Məhkəmə qərarları › İş №2(012)-2855/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2855/2020

14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2855/2020 14.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2005-ci il təvəllüdlü X2, xx xxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə rəsmi nikahları olmamışdır, o, cavabdehlə faktiki nikah münasibətlərində olmuş və həmin birgə münasibətlərindən üç uşaqlarıxx xxxxxxx 2005-ci il təvəllüdlü X5, xx xxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxx 2014-cü il təvəllüdlü X6 anadan olmuşdurlar. O, uşaqlarla birlikdə 2019-cu ilin dekabr ayından bəri cavabdehdən ayrı, valideynləri ilə birgə yaşayır. Cavabdeh isə əvvəl birlikdə yaşadıqları evdə yaşayır. Cavabdeh öz valideynlik borclarını və vəzifələrini yerinə yetirmir, uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir, uşaqlarla qətiyyən maraqlanmır, uşaqların sağlamlığı qayğısına qalmır, uşaqların maddi tələbatlarının ödənilməsi, sağlamlığı qayğısına qalınması və normal inkişafı üçün xeyli vəsait tələb olunur. O, dəfələrlə cavabdehə müraciət edərək aliment ödəməsini tələb etsə də cavabdeh könüllü qaydada aliment ödəməkdən yayınmışdır. Valideynlərin öz uşaqların saxlamaq vəzifəsi digər ailə üzvlərini saxlamaq vəzifələrindən fərqli olaraq nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanının olub-olmamasından asılı deyildir. Cavabdeh öz valideynlik borclarını yerinə yetirməkdən yayınır, halbuki uşaqların sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək cavabdehin də borcudur və ilk növbədə uşaqların hüquqları nəzərə alınmalıdır, alimentin ödənilməsi uşaqların maddi tələbatlarının ödənilməsi üçün vacibdir. Cavabdehin rəsmi iş yeri yoxdur. 8 ay ərzində cavabdeh bir dəfə 50 manat, bir dəfə 20 manat vermişdir, bir dəfə də bazarlıq etmişdir. Uşaqların maddi tələbatlarının onun tərəfindən tam ödənilməsində çətinliklər yaranır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə onun arasında rəsmi nikah münasibətləri olmamasına baxmayaraq, 16 ildir ki, birlikdə yaşamışlar və üç övladları vardır. Aralarında mübahisə yarandığına görə 2019-cu ilin dekabr ayından iddiaçı ilə ayrı ünvanlarda yaşamağa başlamışlar. O, son 6 ay ərzində ailəsinə maddi yardım göstərmək istəsə də iddiaçı bunu qəbul etməmişdir. Övladları isə onunla ünsiyyətdə olmaq istəmirlər. Onun hazırda 20000 manat alacağına dair Nərimanov rayon Məhkəməsində mülki iş vardır. O, ailəsini atmaq istəmir. Hər uşağa nə qədər aliment ödəyə biləcəyini bilmir. O, ustadır, hazırda işləmir, bəzən şirkətlərlə işləyir. İddiaçı uşaqları ona versin, o, uşaqları saxlaya bilər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, AZ-İİ № 962579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxx 2005-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, AZ-İİ № 962580 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 2007-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, AZ-İV № 007505 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2014-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehin daimi işi olması barədə məhkəməyə sənəd təqdim edilmədiyindən, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2020-ci il üçün uşaqların yaşayış minumumu nəzərə alınmaqla xx xxxxxxx 2005-ci il təvəllüdlü X5, xx xxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutlması xx.xx.2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxxx 2005-ci il təvəllüdlü X5,xx xxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxx 2014-cü il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar