Məhkəmə qərarları › İş №2(012)-3009/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3009/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3009/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh 04 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhər “Nikah evi”ndə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdurlar və onların nikahı həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 sayla qeydə alınmaqla rəsmiləşdirilmişdir. Onların birgə nikahdan iki övladı - xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Nikaha daxil olduğu vaxtdan etibarən cavabdeh ilə birgə yaşamış, birgə təsərrüfatı idarə etmişlər. Cavabdeh ilə birgə nikahda olduqları dövrdə münasibətləri normal olsa da sonradan cavabdehin təqsiri üzündən münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh heç bir səbəb olmadan yaşadıqları evi tərk etmişdir. O da 2024-cü ilin iyul ayından hər iki uşağını da götürüb Xırdalan şəhərində yaşayan valideynlərinin evinə yaxın yerdə olan və atasına məxsus nömrəsiz həyət evində yaşayır. Artıq 11 aydır ki, onunla cavabdeh ayrı evlərdə yaşayırlar. Ona və uşaqlarına onun valideynləri baxır. Aliment almadığından uşaqlarının maddi tələbatlarının təmin edilməsində bir sıra çətinliklər yaranmışdır. Uşaqların qida, geyim, bağça və s. kimi zəruri xərcləri nəzərə alınsa, bu, aşkar şəkildə görünür. Uşaqlar böyüdükcə onların gündəlik təlabatları və digər ehtiyacları da artır. Bu baxımdan uşaqlar üçün uşaq ləvazimatları, yaxşı paltar, habelə müvafiq kalorili qidalanma lazımdır. Həmçinin xəstələndikdə uşaqların xəstəxana xərcləri, müayinə və müalicə xərcləri də əlavə xərc kimi tələb olunur. Yuxarıda göstərdiyi kimi uşaqları azyaşlıdır. Buna görə də o, daima övladlarının qayğısına qalır. Uşaqlarının yaşam xərclərini o özü və qismən də cavabdeh ödəyir. Kiçik uşağının dilində qüsur, yəni kəkələmə olduğu üçün övladını “Loqos” İnkişaf Mərkəzinə qoyur ki, bu da əlavə xərc deməkdir. O, övladının nitqinin düzəlməsi üçün “Loqos” İnkişaf Mərkəzinə 350 manat pul ödəyir. Buna görə də hesab edir ki, övladının maddi və mənəvi tələbatlarının ödənilməsi ana olaraq onun vəzifəsi olduğu kimi atasının da həm borcu, həm də vəzifəsidir. Eyni zamanda bildirir ki, uşaqların mənafeyini və əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınaraq övladlarının saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehin buna maddi imkanı da yol verir. Belə ki, cavabdeh "xxxx" ASC-də işləyir və özünün dediyinə görə 700 manat maaş alır. Əlavə olaraq qeyd edir ki, o da hazırda işləyir və 600 manat əmək haqqı alır. O, iddia tələbində cavabdehdən övladlarının saxlanması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etsə də cavabdehin hər bir uşaq üçün 232 manat sabit pul məbləğində aliment ödəməsi halı da onu qane edir. Qeyd edir ki, Cavabdeh uşaqları ilə münasibətləri yaxşıdır. Cavabdeh həftədə bir dəfə gəlib övladlarını görür, onları gəzdirir və oyuncaq alır. Son vaxtlar cavabdeh uşaqlara görə təxminən 100-150 manat məbləğində pul ödəmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sumqayıt nikah evi tərəfindən verilmiş AZ-İİ № 194363 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 04 aprel 2017-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 17 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 177414 saylı doğum haqqında şəhadətnamənin və AA5672990 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 21 avqust 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 595822 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 may 2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Cavabdeh şəxsi məlumatları barədə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASCdə sistem administratoru vəzifəsində işləyir və onun aylıq əmək haqqı 1400 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini, həmçinin cavabdehin "xxxx" ASC-də sistem administratoru vəzifəsində işlədiyini və aylıq əmək haqqısının 1400 manat təşkil etdiyini, bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini,iddiaçının alimentin midrarı ilə bağlı məhkəmədəki mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, 21 avqust 2018-ci il təvəllüdlü X3 və 10 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 21 avqust 2018-ci il təvəllüdlü X3 və 10 may 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar