Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3088/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmail-X6 qarşı müqavilənin ləğv edilməsi və fərdi yaşayış evinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və İsmail-X6 qarşı müqavilənin ləğv edilməsi və fərdi yaşayış evinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı ilə aralarında bağlanmış 01.05.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ona məxsus olan Abşeron rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı öz aralarında yazılı şəkildə daşınmaz əmlakın alqı-satq müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evi 50.000 (əlli min) manata cavabdehlərə satılmışdır. Fərdi yaşayış evi müvafiq qaydada qeydiyyata alınmadığı üçün tərəflər arasında bağlanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdehlər ilkin olaraq 10.000 manat pul vəsaitini beh kimi ödəməklə, qalan 40.000 (qırx min) manat pul vəsaitini isə hər ay 500 (beş yüz) manat olmaqla 80 aya, yəni 06 il 08 səkkiz ay müddətinə ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. Lakin 1 (bir) ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehlər beh kimi əvvəlcədən ödənilmiş vəsaitdən başqa pul ödəməmişlər. Hər dəfə pul istədikdə müəyyən müddət vaxt istəsələr də, vədlərinə əməl etməmişlər. Pozulmuş hüququnun başqa cür bərpa olunmayacağını görüb iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı arasında sadə yazılı formada bağlanmış 01.05.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evinin cavabdehlər və başqa şəxslər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, barəsində mübahisə olunan ev İddiaçı yaşadığı evə yaxın ərazidə yerləşir. İddiaçı son vaxtlar qeyd edilən evə əvvəllər tanımadığı şəxslərin girib-çıxdıqlarının şahidi olur. Bu səbəbdən də iddiaçı düşünür ki, gələcəkdə xeyrinə məhkəməsi qətnaməsi çıxarsa cavabdehlər qətnamənin icrasına maneələr yaratmaq məqsədi ilə evdə başqa şəxslərin yaşamasına icazə vermişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkili Vəkil izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “satıcılar” İddiaçı və X9 ilə “alıcılar” Cavabdeh1 və Cavabdeh2 qızı arasında bağlanmış 01 may 2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqısatqı müqaviləsindən görünür ki, “satıcılar” İddiaçı və X2 rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evini 50.000 (əlli min) manata “alıcılar” Cavabdeh1 və İsmail-X1, “alıcılar” isə fərdi yaşayış evinin dəyərinin 10.000 manatını ilkin olaraq ödəməyi, qalan 40.000 manatını isə hər ay 500 (beş yüz) manat olmaqla 80 aya, yəni 06 il 08 ay müddətinə ödəməyi öhdəsinə götürmüşlər. İş materiallarında olan 31.03.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, “satıcılar” İddiaçı və X9 ilə “alıcılar” Cavabdeh1 və Cavabdeh2 qızı arasında 01 may 2020-ci il tarixdə daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən “satıcılar” İddiaçı və X2 rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evini 50.000 (əlli min) manata “alıcılar” Cavabdeh1 və İsmail-X1, “alıcılar” isə fərdi yaşayış evinin dəyərinin 10.000 manatını ilkin olaraq ödəməyi, qalan 40.000 manatını isə hər ay 500 (beş yüz) manat olmaqla 80 aya, yəni 06 il 08 ay müddətinə ödəməyi öhdəsinə götürmüşlər. İşin materiallarından və iddiaçı tərəfin nümayəndəsi-vəkilinin izahatından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı müqavilə ilə üzərlərinə evin müəyyən edilmiş qalan ödənilməmiş dəyəri olan 40.000 manatı 80 ay müddətinə hər ay 500 manat olmaqla ödəməklə evin tam dəyərini ödəməyi öhdəsinə götürsələr də, cavabdehlər müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri ödəməmişlər. Hazırda da iddiaçı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğuna görə daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini, fərdi yaşayış evi cavabdehlər və başqa şəxslər tərəfindən boşaldılaraq ona təhvil verilməsini tələb edir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında daşnmaz əmlakla bağlı müqavilə qanunvericiliklə daşınmaz əmlakların alqı-satqısı üçün nəzərdə tutulan qaydada başlanmadığından, yəni daşınmaz əmlaklarla bağlı əqdlər notariat qaydasında bağlanmalı olmasına əməl edilmədiyindən və göründüyü kimi əmlak özbaşına tikili olduğundan bu qaydaya əməl edilməsi də istisna olunduğundan iddia tələbi müqavilənin ləğvi hissəsində əsassızdır və təmin edilməməlidir.Lakin tərəflər arasında bağlanan həmin müqavilə sübut vasitəsi kimi istifadə oluna bilər. Məhkəmə iddia tələbinin tikilinin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, nə qədər ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdehlər tərəfindən icra edilmədiyindən iddia tələbi MM-nin 600.4 maddəsinə əsasən əsaslı olmaqla təmin edilməli, iddiaçıya məxsus tikili cavabdehlər və digər şəxslər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilsə də, qeyd edilən iddia tələbi üzrə dövlət rüsumu 10 manat təşkil etdiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehlər Cavabdeh1 və İsmail-X4 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Masazır kəndi S.Ə.Şirvani küçəsində “Azər Siti” marketin arxasında yerləşən 0.02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi cavabdehlər Cavabdeh1 və İsmail-X4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3088/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3088/2021
16.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver