Məhkəmə qərarları › İş №2(012)-2754/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2754/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2754/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 dekabr 2015-ci il tarixində Cavabdeh ilə ailə quraraq nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahdan 25 yanvar 2017-ci il təvəllüdlü X5 və 23 mart 2021 X4 adlı iki uşaq dünyaya gəlmişdir. Cavabdeh ilə bir müddət ailə kimi bir yerdə yaşasa da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri korlanmışdır. Cavabdeh ailəsinə - ona və övladlarına baxmaqdan qəsdən yayınmağa başlamışdır. Ailənin bütün maddi təminatı onun valideynləri tərəfindən ödənilirdi. Buna görə də, o, məcbur olub cavabdehlə yaşadığ evi aylardır tərk edərək valideyinlərinin evinə getmişdir. Uşaqlar azyaşlı olduqlarından heç bir yerdə işləyə bilmir. Bu səbəbdən hər hansı bir gəliri olmadığına görə, onları maddi cəhətdən saxlamaq imkanından məhrumdur. Yetkinlik yaşına çatmamış övladlarının tələbatını və xərclərini ödəyə bilmir. Ataları isə onların saxlanılmasında heç bir maddi köməklik göstərmir. Uşaqların normal və savadlı vətəndaş kimi böyümələri üçün kifayət qədər məsrəfə ehtiyac vardır. Buna görə də Cavabdeh 25 yanvar 2017-ci il təvəllüdlü X3 və 23 mart 2021 -ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T 058955 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 571 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 914307 və AZ-İV 549545 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 25 yanvar 2017-ci il təvəllüdlü X5 və 23 mart 2021 X4 adlı uşaqlar doğulmuşlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1418/201 saylı, 13 noyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh arasındakı nikah pozulmuş, 11 noyabr 2009-cu il tarixdə anadan olmuş X7 anası X8 yanında qalması müəyyən edilmiş, Cavabdeh 11 noyabr 2009-cu il tarixdə anadan olmuş X1 üçün X8 xeyrinə xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 87 manat məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012) 1671/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 2053/2021 saylı. xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 11 noyabr 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X9 ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 571 saylı nikah qeydə alınmışdır. Bu nikahdan 25 yanvar 2017-ci il təvəllüdlü X5 və 23 mart 2021 X4 adlı uşaqlar doğulmuşdur. Hazırda tərəflərin ailə nikah münasibətləri pozulmuşdur, nikahları formal xarakter daşıyır, bu səbəbdən iddiaçı alimentin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh əvvəlki nikahdan olan Fatimə adlı uşaq üçün də hər ay 200 manat sabit məbləğdə aliment ödəməlidir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Məmmədhəsən və Muxtarsəqəfi adlı uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü ildən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Birgə nikahdan doğulmuş 25 yanvar 2017-ci il təvəllüdlü X5 və 23 mart 2021-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar