Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2755/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 15.01.2006-cı il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment məbləğinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 15.01.2006-cı il təvəllüdlü X4 anadan olmuşdur. Bir evdə yaşamalarına baxmayaraq evdə hər birinə məxsus mətbəx vardır. Yoldaşı birinci qrup əlil kimi pensiya alır və həmin pensiya kartından əldə olunmuş məbləğləri cavabdeh bacıları ilə birlikdə xərcləyib ona və oğluna xərcləmir. Eyni zamanda, cavabdeh telefondan istifadə etməklə bu və ya digər sahələrdən əlavə qazanclar əldə edir. O, özü xadimə işləməklə əldə etdiyi qazancla özünün və oğlunun ehtiyaclarını qarşılayır. Lakin cavabdeh oğlunun gələcək şəraiti üçün heç bir yardım göstərmir, gündəlik xırda tələbatlarını belə ödəmir. Ailənin maddi durumu çox pis vəziyyətdədir, belə ki, bütün öhdəlik onun üzərində qalmışdır. Cavabdeh uzun müddət həbsxana həyatı keçirmiş və cavabdehin həbsxanada olduğu müddət ərzində də o, bütün xərcləri özü ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəməyə ərizə ilə müraciət edən Cavabdeh ərizəsində göstərmişdir ki, o, iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş, hazırda da həmin məhkəmənin icraatındadır. O, sonuncu məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə tərəfindən barışıq üçün 3 aylıq müddət verilmişdir. Eyni zamanda o, özünü idarə etmək iqtidarında deyil, bu səbəbdən də ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birinci qrup əlilliyinə görə əlillik pensiyası və baxıcı təyin edilmişdir. Baxıcıya da xidmətinə görə haqq ödənilir. Lakin o, azadlığa çıxdıqdan sonra yataq xəstəsi olmuş, iddiaçı isə onu bu vəziyyətdə saxlayaraq evi tərk etmişdir. İddiaçı rəsmi əmək fəaliyyəti ilə məşğul olmağına baxmayaraq, yetkinlik yaşına çatmayan oğlunu kuryer kimi işə düzətmişdir. Ona görə də iddiaçının iddia tələbi üzrə Bakı şəhəri Xəzər rayon Məhəkəmisinin icraatında olduğuna görə hazırki iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Məhkəmə, iddiaçını izahatını dinləyib və cavabdehin ərizəsini, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.05.2006-cı il tarixli AZ-İ № 235609 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 27.05.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.02.2008-ci il tarixdə verilmiş AZ-İİ № 075057 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 15.01.2006-cı tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 169 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdehlə rəsmi nikahından olan və onun yanında qalan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, uşağın mənafeyini nəzərə alaraq 15.01.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30.03.2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.01.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30.03.2021-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2755/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2755/2021
03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver