2275/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2275/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat əsas borc, 2000 manat vurulmuş maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun olmaqla, cəmi 6030 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qonşusu Zeynəb adlı qadın vasitəsi ilə tanış olmuşdur. Kiçik sahibkarlıqla məşğul olan iddiaçı bir müddət sonra ticarətlə məşğul olmağı dayandırmışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün 4000 manat dəyərində qızıllarını satmaq qərarına gəlmiş və 09 sentyabr 2018-ci il tarixdə Zeynəb adlı qadının yanında onun tövsiyyəsi ilə cavabdehə 4000 manat dəyərində qızılları hər ay pulunu vermək şərtilə təqdim etmişdir. Qeyd edilən tarixdən bu günədək dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ona həmin qızılların pulunu qaytarmamışdır.Cavabdehin təqsirli əməllərinə görə iddiaçı həm də 2000 manat məbləğində maddi ziyan çəkmişdir. Bu səbəbdən də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 09.09.2018-ci il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh Zeynəb xanım vasitəsi ilə İddiaçı 49,97 qram qızıl almış və 4000 manat məbləğində pul vəsaitini ona 4 ay ərzində verməyi ödəməyi öhdəsinə götürmüş, əks təqdirdə məhkəmədə iddia qaldırılmasına razı olduğunu bildirmişdir. Cavabdeh həmin qəbzi imzalamışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, 09.09.2018-ci il tarixdə cavabdeh iddiaçıdan 4000 manat dəyərində qızıl-zynəş əşyalarını götürürək 4 ay ərzində pulunu ona geri qaytaracağı vədini vermiş,lakin hələ də cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. İş materialları arasında cavabdehin borcunu ödədiyini təsdiq edən hər hansı bir sənəd mövcud deyil. İddiaçı hazırda həmin 4000 manat məbləğində pulun ona cavabdeh tərəfindən geri qaytarılmasını, habelə çəkdiyi 2000 manat maddi ziyanın da ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 4000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin “maddi ziyan” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən dəymiş ziyanın yaranma əsasları barədə məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu üçün ödənilmiş 30 manatın 20 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4000 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul alınaraq İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar