Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3179/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsinə əsasən, azyaşlılar-xx.xx.2009cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan hər uşaq üçün hər ay 150 manat olmaqla, ümumilikdə, cəmi 450 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək əmək haqqının ½ hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 46 saylı nikahları qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsinə əsasən, cavabdehlə bağladığı nikahı pozulmuş, birgə nikahlarından olan uşaqların analarıcavabdehin yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı ikinci qrup əlil olmaqla əlilliyinə görə 260 manat pensiya alırdı, lakin hal-hazırda pensiya almır. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün cəmi 450 manat alimentin tutulması qət edilərkən iddiaçı 400 manat əmək haqqından əlavə, ikinci qrup əlil olduğuna görə 260 manat pensiya alırdı. Əmək haqqı ilə pensiyası olduğuna görə alimenti ödəməkdə iddiaçı o qədər də çətinlik çəkmirdi. Hal-hazırda iddiaçı pensiya almır, gəliri yalnız işlədiyi "xxxx" MMC-dən aldığı 400 manat əmək haqqıdır ki, bununla da iddiaçı qətnaməyə əsasən, uşaqların saxlanılması üçün tutulan 450 manat alimenti ödəyə bilməz. Hesab edir ki, halhazırda, iddiaçının gəliri 400 manat olduğu üçün 450 manat aliment ödəməyi mümkünsüzdür. Bu səbəbdən də, aliment məbləğinin dəyişdirilərək əmək haqqının yarısına yönəldilməsi üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Eyni zamanda, cavabdeh işləyir və kifayət qədər gəlir əldə edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsində “valideynlər uşaqlarını saxlamağa borcludurlar” müddəası tək ataya deyil, hər iki valideynə aiddir. Ana işləyirsə, kifayət qədər gəlir əldə edirsə, uşaqların saxlanılması üçün sabit pul məbləğinin tək atadan tutulması ədalətli deyil. Hesab edir ki, hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər halları nəzərə alınmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun Cavabdeh ilə birgə nikahlarından üç azyaşlı uşaqları vardır. O, bir ata kimi uşaqlarını çox sevir. Lakin hazırda, aldığı 370 manat pul vəsaitini onunla uşaqlarının arasında bölünməsini xahiş edir. Özü ikinci qrup əlil olduğundan müalicəsini də həmin pul vəsaiti ilə təmin edir. Əlavə gəlir yeri yoxdur. Həmin pul vəsaiti ilə özünün saxlanılmasını da təmin edir. Bu səbəbdən də, göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh isə tam sağlam olmaqla, gözəllik salonunda işləyir. Lakin rəsmi iş yeri olmadığı üçün iş yeri barədə arayışın verilməsi mümkün deyildir. Onun ödəmiş olduğu aliment məbləğini isə cavabdeh uşaqlarının adından istifadə etməklə alır, uşaqları üçün sərf etmir. Uşaqları bugünki gündə ehtiyac içindədirlər. O, Bakı şəhəri Qaradağ rayonunda yerləşən servisdə usta köməkçisi işləməklə aylıq 370 manat əmək haqqı alır. Məhkəmə qətnaməsi ilə 450 manat aliment qət edildiyi təqdirdə, xeyli miqdarda borcu vardır. Bu səbəbdən də, həmin borcların silinməsini də xahiş edir. O, uşağını ac saxlamasa da, aldığı pula əsasən alimentin müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, oğlu İddiaçı məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğini vaxtlı-vaxtında ödəyirdi. Lakin Nazirlik tərəfindən üzrlü səbəblərə görə pensiya məbləği kəsildiyindən alimenti ödəməkdə çətinlik çəkir. Oğlu 260 manat pensiya alırdı. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən iddiaçıya məxsus olan evi uşaqları ilə birlikdə tərk etmiş və həmin evdən heç bir əşya belə götürməmişdir. Onun da uşaqlarının ikisinin sağlamlığında problemlər vardır. Belə ki, bir uşağının bronxit astma, birində isə atası kimi ayaqlarında problemləri var. O, hazırda işləmir, qohumunun evində qalmaqla özünə məxsus evi yoxdur. İş axtarmağa çalışaraq yaşayış üçün evlə təmin olunmağa da cəhd edir. 250 manat iddiaçının maaşından aliment məbləği tutulsa da, həmin məbləğ hesabına belə üç uşağın saxlanılması mümkün deyildir. İddiaçı tərəf borc hissəsindən heç bir pul vəsaiti ödəməmişdir. 3600 manat aliment borcu olmaqla 5 aydır ki, iddiaçı aliment ödənişi etmir. Evdən çıxarkən ona bir manat olsun belə, yardım kimi pul verilməmişdir. Alimentin keçən ilin yay ayından bəri ödənilməsi qət edilmişdir. 2022-ci ildə aliment məbləğinin 193 manat olması müəyyən edildiyi halda, o, 150 manat aliment alır, lakin onu da tam şəkildə olmamaqla cəmi 250 manat aliment məbləği alır. Qalan məbləğ isə borca hesablanır. Bu səbəbdən də onun işləməməsini, evsiz olmasını və üç uşağının olmasını nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q- 292/69 saylı arayışdan görünür ki, X8 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1660 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q- 292/69 saylı arayışdan görünür ki, X9 xx.xx.2011-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1801 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 204131 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3702 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası Cavabdehdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası Cavabdeh yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-394/2022 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 2251/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İmprotex Trucks & Buses MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən, xx.xx.2009-cu il tarixdən "xxxx" MMC-də işləyir və halhazırda, servis xidmətləri şöbəsində mexanik vəzifəsində çalışır, aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 400 manat təşkil edir. -032266 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Abşeron rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumi xəstəlik səbəbindən İİ qrup əlillik verilmişdir. -X3 çıxarılmış məlumatdan görünür ki, İddiaçı "xxxx" MMC-də mexanik vəzifəsində çalışmaqla aylıq 400 manat əmək haqqı alır. -X3 çıxarılmış məlumatdan görünür ki, İddiaçı əlilliyə görə 259.78 manat pensiya alır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 11-ci küçə 48 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri pisləşdiyindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqların analarının yanında qalmaqla uşaqların saxlanılması üçün hər ay hər biri üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda, iddiaçı maddi çətinliyi ilə əlaqədar olaraq alimentin tam şəkildə ödənilməsinin mümkünsüzlüyünü irəli sürərək alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunun tələblərindən göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatından, iddia ərizəsinə əlavə olunmuş arayışdan, eyni zamanda, X3 çıxarılmış məlumatlardan göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün bir uşağa görə 150 manat olmaqla, cəmi üç uşağa görə cəmi 450 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş və həmin aliment məbləği cavabdehin əmək haqqı və pensiya vəsaitindən tutulmaqla təmin edilmişdir. Hazırda, iddiaçı pensiya almadığını qeyd edərək, 400 manat əmək haqqı hesabına 450 manat alimentin ödənilməsinin mümkünsüzlüyü səbəbindən aliment məbləğinin azaldılmasını xahiş etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, məhkəmə araşdırması zamanı İmprotex Trucks & Buses MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2009-cu il tarixdən həmin MMC-də servis xidmətləri şöbəsində mexanik vəzifəsində aylıq əmək haqqı ştat cədvəlinə uyğun olaraq 400 manat olmaqla çalışması, eyni zamanda, ikinci qrup əlilliyə görə 260 manat pensiya alması müəyyən edilmişdir. Belə ki, məhkəmə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə alimentin miqdarının azaldılması azyaşlı uşaqların yaşı, təhsili, maddi və digər ehtiyacları nəzərə alınmaqla uşaqların mənafeyinə uyğun deyildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2251/2021 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləği məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilmiş, həmin aliment məbləğinin azaldılması isə azyaşlı uşaqların mənafeyi ilə ziddiyyət təşkil etməklə yanaşı, qanunvericiliyin tələblərinin də kobud şəkildə pozulması ilə nəticələnmiş olacaqdır. Eyni zamanda, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli № 98 nömrəli Qərarına əsasən, 1. Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, 1.2. Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən: məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən və sosial müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla), faktiki alınan pensiyadan. İddiaçı məhkəmə iclasında pensiyasının kəsilməklə dolanacaq məbləği olaraq yalnız əmək haqqı aldığını qeyd etsə də, həmin hallara dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə, bir valideyn olaraq iddiaçının uşaqlarını saxlamaq üçün müəyyən olunmuş aliment məbləğinin azaldılması üçün heç bir əsas görmədiyindən, eyni zamanda, aliment ödənişinin uşaqların təminatı üçün nəzərdə tutulmuş vəsait olmasından irəli gələrək iddiaçının iddia tələbinin əsaslı hesab edərək təmin edilməməsi qənaətinə gəlir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsini, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsasını sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən, eyni zamanda, aliment məbləğinin azaldılmasına heç bir əsas olmadığından iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov