Məhkəmə qərarları › İş №2(012)-3161/2020

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-3161/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3161/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında yerinin dəqiqləşdirilməsi və ayrılması» tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən alğı-satqı müqaviləsi ilə alınmış 0,01 ha torpaq sahəsinin verilməsi və torpaq sahəsinin yerinin müəyyən edilərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı Cavabdeh MMC-nin mülkiyyətində olan 1,37 ha torpaq sahəsinə baxıb, 0,01 ha hektarını almaq üçün onlara 3500 manat pul vermişdir. Cavabdeh MMC-nin nümayəndəsi X6 iştirakı ilə Abşeron rayonu 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlamışlar. Alğı-satqı müqaviləsi bağlayandan sonra notariusdan iddiaçıya elektron poçtla sənədləri DƏDRX-nin 4 saylı X7 çıxarış verilməsi üçün göndərəcəklərini bildirmişlər. Sonra iddiaçı notariusa arxayın olub, kirayə qaldığı evdə gözləməyə başlamışdır. Daha sonra iddiaçı və iddiaçının həyat yoldaşı müxtəlif xəstəliklərə tutulmuş və uzun müddət müalicə olunmuşlar. Alğı-satqı müqaviləsindən 6-7 ay keçəndən sonra iddiaçı 4 saylı X7 getmiş və işlə maraqlanmışdır. İddiaçıya notariusdan sənədin gəlmədiyini bildirmişlər. İddiaçı ərizə ilə DƏDRX-nin X7 müraciət etmişdir və iddiaçıya bu yerə başqa çıxarış alındığı deyilmişdir. Cavabdehin iddiaçını aldatması barədə bir çox orqanlara ərizə yazılmışdır. Abşeron rayon X5 şöbəsində istintaq aparılmış, lakin cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi dəfələrlə aldadaraq iddiaçıya başqa yer verəcəyini bildirmiş, lakin bunu etməkdən sonunda imtina etmişdir. Cavabdehin böyük torpaq sahəsi var, istəsə həmin torpaq sahəsindən 0,01 ha iddiaçının torpağını ayıra bilər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasıda şahid X8 izahatında bildirdi ki, cavabdeh şirkətin direktoru X4 atasıdır. İddiaçı satılan torpağın alğı-satqısında atasının adından etibarnamə ilə o çıxış etmişdir və satılmışdır. İddiaçıya satılan torpağın yanındakı torpaq da başqa şəxsə satılmışdır və o şəxs də sənədləşdirmişdir. O şəxs iddiaçının da yerinə girmiş və sənədləşdirmmişdir. Satmazdan əvvəl torpağın yerini də alıcılara göstərmişdir. O şəxs daha çox torpaq-6 sot torpaq satılmışdır. Onun istifadəsində 6 sot torpaq vardır. Həmin yerdə çox sürüşmələr olmuşdur. İddiaçı torpağın yarısı başqasının istifadəsindədir. Digər hissəsi isə artıq onlara aid deyil. Onlarda 3 ha torpaq sahəsi var idi. Onlar demək olar ki, hamısını satmışlar. Arada çox az torpaq sahələri qalmışdır. Onlara vaxt verilsə həll edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 1,37 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh MMC-nin mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında alğısatqı müqaviləsi bağlanmış və Cavabdeh MMC Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0,01 ha torpaq sahəsini İddiaçı təhvil verməyi, İddiaçı isə Cavabdeh MMC-yə torpaq sahəsinin qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı X10 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən Cavabdeh MMC-nin mülkiyyətində olan 1,37 ha torpaq sahəsindən notarial qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında satılmış 0,01 ha torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi ilə bağlı müayinə baxışı keçirilərək müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə sənəd üst-üstə düşür. Bu səbəbdən də sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh» MMC Abşeron rayonu Masazır kəndində yerləşən sahəsi 0,01 ha torpaq sahəsini İddiaçı təhvil verməyi, İddiaçı isə Cavabdeh MMC-yə torpaq sahəsinin qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin İddiaçı torpaq sahəsi üçün 3500 manat məbləğində pul versə də, Cavabdeh MMC müqavilə öhdəliklərini pozaraq torpaq sahəsini İddiaçı təhvil verməmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Cavabdeh MMC tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə görə satıcı alğısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən alğı-satqı müqaviləsi ilə alınmış Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar