Məhkəmə qərarları › İş №2(012)-2353/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2353/2022

01.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2353/2022 01.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.02.2015-ci il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin əqdlər əsasında yaranmış hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddia tələbi bir neçə cavabdehə qarşı verilsə də, Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Digər tərəfdən, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatdan görünür ki, Cavabdeh1 İmişli rayonunun Qaralar kəndi, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, mülki iş üzrə cavabdehlər Abşeron rayonu ərazisində qeydiyyatda olmadıqlarından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Həmçinin iş materiallarından göründüyü kimi, hazırki tələb cavabdehlər arasında Abşeron rayonu ərazisində yerləşən torpaq sahələrinin satılmasına dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədədir. Başqa sözlə, hazırki mübahisə predmeti daşınmaz əmlaklar deyil, onların özgəninkiləşdirilməsi barədə əqd və mülkiyyət hüququnu təsdiq edən sənəddir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz, yəni hazırki mübahisəyə cavabdehlərin qeydiyyatda olduqları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində və ya İmişli Rayon Məhkəməsində baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar