Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3256/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının müdiri X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinə qarşı «ödənilməmiş əmək haqqının, məzuniyyətə görə pul əvəzinin, gecikdirilmiş əmək haqqına görə hesablanmış ödəncin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçası tərəfindən ona 01 il 09 ay müddətinə ödənilməmiş əmək haqqı, məzuniyyətə görə pul əvəzinin, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 9510 manat ödəncin və mediasiya üçün ödənilmiş 60 manat mediasiya rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-2700/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən İddiaçı əmək funksiyasını yerinə yetirməyə yaradılan qanunsuz maneənin aradan qaldırılması qət edilmişdir. Lakin 01 il 09 ay müddətində ona Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq Bağçası tərəfindən 01 il 09 ay müddətinə ödənilməmiş əmək haqqı, məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Hesab edir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməlidir, bu da 945 manat təşkil edir. Hesab edir ki, məhkəmə tərəfindən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq Bağçası tərəfindən ona 01 il 09 ay müddətinə ödənilməmiş əmək haqqı, məzuniyyətə görə pul əvəzinin, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 9510 manat ödəncin və mediasiya üçün ödənilmiş 60 manat mediasiya rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əlavə olaraq bildirir ki, o, 2013-cü ildən etibarən dövlət uşaq bağçasında işə qəbul edilmiş və 2022-ci ilin fevral ayına kimi sözügedən bağçada tərbiyəçi kimi işləmişdir. Daha sonra o, 2022-ci ildən 2023-cü ilin noyabr ayına kimi işləməmiş, lakin 2023-cü ilin noyabr və dekabr aylarında əvəzedici olaraq işləmiş və 2024-cü ildə çoxlu işçini əvəz etmişdir. Ancaq o, uşaq bağçasında 2025-ci ildə işləməmiş, müdiriyyət onu işə çağırmamışdır. Belə ki, uşaq bağçasının müdiriyyəti tərəfindən ona əvəzedici tərbiyəçilərin işdən azad olunması bildirilmiş və onu işə buraxmamışdırlar. Hesab edir ki, onun maaşı hansı orqan tərəfindən maliyyələşdirilirsə, həmin orqan tərəfindən ona əmək haqqı ödənilməlidir. O, əvəzedici olduğuna görə orta hesabla əmək haqqı məbləği tələb etmişdir. Onun himayəsində iki uşaq vardır. Sözügedən uşaq bağçası tərəfindən 01 il 09 ay müddətində işə dəvət edilməli olsa da müdiriyyət onun yerinə başqa şəxslər ilə tərbiyəçiləri əvəz etmişdir. O, qalan günlərin əmək haqqını almaq üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinə müraciət etmişdir. Bildirir ki, o, hazırda işləyir, diaqnostik imtahandan 31 balla keçmişdir, həmçinin sertifikat almaq üçün də hazırlaşır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının müdiri X14 iddia ərizəsinə etirazında və məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Qeyd olunanlara əsasən iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının xx.xx.2013-cü il tarixli, 34 nömrəli əmrinə əsasən İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi ilə İddiaçı bağçada müddətsiz olaraq «əvəzedici tərbiyəçi» vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək kitabçasında aşağıdakılar qeyd edilmişdir: “xx.xx.2013. Abşeron Rayon Təhsil Şöbəsi, Əvvəllər əmək staji olmamışdır. Ali təhsili nəzərə alınaraq xx.xx.2013-cü il tarixdən Xırdalan şəhəri 22 nömrəli körpələr evi uşaq bağçasına əvəzedici tərbiyəçi vəzifəsinə təyin edilsin. Abşeron RTŞ-nin müdiri N.Ağayev. Abşeron RTŞ üzrə əmr № 34; xx.xx.2013-cü il. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi verilməmiş əmək haqqının ödənilməsi barədə olmaqla bağça tərəfindən işə çağırılmadığı aylar üzrə əmək haqqısının ödənilməsindən ibarətdir. İddiaçı xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsəsən həmin tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 51 №-li Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı”ından kənar əvəzedici (əlavə) tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İddiaçı vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə işdə olmayan işçilərin əmək funksiyasına uyğun işlərin icrasını öhdəsinə götürmüş və ona faktiki gördüyü işə görə əmək haqqısı ödənilir. İşçi məzuniyyətdə olan va əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqısı ödənilir. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 22 nömrəli Körpələr evi-Uşaq bağçasına əvəzedici tərbiyəçi vəzifəsinə qəbul edilməsi və onunla əmək münasibətlərinin həyata keçirilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən tənzimlənmişdir. Bu yarımbənddə qeyd edilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinin smetasında məzuniyyətə gedən müəssisə müdirini, tərbiyəçiləri, sanitardayələri, xadimədayələri, gecə dayələrini, mətbəx işçilərini və paltaryuyanları əvəz edən şəxslərin əməyinin ödənilməsi xərci əməyinin ödənilməsi xərci kimi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxtisat dairəsində əlavə tərbiyəçi vəzifəsi müəyyən edilə bilər. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı işləmədiyi, o cümlədən əvəz etmədiyi dövr üçün ona əmək haqqı ödənilməsini tələb edir ki, bu, tamamilə əsassız va yolverilməzdir. Belə ki, iddiaçının iddia tələbi düzgün deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin hüquqi əsasını Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli qərarı təşkil edir. Həmin qərarla bağçalarda, körpələr evi uşaq bağçalarında nümunəvi ştat təsdiq olunub ki, bu ştatda olan bütün əsas işçilər bağçada daimi ştatda olan işçilərdir, onlarla müddətsiz əmək müqaviləsi bağlanılır va işçilər daimi işlədiklərinə görə əməkhaqqı alırlır. Nazirlər Kabinetinin qərarının 7-ci hissəsinin "b” bəndinə əsasən nümunəvi ştatdan kənar əlavə işçilərə ehtiyac yaranarsa, məsələn, işçilər məzuniyyətə getdikdə, bağçada qrup sayı çox olduqda onları dəvət etməyə zərurət yaranarsa, başqa müəssisədən tərbiyəçi dəvət edilib həmin vəzifənin icrası ona həvalə oluna bilər. 2022-ci ildən Abşeron regionunda yerləşən uşaq bağçaları Abşeron-Xızı Regional Təhsil idarasinin tabeçiliyinə verilmişdir. Həmin müddətdən bəri qeyd olunan kateqoriya işçilərlə yalnız müddətli əmək müqaviləsi bağlanır. Abşeron rayonu üzrə bağça və körpələr evində iddiaçı ilə yanaşı 100-ə yaxın sayda tərbiyəçi ilə eyni statuslu əmək müqaviləsi bağlanılmışdır. Onların hər biri işə götürüldükləri tarixdən indiki tarixədək əvəzedici kimi işləyiblər, işlənilən dövrə münasibətdə də əmək haqqı almışlar. Lakin iddiaçı hazırkı iddiasında işləmədiyi dövr üçün pul tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azarbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı asasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlayan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əməyin ödənilməsi sistemi və növləri” adlanan 157-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Vaxtamuzd əmək haqqı sistemi əməyin ödənilməsinin elə bir sistemidir ki, burada işçilərin əmək haqqının miqdarı onun işlədiyi vaxtın-saatın, günün, ayın sayı ilə müəyyən edilir. Həm bu maddə, həm də “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” bəndində qeyd olunanlara əsasən ştatdan kənar əlavə (əvəzedici) tərbiyəçi kimi əmək müqaviləsi bağlanılmış İddiaçı məzuniyyətə gedən işçiləri əvəz etmək üçün zərurət yarandıqda (“Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” bəndində məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsinin müəyyən edilməsi təhsil müəssisəsinə diskresion (qanunla müəssisəyə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi) səlahiyyət kimi verilmişdir) işə çağırılmış, işlədiyi dövr üçün də vaxtamuzd əmək haqqı hesablanaraq ona ödənilmişdir. Əmək müqaviləsindən də görünür ki, İddiaçı əməyin ödənilməsi forması vaxtamuzddur. İşəmuzd əmək haqqı sistemində isa əmək haqqı istehsal etdiyi məhsulun miqdarına (ədəd, metr, ton) görə işçiyə ödənilir. İddiaçı işlədiyi dövrün əmək haqqını tam şəkildə aldığı halda hazırda işləmədiyi dövr üçün əmək haqqı tələb etməsini əsassız hesab edirlər. Bundan əlavə cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının müdiri X14 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İddia müddətinin tətbiqi” adlanan 375-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq ediimasi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Maddə 375.2). İddiaçı 20 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Abşeron rayon Xırdalan şəhər 22 saylı körpələr evi uşaq baxçasının direktoru Fəranə Məhərrəmova tərəfindən əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneənin aradan qaldırılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsində qeyd edilmişdir: “X1 iş yerinə buraxmır, səbəb olaraq “əvəzləyici tərbiyəçi" ştatının ləğv olunduğu üçün onu işə buraxmadığını demişdir. Halbuki 2013-cü ilin 01 iyun tarixində əmri həmin ştat üzrə verilmişdir. Hətta həmin ştatın adı dəyişsə də “tərbiyəçi" ştatına keçirilməli idi, Belə ki, o, işə gedir, amma direktor onu işə buraxmır, onu təhdid edir, hədə-qorxu gəlir. Direktor normal iş fəaliyyətinə maneə yaradır və bu da onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxardır”. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2700/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən İddiaçı əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneə aradan qaldırılması qət edilmişdir. Göründüyü kimi iddiaçı əvəzedici tərbiyəçi olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən işə çağırılmadığını 2022-ci ilin yanvar ayından bilmiş və müvafiq şikayətlə əmək müfətlişliyinə, iddia ərizəsi ilə məhkəməyə də müraciət etmişdir. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə bağçaya xx.xx.2024-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh olunmasına dair xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 290-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 206-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 206-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir... Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri İlə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Yəni iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən işə çağırılmadığını 2022-ci ilin yanvar ayından bilsə də bağçaya qarşı mediasiya prosesini xx.xx.2024-cü il tarixdə başlatmış, hazırki tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bundan əlavə o, bildirdi ki, 2025-ci ilin yanvar ayından indiyədək məzuniyyətə çıxan işçi olmadığından İddiaçı uşaq bağçasında işləyə bilməmişdir. İddiaçı 2023-cü ilə kimi büdcədən kənar işçi olmuş və ştatdan kənar işləmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının mühasibatlığı yoxdur və bağçanın büdcəsi Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabedir. O, 2024-cü ildən sözügedən bağçaya rəhbərlik və iddiaçını iş ilə təmin etməyə hazırdır. Qeyd edilənlərə əsasən o, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X11 izahatında bildirdi ki, Abşeron-Xızı Regional Təhsil idarəsi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət agentliyinin regional bölməsidir. Xırdalan şəhəri 22 saylı Körpələr evi-Uşaq Bağçası onların tabeliyində büdcədən maliyyələşən idarədir. Bağçanın ştat cədvəlinə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir və onun fəaliyyəti Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli “Büdcədən maliyyələşən məktəbəqədər və ümumtəhsil müəsisələrinin nümunəvi ştatı” haqqında 61 nömrəli qərarına əsaslanır. Büdcədən maliyyələşən bu nümunəvi ştatdan kənara çıxmaq maliyyə pozuntusu hesab edilir. Həmçinin bu yaxınlarda Təhsil İdarəsinə ayrılan maliyyə vəsaitlərinin sərf edilməsi ilə bağlı yoxlamalar aparılmış, Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçası və digər bir neçə uşaq bağçası vardır ki, nizamnaməyə uyğun olaraq orada məzuniyyətə çıxan işçiləri əvəzçilik qaydasında əvəzləyirlər, onlar da tərbiyəçiləri işə götürürlər. Həmin əvəzedicilərin sayı 100 nəfərdən çoxdur. Əvvəllər məktəbəqədər təhsil şöbələri Abşeron Rayon İcra Hakimiyyətinə tabe olmuşdurlar. Abşeron-Xızı Regional Təhsil İdarəsi əvvəlki təhsil şöbəsinin hüquqi varisidir. Hər il dekabr ayında məktəbəqədər uşaq bağçasının növbəti il üçün smetası nəzərdə tutulur. Maliyyə Nazirliyi tərəfindən daimi fəaliyyət göstərən tərbiyəçilər üçün əmək haqqı fondundan maliyyə vəsaiti ayrılır. Əvəzedicilər üçün əməyin ödənilməsi məqsədilə əlavə smeta tərtib olunur və maliyyə vəsaiti ayrılır. Nümunəvi ştatda qeyd edilir ki, işçi pedaqoji fəaliyyətinə görə 30 gün ərzində məzuniyyətə gedirsə, onu əvəz edəcək tərbiyəçi ilə 30 günlük müqavilə bağlanılır. Əmək Məcəlləsinin 61-ci maddəsinin tələbinə görə əgər əvəzedici tərbiyəçiyə ehtiyac yoxdursa, məzuniyyətdə olan tərbiyəçinin iş saatı digər tərbiyəçilər arasında bölünür və əmrləşdirilir. Burada pozuntu odur ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmalı idi, çünki hər dəfə əmək müqaviləsi bağlamaq iş prosesində çətinlik yaradır. Həmçinin nümunəvi ştatda qeyd edilir ki, əvəzçilik üzrə müddətli müqavilə bağlanmalıdır. Bu prosesdə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması mübahisə yaradır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən nümunəvi ştata uyğun gəlməyən şəxslərə görə göstəriş verilmişdir ki, ya 100-ə yaxın işçinin müqaviləsi ləğv edilməlidir, ya da ixtisar olunmamaqla, əvəz edilən şəxslərin əmək haqqı almalıdır. Burada müddət ilə bağlı İddiaçı üçün müsbət cəhət odur ki, əmək müqaviləsi İddiaçı müddətsiz olaraq bağlanılmışdır. Əgər tərbiyəçini əvəz etməyə ehtiyac yaranarsa, İddiaçı işə çağırıldıqda artıq onunla yeni müqavilə bağlanılmasına ehtiyac olmayacaqdır. İddiaçı təhsili ibtidai təhsil sahəsinə aiddir və məktəbəqədər ümumtəhsil sahəsində çalışmağa imkan vermir. Bu səbəbdən İddiaçı məktəbəqədər təhsil sahəsində işləmək üçün imtahan verməlidir. Vakansiya olanda onlar ixtisaslı şəxsin işə qəbul edilməsini istəyirlər. 2023-cü ildə iddiaçı tərəfindən qətnamə çıxarılarkən iddiaçı ilə bağlanmış müqavilə əvəzçilik üzrə bağlanılmış müqavilə olmuşdur. Belə ki, iddiaçı ilə 2013-cü ildə əmək müqaviləsi bağlanılmışdır və həmin dövrdən etibarən işə çağırılmadığı vaxtlar da olmuşdur. İddiaçı 01 il 09 ay işləmədiyi dövrü boşdayanma kimi qəbul edir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 08 may 2013-cü il tarixli, 34 №-li əmrin surətindən görünür ki, İddiaçı ali təhsili nəzərə alınaraq xx.xx.2013-cü il tarixdən Xırdalan şəhər 22 №-li körpələr evi uşaq bağçasına əvəzedici-tərbiyəçi təyin edilmişdir. İş materiallarında olan işəgötürən Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi- Uşaq bağçasının rəhbəri X5 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi Əhmədova X6 şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasında əvəzəedici tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddətsiz bağlanması qeyd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2700/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən İddiaçı əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneənin aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan Əmrlər kitabından çıxarışların surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrə əsasən bağçanın müddətsiz əmək müqaviləsi ilə işləyən tərbiyəçisi İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-2700/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən 42 təqvim günü müddətinə işlə təmin edilmiş, eyni tarixli, 57 nömrəli əmrə əsasən X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədən 42 təqvim günü olmaqla məzuniyyətə buraxılmış və onun 1 ştat vahidi işi AR ƏM-nin 162-ci maddəsinə əsasən bağçanın əvəzedici tərbiyəçisi İddiaçı müvəqqəti həvalə edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, 63 nömrəli əmrə əsasən X3 əmək məzuniyyətindən geri çağırılmış, onun 1 ştat işi AR ƏM-nin 162-ci maddəsinə əsasən bağçanın əvəzedici tərbiyəçisi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti həvalə edilmişdir. Abşeron rayonu Xırdalan şəhəri 22 saylı Körpələr Evi-Uşaq Bağçası tərəfindən qəbul edilmiş 66 nömrəli əmrə əsasən X4 xx.xx.2023-cü il tarixdən əmək haqqı saxlanılmaqla tutduğu vəzifədən müvəqqəti azad edilmiş, onun 1 ştat işi AR ƏM-nin 162-ci maddəsinə əsasən bağçanın tərbiyəçiləri X16 və İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək müvəqqəti həvalə edilmişdir. Daha sonra İddiaçı 2024-cü il üzrə 88 nömrəli əmr əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 91 nömrəli əmr əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixli, 99 nömrəli əmr əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək; xx.xx.2024-cü il tarixli, 134 nömrəli əmr əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağçanın əvəzedici tərbiyəçisi olaraq işləmiş, xx.xx.2024-cü il tarixli, 157 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 42 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmış, əmək məzuniyyətindən sonra xx.xx.2024-cü il tarixli, 170 nömrəli əmr əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək; xx.xx.2024-cü il tarixli, 174 nömrəli əmr əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək; xx.xx.2025-ci il tarixli, 191 nömrəli əmr əsasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək; xx.xx.2025-ci il tarixli, 206 nömrəli əmr əsasında isə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bağçanın tərbiyəçisi ştatı müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının tələbi verilməmiş əmək haqqının ödənilməsi barədə olmaqla bağça tərəfindən işə çağırılmadığı aylar üzrə əmək haqqısının ödənilməsindən ibarətdir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının xx.xx.2013-cü il tarixli, 34 nömrəli əmrinə əsasən İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsi ilə İddiaçı bağçada müddətsiz olaraq «əvəzedici tərbiyəçi» vəzifəsinə təyin edilmiş, iddiaçı vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə işdə olmayan işçilərin əmək funksiyasına uyğun işlərin icrasını öhdəsinə götürmüş və ona faktiki gördüyü işə görə əmək haqqısı ödənilir. İşçi məzuniyyətdə olan va əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqısı ödənilir. Belə olan təqdirdə İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 22 nömrəli Körpələr evi-Uşaq bağçasına əvəzedici tərbiyəçi vəzifəsinə qəbul edilməsi və onunla əmək münasibətlərinin həyata keçirilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən tənzimlənir. Bu yarımbənddə qeyd edilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinin smetasında məzuniyyətə gedən müəssisə müdirini, tərbiyəçiləri, sanitardayələri, xadimədayələri, gecə dayələrini, mətbəx işçilərini və paltaryuyanları əvəz edən şəxslərin əməyinin ödənilməsi xərci əməyinin ödənilməsi xərci kimi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxtisat dairəsində əlavə tərbiyəçi vəzifəsi müəyyən edilə bilər. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hüquqi əsasını Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli qərarı təşkil edir. İddia tələbindən görünür ki, iddiaçı işləmədiyi, o cümlədən əvəz etmədiyi dövr üçün ona əmək haqqı ödənilməsini tələb edir ki, bu, bu da qanunla nəzərdə tutulmamışdır. Həmin qərarla bağçalarda, körpələr evi uşaq bağçalarında nümunəvi ştat təsdiq olunub ki, bu ştatda olan bütün əsas işçilər bağçada daimi ştatda olan işçilərdir, onlarla müddətsiz əmək müqaviləsi bağlanılır va işçilər daimi işlədiklərinə görə əməkhaqqı alırlır. Nazirlər Kabinetinin qərarının 7-ci hissəsinin "b” bəndinə əsasən nümunəvi ştatdan kənar əlavə işçilərə ehtiyac yaranarsa, məsələn, işçilər məzuniyyətə getdikdə, bağçada qrup sayı çox olduqda onları dəvət etməyə zərurət yaranarsa, başqa müəssisədən tərbiyəçi dəvət edilib həmin vəzifənin icrası ona həvalə oluna bilər. Lakin iddiaçı hazırkı iddiasında işləmədiyi dövr üçün pul tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azarbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı asasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəllənin 163.1-ci maddəsinə əsasən əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əməyin ödənilməsi sistemi və növləri” adlanan 157-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Vaxtamuzd əmək haqqı sistemi əməyin ödənilməsinin elə bir sistemidir ki, burada işçilərin əmək haqqının miqdarı onun işlədiyi vaxtın-saatın, günün, ayın sayı ilə müəyyən edilir. İşin faktiki hallarından görünür ki, həm yuxarıda qeyd olunan maddə, həm də “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” bəndində qeyd olunanlara əsasən ştatdan kənar əlavə (əvəzedici) tərbiyəçi kimi əmək müqaviləsi bağlanılmış İddiaçı məzuniyyətə gedən işçiləri əvəz etmək üçün zərurət yarandıqda (“Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” bəndində məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsinin müəyyən edilməsi təhsil müəssisəsinə diskresion (qanunla müəssisəyə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi) səlahiyyət kimi verilmişdir) işə çağırılmış, işlədiyi dövr üçün də vaxtamuzd əmək haqqı hesablanaraq ona ödənilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli əmək müqavilənin mahiyyətindən görünür ki, İddiaçı əməyin ödənilməsi forması vaxtamuzddur və sonuncu işlədiyi dövrün əmək haqqını tam şəkildə aldığı halda hazırda işləmədiyi dövr üçün əmək haqqını tələb etməsini məhkəmə əsassız hesab edir. Bundan əlavə cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçasının müdiri X14 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bu əsasla da iddianın rədd dilməsini xahiş etmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı 2023-cü ilin aprel ayında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Abşeron rayon Xırdalan şəhər 22 saylı körpələr evi uşaq baxçasının direktoru Fəranə Məhərrəmova tərəfindən əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneənin aradan qaldırılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-2700/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr Evi-Uşaq Bağçasının direktoru X5 tərəfindən İddiaçı əmək funksiyasını yerinə yetirməyinə yaradılan qanunsuz maneə aradan qaldırılması qət edilmişdir. Göründüyü kimi iddiaçı əvəzedici tərbiyəçi olduğu üçün işə çağırılmadığını 2022-ci ilin yanvar ayından bilmiş və müvafiq şikayətlə əmək müfətlişliyinə, iddia ərizəsi ilə məhkəməyə də müraciət etmişdir. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə bağçaya xx.xx.2024-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh olunmasına dair xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 290-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 206-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 206-cı maddəsinin 4cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İddia müddətinin tətbiqi” adlanan 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri İlə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı iddia müddətini ötürmüşdür. Yəni iddiaçı işə çağırılmadığını 2022-ci ilin yanvar ayından bilsə də bağçaya qarşı mediasiya prosesini xx.xx.2024-cü il tarixdə başlatmış, hazırki tələblə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Həmçinin məhkəmə iddia tələbinin bütövlükdə rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinə qarşı cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı Körpələr evi-Uşaq bağçası tərəfindən ona 01 il 09 ay müddətinə ödənilməmiş əmək haqqı, məzuniyyətə görə pul əvəzinin, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 9510 manat ödəncin və mediasiya üçün ödənilmiş 60 manat mediasiya rüsumunun alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3256/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3256/2025
01.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver