Məhkəmə qərarları › İş №2(012)-2455/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2455/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2455/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli 2(012)-3686/2014 saylı icra vərəqəsinə əsasən cavabdehin xeyrinə 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı müəyyənləşdirilərkən iki övladının olması ilə bağlı faktın nəzərə alınaraq 2 övlada görə müəyyənləşdirilən alimentin miqdarının (1/3) bölüşdürülməsi və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)- 3083/2020 nömrəli 27.11.2020-ci il qətnaməsində olduğu kimi əmək haqqından 1/6 hissəsində müəyyən olunması, əmək haqqından 1/6 hissəsində müəyyən edilən yeni alimentin miqdarının Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3083/2020 nömrəli 27.11.2020-ci il qətnaməsinin qüvvəyə mindiyi tarixə uyğun olaraq 27.11.2020-ci il tarixdən hesablanması, icra məmurlarının əvvəlki aylar üçün miqdardan artıq edilmiş ödənişlərin qarşıdakı ayların alimentindən cüzi miqdarda çıxılmaqla (məsələn: aylıq aliment miqdarı 217 manatdırsa artıq edilmiş məbləğ tam çıxalan vaxtadək aliment miqdarı 200 manat hesablansın) qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli 2(012)-3686/2014 saylı icra vərəqəsinə əsasən ondan Dərziyeva (qeyd: qərarda Şibliyeva göstərilir) Elnarə Bəxtiyar qızının xeyrinə 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi (manat ekvivalentində 325 manat) miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı onun himayəsində başqa övladı yox idi və buna görə də onun saxlanması ilə bağlı əlavə aliment, həmçinin 3 yaşına kimi uşağın saxlanması ilə bağlı əlavə ödəniş ödəmirdi. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3083/2020 nömrəli, 27.11.2020-ci il qətnaməsinə əsasən, ondan başqa rəsmi evliliyindən dünyaya gəlmiş 01.11.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay əmək haqqının 1/6 hissəsi miqdarında aliment formasında tutulur. Məhkəmə həmçinin 01.11.2018-ci il təvəllüdlü X11 3 yaşına çatanadək ondan əlavə 50 manat miqdarında aliment tutulması ilə bağlı qərar verilmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3083/2020 nömrəli, 27.11.2020-ci il tarixli qərarında iki övladının olması ilə bağlı fakt nəzərə alınmışdır. Məhkəmə 2 övlada görə müəyyənləşdirilən aliment miqdarının (1/3) bölüşdürülməsi xahişinə əsasən “01.11.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay uşaq 18 yaşına çatanadək onun əmək haqqından 1/6 hissəsində aliment tutulsun” məzmununda qərar çıxarılmışdır. Hazırkı maaşına əsasən Cavabdeh əmək haqqının ¼ hissəsində ödədiyi aylıq alimentin miqdarı 325 manatdır. Qanunla 2 uşaq üçün müəyyən edilən əmək haqqının 1/3 hissəsi isə hazırkı maaşının 433,3 manatlıq hissəsinə barəbər olur. Bu məbləğin 2 uşaq arasında (əmək haqqının 1/6 hissəsi prinsipi ilə) bölüşdürülməsi zamanı yaranan məbləğ minimum aliment miqdarı, eləcə də Azərbaycan üçün müəyyən olunan yaşayış minimumundan kifayət qədər yüksəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.07.2018-ci il tarixli, AZ-İV № 125274 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 14.05.2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 911 nömrə ilə qeydiyyat aparılmış, atası İddiaçı, anası Cavabdehdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin 18.03.2019-cu il tarixli 17/75-8İ3481 saylı məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(011)-3686/2014 saylı qətnaməsinə əsasən 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Belə ki, aparılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, iş üzrə borclu İddiaçı hal-hazırda ARB-24 MMC-də işləyir və 1300 manat əmək haqqı alır. Borclunun hal-hazırda heç bir aliment borcu yoxdur. Odur ki, bunun aylıq əmək haqqından borc ödənilənədək hər ay 70% məbləğində borc ödənilib qurtardıqdan sonra hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutularaq iş üzrə tələbkar X1 hesabına köçürülməsi və həmin tutmalar barədə Abseron rayon İcra və Probasiya şöbəsinə rəsmi məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(006)-3083/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında 02.12.2017-ci il tarixdə 03 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 4088 № ilə bağlanılmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 01.11.2018ci il təvəllüdlü X11 anası X5 yanında saxlanılması, 01.11.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay uşaq 18 yaşına çatanədək cavabdeh İddiaçı əmək haqqından 1/6 hissəsində alimentin tutulması, 01.11.2018-ci il təvəllüdlü X11 3 yaşına çatanadək cavabdeh İddiaçı 50 manat miqdarında alimentin tutularaq, iddiaçı X6 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli 2(012)-3686/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə İddiaçı arasında 06.06.2009-cu il tarixdə Bakı nikah evində bağlanmış, 1202 № li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 14.05.2010-cu il tarixdə doğulmuş X10 anası X2 yanında saxlanılması, 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 15.08.2014-cü il tarixdən hesablanması qət edilmişdir. -ARB Media Qrup ARB 24 MMC-nin 29.04.2021-ci il tarixli 103 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 24.01.2019-cu il tarixindən ARB 24 MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərir və aylıq əmək haqqı 1300 manat təşkil edir. -02.03.2021-ci il tarixli Kapital Bank ASC-nin ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödəmişdir. -AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə işin araşdırılan hallarından müəyyən olundu ki, Abşeron rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli 2(012)-3686/2014 saylı icra vərəqəsinə əsasən ondan Dərziyeva (qeyd: qərarda Şibliyeva göstərilir) Elnarə Bəxtiyar qızının xeyrinə 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının ¼ hissəsi (manat ekvivalentində 325 manat) miqdarında aliment tutulubdur. İddiaçı ikinci dəfə ailə həyatı qurmuş, ikinci nikahından 01.11.2018-ci il təvəllüdlü X14 adlı uşağı olmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(006)- 3083/2020 saylı qətnaməsinə əsasən iddiaçının ikinci nikahı pozulmuş, birgə nikahdan doğulmuş 01.11.2018-ci il təvəllüdlü X14 ananın yanında qalması və İddiaçı əmək haqqından 1/6 hissəsində alimentin tutulması, uşağın 3 yaşına çatanadək cavabdeh İddiaçı 50 manat miqdarında alimentin tutularaq, iddiaçı X6 ödənilməsi qət edilmişdir. Aliment miqdarının çox olmasını əsas gətirərək iddiaçı, Abşeron rayon Məhkəməsinin 08.10.2014-cü il tarixli 2(012)-3686/2014 saylı icra vərəqəsinə əsasən cavabdehin xeyrinə 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə 14.05.2010-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı müəyyənləşdirilərkən iki övladının olması ilə bağlı faktın nəzərə alınaraq 2 övlada görə müəyyənləşdirilən alimentin miqdarının (1/3) bölüşdürülməsi və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3083/2020 nömrəli 27.11.2020-ci il qətnaməsində olduğu kimi əmək haqqından 1/6 hissəsində müəyyən olunması, əmək haqqından 1/6 hissəsində müəyyən edilən yeni alimentin miqdarının Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)- 3083/2020 nömrəli 27.11.2020-ci il qətnaməsinin qüvvəyə mindiyi tarixə uyğun olaraq 27.11.2020-ci il tarixdən hesablanması, icra məmurlarının əvvəlki aylar üçün miqdardan artıq edilmiş ödənişlərin qarşıdakı ayların alimentindən cüzi miqdarda çıxılmaqla (məsələn: aylıq aliment miqdarı 217 manatdırsa artıq edilmiş məbləğ tam çıxalan vaxtadək aliment miqdarı 200 manat hesablansın) qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin Qətnaməsinə əsasən aliment təyin edilərkən iddiaçının ailə vəziyyətinin dəyişməsi, birinci nikahdan uşağının olması, alimentin əmək haqqının ¼ hissədə ödənilməsi nəzərə alınmış və 01.11.2018-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27.11.2020-ci il tarixdən başlayaraq hər ay əmək haqqının 1/6 hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Həmin qərar verilərkən iddiaçının işləməsi, əmək haqqı nəzərə alınmışdır. İddiaçı isə həmin qərarla razılaşmış və şikayət vermək hüququndan istifadə etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi irəli sürərkən Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qərarından sonra onun ailə və maddi vəziyyətində hər hansı bir dəyişikliklər olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Yalnız əmək haqqı barədə arayış təqdim edilmişdir ki, həmin məbləğ Bakı şəhər Nəsimi rayon Məhkəməsi tərəfindən nəzərə alınmışdır. Ona görə də iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1. maddəsindən görünür ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində (ailə üzvlərinin aliment öhdəlikləri) müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 27-ci maddəsinin 2-ci bəndində göstərilir ki, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddiaçı dövlət rüsumu məbləğini tələb etmədiyindən və iddia təmin edilmədiyi üçün məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar