Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2485/2024 07.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, azyaşlı- xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2004-cü il tarixdə Mican kənd icra nümayəndəliyi tərəfindən 29 saylı rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan iki övladıları - xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Onunla cavabdeh arasında olan ailə münasibətləri tamamilə pozulmuşdur. Onlar ayrı yaşayır. O, illərdir ki, övladlarına tək baxır. Cavabdehin qazancı yaxşıdır və qazancını yalnız öz maraqlarına xərcləyir. Yetkinlik yaşına çatmış bir qız övladı var. Cavabdehin heç marağında deyil, övladlarının təhsili, geyimi, yeməyi, içməyi. O, çox çətinlik çəkdiyi üçün gəliri olmadığı üçün artıq məcbur olub cavabdehə qarşı aliment iddiasını qaldırır. Bu günə kimi cavabdehdən sülh yolu ilə pul almağa çalışsa da, bir faydası olmamışdır. O, məcbur olub ilk əvvəl Bakı 4 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilata gəlmədiyi üçün ona xx.xx.2024-cü il tarixli arayış və ödədiyi pulun qəbzi təqdim edildi və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, övladları onun yanında yaşasa onlara baxa bilər. Aliment ödəməyə razı deyil, ailəsi ilə barışmaq istəyir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-İ 645886 saylı və AZ-İİ 340325 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2005ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaqlar doğulmuşdur. Mülki işin materiallarından olan AZ-İ 09777813 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2004-cü il tarixdə nikaha girmişlər, bu barədə Mican kənd icra hakimiyyətində 29 saylı akt qeydi aparılmışdır. Nikahdan sonra arvada Adgözəlova soyadı verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəndən götürülən məlumatlardan görünür ki, Cavabdeh Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətində rəngsaz vəzifəsində işləyir. Aylıq əmək haqqı 505,7 manat təşkil edir. Həmçinin yaşa görə 1104,34 manat pensiya və Vətən müharibəsi iştirakçılarına verilən müavinətə görə 80 manat müavinat alır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə proses iştirakçılarının izahatını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Zəhra adlı uşağa görə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlıların mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2024cü ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X5 görə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 235 (iki yüz otuz beş) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-2485/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2485/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver