Məhkəmə qərarları › İş №2(012)-3259/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3259/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Sair mülki iş - Mənzil mübahisələri - Digər - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3259/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı X6 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 30.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13326.35 manat əsas, 899.85 manat faiz, 149.52 manat cərimə və kredit müqaviləsi üzrə 30.10.2019-cu il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14944.82 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 3-cü döngə, 1-ci dalan ünvanında yerləşən, 3 otaqlı, 56.1 kv.m ümumi, 38.7 kv.m yaşayış, 17.4 kv.m yardımçı sahədən və istifadədə olan 0.00785 ha torpaq sahəsindən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin evin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin evdən çıxarılmaları, evin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 30.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin 12 saylı filialından illik 25%-lə 60 ay müddətinə 18000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan ünvanında yerləşən, 3 otaqlı, 56.1 kv.m ümumi, 38.7 kv.m yaşayış, 17.4 kv.m yardımçı sahədən və istifadədə olan 0.00785 ha torpaq sahəsindən ibarət 15 nömrəli fərdi yaşayış evi 30.10.2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və Cavabdeh2 ilə 30.10.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 09.04.2021-ci il tarixədək Cavabdeh1 kredit müqaviləsi üzrə banka 13326.35 manat əsas, 899.85 manat faiz, 149.52 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14375.72 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Bundan başqa, 09 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka 13326.35 manat əsas, 899.85 manat faiz, 149.52 manat cərimə və kredit müqaviləsi üzrə 30.10.2019-cu il tarixdən 09.04.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14944.82 manat borcu vardır. Kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borcalanın üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kreditor Nikoyl İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 60 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 25 faiz olmaqla 18000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 30.11.2014-cü il tarixdən 30.10.2019-cu il tarixə qədər olan dövr ərzində borcundan hər ay 528.32 manat (sonuncu ay isə 528.79 manat) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Nikoyl İKB ASC-nin 30.10.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Nikoyl İKB ASC-dən kredit müqaviləsi üzrə 18000 manat krediti imza etməklə təhvil almışdır. -Kreditor Nikoyl İKB ASC ilə borclu Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı zaminlik müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı ev Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 111 saylı reyestr kitabının 84 saylı vərəqində qeydiyyata alınmışdır. -İpoteka saxlayan Nikoyl İKB ASC ilə ipoteka qoyan və borcalan Cavabdeh1 arasında bağlanmış 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3cü döngə 1-ci dalan 15 saylı evi Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 60 000 manat məbləğində qiymətləndirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.10.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindan görünür ki, Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 111 saylı reyestr kitabının 84 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı ev 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 30.10.2014-cü il tarixdən 60 ay müddətinə Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -Yelobank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 21.01.2021-ci il tarixli 588 saylı xəbərdarlıqdan görünür ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -İpoteka saxlayan Yelobank ASC-nin ipoteka qoyan Cavabdeh1 ünvanladığı 01.02.2021-ci il tarixli 1075 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka qoyana kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -Yelobank ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 04.02.2021-ci il tarixli 1368 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evdə qeydiyyatdadır. -Yelobank ASC-nin 19.01.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə 13326.35 manat əsas, 149.52 manat cərimə, 30.10.2019-cu il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda, kreditin bitmə tarixinə isə 899.85 manat faiz borcu olmaqla, cəmi 14944.82 manat borcu vardır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evdə qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 27.03.2015-ci il tarixli AZE № 01824987 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. -13.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -X4 Mərkəzi MMC-nin 23.09.2021-ci il tarixli YD114 saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evin bazar qiyməti: 45000 manat; likvid qiyməti: 41000 manat təşkil edir. Rəydən daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri Yelo Bank ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, Nikoyl İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790- 14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 25 faiz olmaqla 18000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 30.10.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı ev bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən borcalan Cavabdeh1 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə banka 13326.35 manat əsas, 899.85 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsində iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 ödəmələri vaxtında icra etməməsi ona 149.52 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 13326.35 manat əsas borc üzrə hesablanmış 149.52 manat cərimənin azaldılaraq 50 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, borcalan Cavabdeh1 30.10.2014-cü il tarixli 24-GZ-1-0- 790-14 saylı kredit müqaviləsi üzrə ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsi üzrə 30.10.2019-cu il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda (cərimə) hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı 30.10.2019-cu il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehdən tələb edə bilər. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır və bu səbəbdən də yuxarıda qeyd olunan borc məbləği hər iki cavabdehdən müştərək qaydada tutularaq banka ödənilməlidir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı ev Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 60 000 manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında 30.10.2014-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 60 000 manat olması və aradan keçən yeddi il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə X4 Mərkəzi MMC-nin 23.09.2021-ci il tarixli YD114 saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiymətinin 41 000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh1 məxsus evin likvid qiymətinin 41 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı ev açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra mənzildən cavabdehlər çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Lakin iddiaçı iddia tələbində fərdi yaşayış evində qeydiyyatda olan “digər şəxslər” kateqoriyasını müəyyən etmədiyindən və bu barədə sənədini məhkəməyə təqdim etmədiyindən iddia tələbi “digər şəxslər” hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “cavabdehlərin və digər şəxslərin mülkiyyətdə olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evə istifadə hüquqlarının itirilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən fərdi yaşayış evi Nikoyl İKB ASC-nin adına ipoteka ilə yüklü edilsə də hazırda da Cavabdeh1 mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edilə bilməz. Həmçinin, iddiaçı sözügedən evdə yaşayan “digər şəxslər”in konkret olaraq kimlərin olması barədə sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh1 iddiaçı Nikoyl İKB ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də X6 Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13326.35 manat, faiz borcuna görə 899.85 manat, cərimə borcuna görə 50 manat və kredit müqaviləsi üzrə 30.10.2019-cu il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14845.3 manat pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, ipoteka predmetinin satış qiyməti 41000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 14845.3 manat borc iddiaçı X6 Cəmiyyətinin xeyrinə ödənilməli, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı evə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evi boşaldaraq çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.10.2014-cü il tarixli 24-GZ-1-0-790-14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13326.35 (on üç min üç yüz iyirmi altı manat otuz beş qəpik) manat, faiz borcuna görə 899.85 (səkkiz yüz doxsan doqquz manat səksən beş qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat, kredit müqaviləsi üzrə 30.10.2019-cu il tarixdən 09.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 (beş yüz altmış doqquz manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14845.3 (on dörd min səkkiz yüz qırx beş manat otuz qəpik) manat borc, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı X6 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, həmin evin likvid satış qiyməti 41000 (qırx bir min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 14845.3 (on dörd min səkkiz yüz qırx beş manat otuz qəpik) manat borc, məhkəmə xərclərinə görə 60 (altmış) manat iddiaçı X6 Cəmiyyətinin hesabına keçirilsin. Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evi boşaldaraq həmin evdən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar