Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2618/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi-atası X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 19.07.2017-ci il tarixli, No.M-2135 nömrəli mənzilin alqısatqı müqaviləsinin ləğv olunması, bu müqaviləyə əsasən "xxxx" MMC-yə ödədiyi 24000 manat məbləğində pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 14200 manat pulun, ümumilikdə 38200 manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi-atası X3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, iddia tələbində göstərdiyi məbləğə əlavə olaraq 7000 (yeddi min) manat pulun cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı 19.07.2017-ci il tarixli, No.M-2135 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında“AAAF- Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkonun qoruyucu konstruksiyası daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61.3 kv.m olan 2 otaqlı, 51 saylı mənzili təhvil verməyi üzərinə götürmüş, o, isə "xxxx" MMC-yə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsi 550 manat olmaqla müqavilənin qiyməti 33.715 manat müəyyən edilmişdir. Bu müqavilənin qiymətinin 24.000 manatını əvvəlcədən ödəmiş, qalan 9.715 manatı isə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən edilmiş güzəştlə bağlanmışdır. Cavabdeh "xxxx" MMC müqavilədə qeyd edilən evi ona təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı öhdəliklərini yerinə yetirsə də, "xxxx" MMC öhdəliyini yerinə yetirməmişdir. Müqavilənin bağlanmasından 3 il 8 ay keçməsinə baxmayaraq, müqavilədə göstərilən bina tam olaraq tikilməmişdir. Hazırda da qeyd olunan binada heç bir tikinti işləri aparılmır. Bu müddət ərzində o, "xxxx" MMC-yə 24.000 manat məbləğində vəsait ödəmişdir. "xxxx" MMC-nin təqsiri ucbatından o, ailəsi ilə birlikdə 2 ildir kirayədə yaşayır. Bunun üçün əlavə hər ayı 600 manat olmaqla ümumilikdə 14200 manat kirayə haqqı ödəmişdir və ödəməkdə davam edir. Halbuki cavabdeh binanı 2019-cu ilin mart ayının 1də başa çatdırıb mənzili təhvil verməli idi. İddiaçı artıq aldandığını hiss edərək ödədiyi pulun geri qaytarılmasını istəsə və yazılı müraciət etsə də, cavabdeh bugün-sabah qaytaracağını deyərək vaxt uzadır və binada tikinti işləri aparmır. İddiaçı məcburdur ki, pulunu geri alsın, yeni mənzil alsın və kirayə qalmaqdan canı qurtarsın. Hətta cavabdeh müqaviləni qanunvericiliyin tələblərinə riayət etmədən tərtib edərək alıcıları aldatmış və pullarını bilərəkdən mənimsəmişdir ki, onların əməlində cinayət tərkibi yaranmışdır. Belə ki, cavabdeh müqavilələri bağlayarkən mənzilləri hansı tarixdə təhvil verəcəyi barədə məlumat və ya bənd əlavə etməyib ki, bu da bina tam inşa edildikdə evlər veriləcək deməkdir. Bu hissədə məhkəmə araşdırıb cavabdehin əməlində cinayət tərkibi olarsa, xüsusi qərardad çıxarıb prokurorluğa göndərməlidir. Bundan əlavə, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilə üzrə satılmış mənzilin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin müqavilə ilə nəzərdə tutulmuş mənzilin ona təhvil verilməsinə dair vəzifənin daşıyıcısı olmuşdur. Cavabdeh həmin müqavilə əsasında iddiaçıdan mənzilin dəyərinin alınmasına dair hüququndan istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq, müqavilədə nəzərdə tutulmuş mənzili təhvil vermək öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-atası X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, tikinti işlərinin davam etdiyini, tikintinin aparılmasından imtina edilmədiyini, tikintidə 155 nəfər fəhlə və usta işlədiyini, müqavilə ləğv olunsa da, mənzil 3-cü şəxsə satıldıqdan sonra iddiaçıya pulun qaytarılacağını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, 19.07.2017-ci il tarixli No.M-2135 nömrəli "xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün "xxxx" MMC-nin derektoru X7 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yer, balkonun qoruyucu konstruksiyası daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61.3 kv.m olan 2 otaqlı, 51 saylı mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öz öhdəsinə götürür. Mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsinin qiyməti 550.00 manat olmaqla müqavilənin qiyməti cəmi 33.715 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 24.000 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 9.715 manatlıq məbləği 1 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1 % məbləğində komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. "xxxx" MMC-nin 19.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 19.07.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, mərtəbə 6, ümumi sahəsi 61.3 kv.m olan 2 otaqlı, 51 saylı mənzil üçün ilkin ödəniş kimi 24000 manat məbləğində vəsait ödəmişdir. Borc qalığı 9.715 manat, ümumi dəyər isə 33.715.00 manat göstərilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-273/2020 saylı 08.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən yazıldığı görünən, anası X15 tərəfindən imzalanan, 22 fevral 2019cu il tarixli ərizənin surətindən görünür ki, X13 - İddiaçı adına nağd ödənişlə aldığı “AAAF- Park”, 29 saylı küçə, bina 2, 51 saylı mənzili geri qaytarmaq istəmişdir. ASAN 1 tərəfindən 08.10.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil iddiaçının razılığı və müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, 19.07.2017-ci il tarixli No.M-2135 nömrəli "xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün "xxxx" MMC-nin direktoru X7 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. "xxxx" MMC, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 2, mərtəbə 6, ümumi 61.3 kv.m ibarət olan 2 otaqlı, 51 saylı mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi öz öhdəsinə götürmüş, mənzilin alqısatqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsinin qiyməti 550.00 manat olmaqla müqavilənin qiyməti cəmi 33.715 manat müəyyən edilmiş, alıcı, müqavilə qiymətindən 24.000 manatı şəxsi vəsait hesabına ödəmiş, geri qalan 9.715 manatlıq məbləği 1 ay müddətinə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret olaraq göstərilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 1 il 8 ay müddətinə iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan 4 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. Belə ki, iş materiallarından, tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Bir halda ki, iddiaçının sifariş etdiyi mənzil 16 mərtəbəli binanın 6-cı mərtəbəsindədir və bu müddət ərzində binanın 7 mərtəbəsinin tikintisi başa çatıb, belə olan halda, cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozub. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, iddiaçının sifariş etdiyi mənzil 16 mərtəbəli binanının 6-cı mərtəbəsindədir və müqavilənin bağlandığı vaxtdan keçən müddət ərzində binanın yalnız 7-ci mərtəbəsinin tikintisi başa çatıb, belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə müqavilənin 10.2-ci bəndinə görə müqavilənin ləğv edilməsi halında ödənilmiş pulun Cəmiyyətin birbaşa və dolayı bütün məsrəfləri çıxıldıqdan sonra, həmin mənzil üçüncü şəxsə satıldıqdan sonrakı 7 iş günü ərzində alıcıya qaytarılmalı olmasını isə əsaslı saymır. Belə ki, məhkəmə bir daha qeyd edir ki, ödənilmiş pulun iddiaçıya qaytarılmasının müqavilədə tikilməsinin nə vaxt başa çatacağı göstərilməyən və şəraitə görə də tikintisinin nə vaxt başa çatması məlum olmayan mənzilin üçüncü şəxslərə satılması ilə şərtləndirilməsi əsaslı dəlil deyil. Mənzillə bağlı Cəmiyyətin bütün məsrəfləri çıxıldıqdan sonra yerdə qalan məbləğin qaytarılmasına gəldikdə, məhkəmə qeyd edir ki, hansı məsrəflərin iddiaçının ödədiyi puldan çıxılmalı olmasını cavabdeh təşkilat məhkəmədə izah və sübut edə bilməmişdir. Ümumiyyətlə, hələ mövcud olmayan mənzilin tikintisi ilə bağlı hansı xərc və məsrəfin ola biləcəyi ağlabatan dəlil sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən,kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Müqavilə şərtlərində qeyd edilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 1 il 8 ay müddətinə iddiaçıya təhvil verilməli idi. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə, tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 19.07.2017-ci il tarixli, No.M-2135 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv olunması, bu müqaviləyə əsasən "xxxx" MMC-yə ödədiyi 24.000 (iyirmi dörd min) manat məbləğində pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 21200 (iyirmi bir min iki yüz) (14200 + 7000) manat pulun, ümumilikdə 45.200 (qırx beş min iki yüz) manat pulun və 30 manat dövlət rüsumunun cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq ona qaytarılmasına dair iddiası qismən təmin edilməli, "xxxx" MMC-yə ödədiyi 24.000 (iyirmi dörd min) manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən əlavə olaraq dəymiş maddi ziyana görə 21200 manat pulun tutulmasını xahiş etsə də, həmin hissəyə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat rüsum ödəmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin 20 (iyirmi) manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19.07.2017-ci il tarixli No.M- 2135 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. 19.07.2017-ci il tarixli No.M-2135 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCyə İddiaçı tərəfindən ödənilmiş 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2618/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2618/2021
10.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver