Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3310/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərəf və ləyaqətini alçaldan söz və ifadələr işlətməsinə görə mənəvi zərər olaraq 3000 manat pul vəsaitinin müştərək olaraq alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavavbdehlər Cavabdeh2 İbhami qızı və onun qızı X2 onun Abşeron rayonu Xırdalan şəhəri H.B.Zərdabi küçəsində olan qonşularıdır. Onlar ilə münasibəti yaxşı deyildir. 2024-cü ilin noyabr ayının 12-də hər iki cavabdeh günorta saatlarında ailəsinin yerləşdiyi evə hücum edərək xuliqanlıq əməli törətmiş, evinin şüşə və pəncərələrini qırmış, özünü və ailəsini nalayiq formada təhqir etmişdir. Cavabdehlər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddəsi ilə məsuliyyət tədbirləri görülsə də, cavabdehlərin ona vurduğu mənəvi zərərə görə mülki məsuliyyət daşıması və buna görə də məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdehlər onun ailəsinin, qızlarının, qonşularının yanında şərəf və ləyaqətini nalayiq formada alçaltması, ləkələməsi üçün müvafiq məsuliyyət daşımalıdırlar. Belə ki, təkcə o, qonşuların yanında, ailəsinin eşidəcəyi bir formada təhqirlər etməsindən sonra ağır depressiyaya düşmüş, günlərlə çəkdiyi sarsıntı və iztirabdan özünə gələ bilməmişdir. 20 illik möhkəm təməllər üzərində qurulmuş ailəsi, daima etibar edən həyat yoldaşı bu təhqiramiz ifadələrdən sonra daxilində ona qarşı bildirməsə də, inamsızlıq yaranmasını hiss etmişdir. Uzun müddət yuxusuzluqdan və çəkdiyi əzabdan müalicə olunmaq məqsədi ilə həkimə müraciət etmiş, xəstaxanada yatmış, ağır dozalı dərmanlar qəbul edərək sakitləşməyə çalışmışdır. 2024-cü ilin noyabr ayının 12-da cavabdehlər Cavabdeh2 və onun qızı X1 onun ünvanına gələrək qapını və pəncərəni möhkəm döymüş, sonra qırmağa başlayaraq barəsində «Qəbələ adı ilə gedib ərəblər ilə görüşən», «polislərin altında yatan» «kravatın altından lotu çıxardan», «Fuadın filan yerini», həmin anda digər cavabdeh: «Təkcə Fuad ilə yox, başqa adamlar ilə də yatıb, oturub-durub və»., «uşaq xarabladan», «cındır» və s. kimi sözlər işlətmişdir. Barəsində təhqiramiz söyüşlər söyən zaman qonşular nə qədər söyüş söyməsinə qarşı çıxsa da, onlar məhəl qoymamışlar. Qeyd edilən hallar təqdim etdiyi video görüntülərdə öz təsdiqini tapır. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 İXM-nin 232-1 və 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 fevral 2025-ci il tarixli 9/100/55 saylı rəyinə əsasən barəsində inzibati xəta törədən şəxs Cavabdeh1 tərəfindən 155 manat maddi ziyan vurduğu da təsdiq edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərəf və ləyaqətini alçaldan söz və ifadələr işlətməsinə görə mənəvi zərər olaraq 3000 manat pul vəsaiti müştərək olaraq alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun qonşusudur. Elnarə ilə heç bir düşmənçiliyi və adəvəti yoxdur. Sadəcə olaraq Elnarə ilə qonşu kimi münasibətləri normal deyildir. Elnarə mütəmadi olaraq sözlə mübahisə yaratmışdır. O, evə gələn zaman qonşusu Elnarədən onun haqqında həqiqətə uyğun olmayan sözlər eşitmişdir. Elnarə onun ailə üzvlərinə guya onun yüngül həyat tərzi keçirməsini bildirmiş, eyni zamanda şər-böhtan ataraq, onun ünvanına bəzi nalayiq ifadələr işlətmişdir. O, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdiklərini təsdiqləyərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, ilk olaraq qeyd edir ki, hazırki iddia şərəf və ləyaqəti alçaldan söz və ifadələr işlətməsi nəticəsində vurulmuş mənəvi zərərə görə vəsaitin tutulmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. İşdən görünür ki, daha əvvəllər münaqişə olmuşdur. Cavabdehlər iddiaçını təhqir etdiyinə görə barələrində inzibati tənbeh etmə haqqında qərarlar qəbul edilmişdir. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan suiistifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənəvi zərərə görə 300 manat pul tutularaq İddiaçı verilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 150 manat və Cavabdeh2 150 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3310/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3310/2025
30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver