Məhkəmə qərarları › İş №2(012)-2991/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2991/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2991/2022 16.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 21 aprel 2007-ci il təvəllüdlü X5, 10 oktyabr 2008-ci il təvəllüdlü X6, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 21 noyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2006-cı il tarixdə ailə quraraq, nikahı Abşeron Rayon Aşağı Güzdək qəsəbəsi İcra Nümayəndəliyində 16 iyun 2006-cı il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 № ilə qeyd etdirərək rəsmiləşdirmişlər. Birgə nikahdan 21 aprel 2007-ci il tarixdə X5, 10 oktyabr 2008-ci il tarixdə X6, 15 iyun 2012-ci il tarixdə X3 və 21 noyabr 2020-ci il tarixdə X2 doğulmuşlar. Cavabdeh xeyli müddətdir ki, ailəsi ilə maraqlanmır, uşaqların maddi ehtiyaclarını ödəmir. Hazırda 4 azyaşlı övladı onun himayəsindədirlər və onların bütün maddi ehtiyaclarını tək başına qarşılamaq məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" MMC-də istehsalat və inkişafın qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1211,20 manat təşkil edir. Bu səbəbdən mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini və onun təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 394112 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında nikah Abşeron Rayon Aşağı Güzdək qəsəbəsi İcra Nümayəndəliyində 16 iyun 2006-cı il bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Xanquliyeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından 21 aprel 2007-ci il tarixdə X5, 10 oktyabr 2008-ci il tarixdə X6, 15 iyun 2012-ci il tarixdə X3 və 21 noyabr 2020-ci il tarixdə X2 doğulmuşlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də istehsalat və inkişafın qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1211,20 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 4 uşaqları olmuşdur. Onların nikahı ləğv olunmasa da, cavabdeh bu uşaqların saxlanılmasında iddiaçıya maddi köməklik göstərmir. Həmçinin işdən görünür ki, cavabdeh rəsmi işləyir və müntəzəm gəlirə malikdir. Buna görə də məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün cavabdehdən onun qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, birgə nikahdan doğulmuş 21 aprel 2007-ci il təvəllüdlü X5, 10 oktyabr 2008-ci il təvəllüdlü X6, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 21 noyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment İddiaçı xeyrinə Cavabdeh tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 21 aprel 2007-ci il təvəllüdlü X5, 10 oktyabr 2008-ci il təvəllüdlü X6, 15 iyun 2012-ci il təvəllüdlü X3 və 21 noyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar