Məhkəmə qərarları › İş №e-2(012)-1474/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1474/2022

06.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1474/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Proqress-2016 MTK-nın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Proqress-2016 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Proqress-2016 MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK-nın sədri Cavabdeh1 arasında mənzil tikintisi haqqında 31.10.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərdən mənzilin dəyəri üçün ödənilmiş 39440 manat, sayğacın dəyərinə görə 1560 manat, qapı üçün alınan 250 manat olmaqla cəmi 41250 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə, Cavabdeh1 əməllərində cinayət qanunvericiliyində nəzərdə tutulmuş (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq) cinayətin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarılmasını, xüsusi qərardadın baxılıb müvafiq prosessual qərar qəbul olunması üçün prokurorluq orqanına göndərilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, pul tələbinə dair hissədə 7000 manat ödəniş edilməsi səbəbindən azaldılaraq, mənzilin dəyəri üçün ödənilmiş 32440 manat, sayğacın dəyərinə görə 1560 manat, qapı üçün alınan 250 manat olmaqla cəmi 34250 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhərindən 2021-ci ilin oktyabr ayında ev almaq qərarına gəlmiş, bunun üçün internet portalından elanları axtarmış, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binada 5-ci mərtəbədə 102.2 kv.m sahəsi olan 3 otaqlı mənzilin satılması barədə makler Hüseyn Musayev tərəfindən verilmiş elanı görmüş, mənzillə maraqlanmış, mənzili göstərməyə Şəhriyar adlı makler də gəlmişdir. Evə baxış keçirdikdə mənzil suvaqlı vəziyyətdə olmuş və elektrik xətləri çəkilmişdir. Cavabdeh MTK-nın sədri Cavabdeh1 102.2 kv.m ölçüsü olan mənzilin kv.m üçün 385.91 manat olmaqla, dəyərinin cəmi 39440 manat olduğunu bildirmiş, iddiaçı da razılaşmışdır. İddiaçı Cavabdeh1 ilə mənzilin tikintisi haqqında 31.10.2021-ci il tarixli müqavilə bağlamış, ünvan 2 ünvanında yerləşən 2-ci blok, 5-ci mərtəbə 102.2 kv.m olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin dəyəri kimi 39440 manat və mənzilin sayğaclarının dəyəri kimi 1560 manat ödəmişdir. 2021-ci ilin noyabrın sonunda mənzilə baş çəkəndə mənzilin qapısı dəyişdirildiyindən mənzilə yeni seyf qapının qoyulması üçün iddiaçı Cavabdeh1 250 manat əlavə pul ödəmişdir. Bir müddət sonra iddiaçıya mənzilin ondan əvvəl başqa şəxslərə satıldığı məlum olmuşdur. Aqşin adlı şəxs mənzillə bağlı X13 ilə bağlanmış 24.04.2019-cu il tarixli müqaviləni iddiaçıya təqdim etmiş, həmin müqavilədən görünür ki, MTK-nın sədri 19 nömrəli mənzili Xəyalə Həmidovaya satmış, alıcı tərəfindən 66430 manat pul ödənilmişdir. Bundan başqa, Abşeron rayon Məhkəməsinin 20.11.2020ci il tarixli 2(012)-1603/2020 saylı qətnaməsi ilə sözügedən mənzillə bağlı məhkəmə qərarı mövcuddur. Həmin qətnamədən də göründüyü kimi, binanın 19 saylı mənzili dəfələrlə müxtəlif şəxslərə satılmışdır. Qətnaməyə əsasən, X9 hüquqları 19 nömrəli mənzilə tanınmışdır. Mənzilin başqa şəxsə məxsus olduğunu bilə-bilə Cavabdeh1 MTK-nın sədri vəzifəsindən sui-istifadə edib, şəxslərin inamından yararlanaraq hüququ olmayan mənzili satmışdır. İddiaçı bu barədə məlumat alan kimi Cavabdeh1la, maklerlərlə əlaqə saxlamış, Cavabdeh1 həmin mənzilin iddiaçıdan əvvəl satıldığını etiraf etmiş və başqa mənzilləri təqdim etmək təklifi irəli sürmüşdür. Lakin iddiaçının artıq inamı itmiş olduğundan başqa mənzillərdən imtina etmiş, MTK-nın sədri ödənilmiş pulun geri qaytarılmasını vədini versə də, vədinə əməl etməmiş, bu günə kimi pulu ödəməmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanan müqavilə isə əhəmiyyətsiz əqddir. Eyni mənzili cavabdehin bir neçə şəxsə satması qanunaziddir. Cavabdeh faktiki olaraq ona məxsus olmayan mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 7000 manat ödəniş edilmiş, bu səbəbdən də iddia tələbinin həcminin azaldılması zəruriyyəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Proqress-2016 MTK-nın nümayəndəsi X8 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh Proqress- 2016 MTK arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmış və 31.10.2021-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binada 5-ci mərtəbədə 102.2 kv.m sahəsi olan 3 otaqlı 19 saylı mənzil satılmışdır. Lakin həmin mənzilin əvvəlcədən başqa şəxslərə satılması müəyyən edilmiş və MTK sədri tərəfindən mənzilin dəyərindən 7000 manat pul vəsaiti iddiaçıya geri qaytarılmışdır. Qalıq pul məbləğinin iddiaçıya tam şəkildə qaytarılması təmin ediləcəkdir. Bu səbəbdən də, iddiaçının iddia tələblərini müqavilənin etibarsız hesab edilməsi və pulun qaytarılması hissəsində qəbul edir, lakin MTK sədri barəsində xüsusi qərardadın çıxarılması hissəsində iddia tələbləri ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Proqress-2016 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 31.10.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış evinin 2-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.2 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət 19 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 385.91 manat təşkil edir. Sahəsi 102.2 kv.m mənzil üçün cəmi 39440 manat ödənilməlidir. -Proqress-2016 MTK tərəfindən verilmiş 31.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda inşa olunan 5 bloklu 16 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Proqress-2016 MTK-ya məxsusdur. Bu binanın İİ blok 5-ci mərtəbəsində ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmiş, MTK-ya heç bir borcu yoxdur. -Proqress-2016 MTK tərəfindən verilmiş 31.10.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, ünvan 4 ünvanda İİ blok 5-ci mərtəbəsində ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri olaraq 39440 manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. -Proqress-2016 MTK tərəfindən verilmiş 31.10.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, ünvan 4 ünvanda İİ blok 5-ci mərtəbəsində ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzilin sayğaclarının ödənişi olaraq 1560 manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. -Ödəniş qəbzlərindən görünür ki, İddiaçı 2000 manat və 5000 manat olmaqla cəmi 7000 manat pul vəsaiti köçürülmüşdür. -Abşeron Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli 2(012)-1603/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, müstəqil tələb irəli sürən X9 iddiası təmin edilmiş, ünvan 5 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqdan ibarət 19 nömrəli mənzilin pay kimi satılmasına dair X10 ilə Cavabdeh2 MTK arasında bağlanmış 26 noyabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 5 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair iddiaçı X10 ilə Cavabdeh2 MTK ("xxxx" MMC) arasında bağlanmış 07 mart 2007-ci il tarixli müqavilənin hüquqi qüvvəsi bərpa edilmiş, ünvan 5 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin pay kimi satılmasına dair "xxxx" MMC ilə X17 arasında bağlanmış 17.11.2009-cu il tarixli müqavilə, Cavabdeh2 MTK ilə X17 arasında bağlanmış 07.05.2016-cı il tarixli müqavilə, Cavabdeh2 MTK ilə X15 arasında bağlanmış 08.01.2019cu il tarixli müqavilə və Cavabdeh2 MTK ilə X14 arasında bağlanmış 10.12.2018-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 5 ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 97,7 kv.metr olan 3 otaqdan ibarət 30 nömrəli mənzilin X1 və istifadəsinə verilməsi, hər hansı maneçiliyin yaradılmasının Cavabdeh2 MTK-ya qadağan edilməsi, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 5-ci mərtəbədə, ümumi sahəsi 96 kv.metr olan, 2-ci blok, 19 saylı mənzilə dair X3 və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh2 MTK-ya həvalə edilməsi, Cavabdeh2 MTK-dan 40 manat məbləğində rüsuma görə pulun tutulması, onun 10 manatının X7, 30 manatının isə X12 verilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Proqress-2016 MTK – adlı quruma, VÖEN ********* dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, hazırki qanuni təmsilçi Cavabdeh1 olmasına dair 27.11.2018-ci il tarixli, **********575000 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X16 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zmaanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı 31.10.2021-ci il tarixdə Proqress-2016 MTK ilə bağladığı mənzil tikintisi haqqında müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilmiş yaşayış binasının İİ blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzili bir kv.m-i üçün 385.91 manat olmaqla cəmi 39440 manat ödəniş etməklə, həmin mənzilə sahiblik və istifadə hüququnu əldə etmişdir. Göründüyü kimi, müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəməklə bu barədə alıcıya həmin tarixli maliyyə arayışı və kassa mədaxil orderi təqdim edilmiş, İddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, lakin MTK mənzili təhvil verməyi öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliklərinin icrasından yayınaraq öhdəliyini icra etməmişdir. Həmçinin, həmin mənzilin zaman-zaman ayrı-ayrı şəxslərə satılması müəyyən edildiyindən, İddiaçı mənzilə dair bağladığı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra mətndə Mənzil Məcəlləsi adlanacaq): 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, İnsan hüquqlarının və X11 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak hüquqları və beləliklə, mülkiyyət kimi qiymətləndirilə bilər. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin mülkiyyətidirmi? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mülkiyyət anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. Mülkiyyət anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və qanuni gözləntisi olan əmlakı da əhatə edə bilər. Gözlənti mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışının və kassa mədaxil oderinin olması onun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binada 5-ci mərtəbədə 102.2 kv.m sahəsi olan 3 otaqlı 19 saylı mənzilə dair “gözlənilən mülkiyyət hüququ”nun yaranmasına əsas olmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki iş materiallarına əlavə olunmuş, Abşeron rayon Məhkəməsi tərəfindən 20.11.2020-ci il tarixdə qəbul edilmiş 2(012)-1603/2020 saylı qətnaməyə əsasən, hazırda, İddiaçı oğu tərəfindən mübahisələndirilən ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzilin (həmin qətnaməyə əsasən ümumi sahəsi 96 kv.m olan) 19.06.2008-ci il tarixdə X4, həmin mənzilin dəyərinin 27552 manat olmaqla alıcı tərəfindən ödənilməsi, eyni zamanda, 26.11.2016-cı il tarixdə isə X2 araşdırılaraq öz təsdiqini tapmış və yekun olaraq, X10 ilə bağlanmış 26.11.2016-cı il tarixli müqavilə etibarsız hesab edilməklə, həmin mənzil üzərində X3 və istifadə hüququ tanınmış, X12 təhvil verilməsi vəzifəsinin Proqress-2016 MTK-ya həvalə edilməsi qət edilmişdir.. Göründüyü kimi, mübahisəli mənzilə dair məhkəmə çəkişmələri olmuş və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edildiyindən, məhkəmə həmin akta uyğun olaraq tədqiq edilmiş sübutlar əsasında ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binada 5-ci mərtəbədə 102.2 kv.m sahəsi olan 3 otaqlı 19 saylı mənzilin X12 məxsus olmasını qəbul edərək, mübahisələndirilməsinə ehtiyac görmür. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binada 5-ci mərtəbədə 102.2 kv.m sahəsi olan 3 otaqlı 19 saylı mənzil müxtəlif şəxslərə satılmaqla sonuncu olaraq, 31.10.2021-ci il tarixdə İddiaçı satılmış, bununla da cavabdeh müqavilə üzrə, eyni zamanda, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02.04.2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə də, Məhkəmə qanunvericiliyin, həmçinin, Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək belə qənaətə gəlir ki, ünvan 3 ünvanında İİ blok 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı mənzili 31.10.2021-ci il tarixdə Proqress- 2016 MTK İddiaçı, ondan əvvəl isə başqa şəxslərə satmışdır. Müqavilə əsasında satılmış mənzilin ondan əvvəl başqa şəxslərə satılması, həmçinin, qəbul edilmiş məhkəmə aktının mövcudluğunu bilənə qədər, tərəflərin qarşılıqlı iradə ifadələri əsasında bağlanmış hazırki müqavilə etibarlı olmuş olsa da, aldatma nəticəsində həmin müqavilənin bağlanması müəyyən edildiyindən əqdin etibarsızlığı iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir ki, bu da əqdin etibarsız hesab edilməsinə əsasdır, başqa sözlə, qeyd olunan əqd iddiaçının “iradə ifadəsinin zədələnməsi” ilə tərtib olunmuş və bağlandığı andan da etibarsız hesab edilməlidir. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə İddiaçı Siab oğlunun 31.10.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsinə bu hissədə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanması müəyyən edildiyindən, Proqress-2016 MTK ilə İddiaçı Siab oğlu arasında bağlanmış 31.10.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə eyni zamanda, hesab edir ki, satıcı Proqress-2016 MTK ilə alıcı İddiaçı Siab oğlu arasında bağlanmış 31.10.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edildiyindən iddiaçının bu müqavilə üzrə satıcıya ödədiyi 39440 manat və sayğaclara görə ödənilmiş 1560 manat ona geri qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci madəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin məhkəmə araşdırması zamanı tərəflərin izahatı, həmçinin ödəniş qəbzləri əsasında cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyərindən 7000 manat ödəniş etməsi təsdiq olunduğundan 32440 (39440-7000=32440) manat pul vəsaiti və 1560 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Lakin iddiaçı mənzilə quraşdırılmış qapının dəyişdirilməsinə görə MTK sədrinə 250 manat pul ödədiyini, həmin pulun da tutulmasını tələb etdiyi halda qeyd olunan ödənişin edilməsinə dair mötəbər sübut təqdim etmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçıya ödənilməli olan pul vəsaitinin qaytarılmasına cavabdeh olan subyektlərlə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində pul vəsaitinin ona cavabdehlər Proqress-2016 MTK və MTK-nın sədri X18 tərəfindən tutulmasını qeyd etsə də, məhkəmə bildirir ki, mənzil tikintisi haqqında müqavilə satıcı Proqress-2016 MTK ilə alıcı İddiaçı arasında bağlandığından, alıcıya qaytarılmalı olan pul vəsaiti də məhz MTK-dan tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 110-3.1.-ci maddəsinə əsasən, kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Bu səbəbdən də iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələb etmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İnsan hüquqlarının və X11 haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, satıcı Proqress-2016 MTK ilə alıcı İddiaçı arasında bağlanmış 31.10.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilməli, cavabdeh Proqress-2016 MTK-dan ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binanın İİ blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzilin dəyərinə görə 32440 manat, sayğaclara görə 1560 manat olmaqla cəmi 34000 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Satıcı Proqress-2016 MTK ilə alıcı İddiaçı arasında bağlanmış 31.10.2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin. Cavabdeh Proqress-2016 MTK-dan ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binanın İİ blok, 5-ci mərtəbəsində, ümumi sahəsi 102.2 kv.m olan 3 otaqlı 19 saylı mənzilin dəyərinə görə 32440 (otuz iki min dörd yüz qırx) manat, sayğaclara görə 1560 (min beş yüz altmış) manat olmaqla ümumilikdə, cəmi 34000 (otuz dörd min) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar