Məhkəmə qərarları › İş №2(012)-3154/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3154/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3154/2021 26.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25.01.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində qeydə alınmış İddiaçı ilə arasında bağlanmış nikahın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(012)-3154/2021 saylı qərardadına əsasən Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 16.11.2018-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 25.01.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçının alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsində səbəb cavabdehlə olan ailə münaqişələrinin kəskin şəkildə artması üzündən iddiaçının valideynlərinin mənzilinə yerləşməsidir. Belə ki, iddiaçı artıq 5 aydan artıqdır ki, övladı ilə birgə valideyninin evində yaşayır və bu müddətdə cavabdeh bir dəfə də olsun qızı ilə maraqlanmamış, onun geyim, qida və digər zəruri xərclərini təmin etməmişdir. Tərəflərin ailə nikah münasibətlərinin bərpa olunması, barışıb bir ailə kimi birlikdə yaşamaları bəlli deyildir. Cavabdeh uşağının saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşaq azyaşlı olduğu üçün iddiaçı işləmir, cavabdeh hazırda da uşağı ilə maraqlanmır, halbuki uşağın maddi tələbatlarının təmin edilməsi, sağlamlığının qayğısına qalınması və normal inkişafı üçün zəruri vəsaitlərin tələb olunduğu aşikardır. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AA******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli arayışdan görünür ki, Əliyev X5 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 30-cu məhəllə 13 saylı evin 51 saylı mənzilində qeydiyyatdadır. -3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16.11.2018-ci il tarixdə verilmiş AZ-İİ № 307957 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 16.11.2018-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3956 nömrə ilə qeydiyyat aparılmış, nikaha daxil olduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. -2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18.02.2019-cu il tarixdə verilmiş AZ-İV № 248620 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 25.01.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 992 nömrə ilə qeydiyyat aparılmış, atası Cavabdeh, anası İddiaçıdır. -Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, İddiaçı ilə 16.11.2018-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 25.01.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. O, nə qədər səbirli və təmkinli olsa da iddiaçı ilə xarakterləri uyğun olmamış, nikahları artıq bir ildən artıqdır ki, formal xarakter daşıyır. Ailə münsibətlərinin bərpa olunması mümkün deyildir. O, qeydiyyatda olduğu ünvanda yaşamır. Uzun müddətdir ki, xarici ölkədə yaşamış, orada iş tapıb işləməyə başlamış, hazırda da fikrində dayanmış, ölkəyə isə yalnız nikah münasibətlərinin rəsmi yekunlaşdırmaq məqsədilə gəlmişdir. Münasibətləri kəskinləşsə də aralarında uşağın kimi yanında qalmasına dair mübahisə yoxdur. Belə ki, uşağın anasının himayəsində saxlanılmasına etiraz etmir. Bu səbəbdən də vaxt verilmədən nikahının ləğvini istəyir. -3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində Cavabdeh tərəfindən verilmiş 30.04.2021-ci il tarixli ərizədən görünür ki, 2018-ci il tarixində İddiaçı ilə bağlanmış nikahının pozulmasına və 25.01.2019-cu il təvəllüdlü qızı X3 anası ilə birlikdə qalmasına etiraz etməmişdir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçı cavabdehlə rəsmi nikahından olan və onun yanında qalan uşağın saxlanması üçün cavabdehlə aralarında razılıq olmadığından sonuncudan hər ay 200 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1. maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 34-cü mаddəsinin İV bəndinə əsаsən uşаqlаrа qаyğı göstərmək, оnlаrı tərbiyə еtmək vаlidеynlərin həm hüququ, həm də bоrcudur. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Beləliklə, iddiaçı cavabdehinin gəlirləri barədə sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 20.04.2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Ona görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 25.01.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 20.04.2021-ci il tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar