Məhkəmə qərarları › İş №e-2(012)-1963/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1963/2023

21.06.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1963/2023 21.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, 02 mart 2022-ci il tarixli, M/8215 nömrəli mənzilin alqı-satqı haqqında müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 12 saylı küçəsində, 10 saylı yaşayış binasında, ümumi sahəsi 76.1 kv.m olan 2 otaqdan ibarət 20 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 100,40 (yüz manat, qırx qəpik) manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçədə, 10 saylı yaşayış binasında, ümumi sahəsi 76.1 kv.metr olan 2 otaqdan ibarət, ümumi dəyəri 38.000 (otuz səkkiz min) manat olan 20 saylı mənzili hər bərabər məbləğdə ödənilmək şərti ilə hissə-hissə müvafiq müddətə cavabdehə satılmışdır. Belə ki, 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini ödəməmişdir. Cavabdehə müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Hazırda Cavabdeh 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcu 25.000 (iyirmi beş min) manat təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “alıcı”ya geri qaytarılır. 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqısı haqqında müqaviləyə əlavənin 1.4-cü bəndinə əsasən “alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.3, 424.5, 442.1, 447.1, 448.1, 448.2, 464.1, 462.1-ci maddələrinin tələblərinə, xüsusilə müqavilə müddəalarına görə 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki 12 saylı küçəsində, 10 saylı yaşayış binasında, ümumi sahəsi 76.1 kv.metr olan 2 otaqdan ibarət, 20 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq cəmiyyətə təhvil verilməsinə, sözügedən müqavilə üzrə hesablanmış cərimə borcunun iddiaçının xeyrinə tutulmasına əsas verir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, 02 mart 2022-ci il tarixli, M/8215 nömrəli mənzilin alqı-satqı haqqında müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki 12 saylı küçəsində, 10 saylı yaşayış binasında, ümumi sahəsi 76.1 kv.m olan 2 otaqdan ibarət 20 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği olan 100,40 (yüz manat, qırx qəpik) manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivinin 12 saylı küçəsində inşa edilən (inşa edilmiş) 10 saylı, 4 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 76.1 kv.m olan 2 otaqdan ibarət 20 saylı mənzili Cavabdeh satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş əmlakın dəyərini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq müddətə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1 və 3.2-ci bəndlərinə görə alıcı müqavilə qiyməti olan 63.000 manat məbləğin 36.000 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 27.000 manatlıq məbləği 12 ay müddətinə ödəniş etməyi və ümumi məbləğin 1%-i məbləğində (0 manat) həcmində komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış öhdəliklərin icra edilməsi barədə 23 sentyabr 2022-ci il tarixli, HŞ/518 nömrəli bildirişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 25.000 manat məbləğində borcun 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə bağlanmış müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və mənzilin müvafiq qaydada satışa çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, HŞ/055/1 nömrəli maliyyə arayışından görünür ki, “Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Alıcı” Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə cəmi 38.000 (otuz səkkiz min) manat ödəniş edilmişdir. 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə əsas borc 25.000 (iyirmi beş min) manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqı müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləğ olan 63.000 manatın 36.000 manatını şəxsi vəsait hesabına ödəmiş, geri qalan 27.000 manat hissəsini 12 ay müddətinə iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə satmağı öhdəsinə götürmüşdür. İşin materiallarından müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 63.000 manatın geri qalan 27.000 manatını 12 ay müddətinə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, cəmi 2.000 manat məbləğində ödəniş etdikdən sonra iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq qalan məbləği ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə 25.000 manat borcu yaranmışdır. Hazırda da iddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsini, mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilə ləğv edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş, 10 saylı, 4 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 76.1 kv.m olan 2 otaqdan ibarət 20 saylı mənzil boşaldılaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100,40 manat məbləğindəki dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 mart 2022-ci il tarixli, M-8215 nömrəli mənzilin alqı-satqısı haqqında bağlanmış müqavilə ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş, 10 saylı, 4 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 76.1 kv.m olan 2 otaqdan ibarət 20 saylı mənzil boşaldılaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100,40 (yüz manat, qırx qəpik) manat pul vəsaitinin əvəzi Cavabdeh tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar