Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3178/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 22.06.2014-cü il təvəllüdlü X5 və 28.06.2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının və tutulması üsulunun dəyişdirilərək hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 22.06.2014-cü il təvəllüdlü X5 və 28.06.2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı 08.09.2013-cü il tarixdə el adəti ilə Cavabdeh ilə ailə qurmuş, həmin münasibətlərindən 22.06.2014-cü il təvəllüdlü X10 və 28.06.2015-ci il təvəllüdlü X12 anadan olmuş, cavabdehin uşaqlarına münasibətdə atalığı isə müvafiq qeydiyyat orqanı tərəfindən təsdiq olunmuşdur. Əvvəllər cavabdehlə ailə münasibətləri yaxşı olsa da, sonradan tərəflər arasında baş vermiş münaqişələrə görə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailə daxilində əsassız yerə yaratdığı mübahisələrin iddiaçının və uşaqlarının sağlam yaşamasına mənfi təsir göstərməsi olmuşdur. İddiaçı uşaqları ilə birlikdə hal-hazırda qardaşına məxsus olan Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar və onların bütün maddi xərclərini iddiaçının valideynləri və qardaşı ödəyir. Cavabdeh könüllü olaraq uşaqların maddi cəhətdən saxlanmasında heç bir kömək göstərmədiyinə görə aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmiş, Cəlilabad rayon Mənkəməsinin 17.10.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 18.09.2018-ci il tarixdən başlayaraq 22.06.2014-cü il təvəllüdlü X5 və 23.06.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad rayon Məhkəməsinin qətnaməsi dəyişdirilərək, Cavabdeh hər ay qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, həm də hər bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsində məlum olmuşdur ki, cavabdehin rəsmi iş yeri və aylıq qazancı vardır. Həmin qətnamədən kassasiya şikayəti verilsə də Ali Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh ərizə yazaraq işdən çıxmış və hazırda isə yalnız bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat aliment ödəyir. O, maddi cəhətdən çətinlik çəkir, buna görə də həmin aliment məbləğinin artırılmasını zəruri hesab edir. Cəmi 140 manat məbləğində olan aliment məbləği ilə iki uşağın saxlanma xərclərini qarşılamaq mümkün deyildir. Bu məbləğ iddiaçının övladlarının saxlanılmasına, eyni zamanda hətta ehtiyac meyarının ödənilməsinə belə kifayət etmir. Eyni zamanda həmin məbləğ qanunvericiliklə müəyyən edilmiş məbləğdən azlıq təşkil etdiyindən, həmin məbləğin artırılaraq 2021-ci il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bir uşaq üçün 175 manata çatdırılmasını zəruri hesab edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cəlilabad RPŞ tərəfindən verilmiş 29.11.2018-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Orucov X4 rayon Günəşli kəndində qeydiyyatdadır. -AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 28.06.2015ci il təvəllüdlü X12 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 22.06.2014cü il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşıdır. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.07.2015-ci il tarixli AZ-İİİ № 565752 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 28.06.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1835 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.09.2014-cü il tarixli AZ-İİİ № 403222 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 22.06.2014-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2532 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -19.10.2020-ci il tarixli ******* saylı yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı 22.06.2014-cü il təvəllüdlü X10 və 28.06.2015-ci il təvəllüdlü X12 ilə birlikdə Abşeron rayonu Digah qəsəbə ərazi dairəsi, Digah qəsəbəsi S.Məmmədov küçəsi döngə 5, 29 saylı evdə qeydiyyatdadır. -Cəlilabad rayon Məhkəməsinin 17.10.2018-ci il tarixli 2(073)-2497/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 18 sentyabr 2018-ci ildən başlayaraq 22.06.2014-cü ildə doğulmuş X5 və 28.06.2015-ci ildə doğulmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(073)-2497/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, 18 sentyabr 2018-ci il tarixdən başlayaraq 22.06.2014-cü il tarixdə doğulmuş X11 və 28.06.2015-ci tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, həm də hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cəlilabad Rayon Məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli, 2(073)-2497/2018 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 08.07.2019-cu il tarixli 2(102)- 4715/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-766/2019 nömrəli iş üzrə 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin 20.10.2020-ci il tarixli 130 saylı arayışından görünür ki, X2 rayon Mehdiabad qəsəbəsi 3 nömrəli tam orta məktəbdə 1-ci sinifdə oxuyur. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 22.06.2014-cü il təvəllüdlü X10 və 28.06.2015-ci il təvəllüdlü X12 adlı övladları iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olmuş 22.06.2014-cü il təvəllüdlü X10 və 28.06.2015-ci il təvəllüdlü X12 adlı iki uşaqları dünyaya gəlmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsinə əsasən Cavabdeh 22.06.2014-cü il təvəllüdlü X5 və 28.06.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 70 manat, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 70 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 70 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 70 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq, 22.06.2014-cü il təvəllüdlü X5 və 28.06.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli 2(106)-766/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 22.06.2014-cü il təvəllüdlü X5 və 28.06.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3178/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3178/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver