Məhkəmə qərarları › İş №2(012)-2377/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2377/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2377/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onların birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 246 manat olmaqla, cəmi 492 manat məbləğində alimentin, 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Səadət Sarayı Bakı nikah evində 608 saylı nikahları qeydə alınmışdır. Birgə nikahlarından iki övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün heç bir maddi köməklik göstərmir. Övladlarının maddi ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkir. Cavabdeh övladlarına və ona biganə, laqeyd yanaşır, ümumiyyətlə maraqlanmır. Övladları azyaşlı olduğu üçün evdə tək qoyub işləyə bilmir. Onun heç bir yerdən gəliri, qazancı yoxdur. Övladları böyüdükcə tələbatları da artır. Cavabdeh isə bir ata olaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bu səbəbdən o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ 847703 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli, 608 nömrəli rəsmi nikah bağlanmışdır. -Sumqayıt “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İİİ 557599 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Sumqayıt “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İİİ 855724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı aliment kimi hər uşağa görə 246 manat sabit pul məbləği tələb etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi cavabdehin maddi vəziyyəti iddiaçının iddia tələbi ilə tələb etdiyi aliment məbləğinə adekvat deyildir və iddiaçının aliment tələbinin tam təmin edilməsi cavabdehin zəruri tələbat və ehtiyaclarının ödənilməsində çətinlik yarada bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq və cavabdehin rəsmi iş yerinə dair məlumatları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (200:400 m.ə.h =m.ə.h 0,5 misli) 0,5 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə iclası zamanı iddia qaldırılması hüquqları təklif edilsə də tərəflərin, uşaqla görüş, mülkiyyətlə bağlı mübahisə və tələbləri olmadı. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (200 manat x 2 uşaq= 400 x 12 =4800 manat) ödənilməli olan 68 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2549, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 68 (altmış səkkiz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar