Məhkəmə qərarları › İş №2(012)-332/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-332/2022

21.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-332/2022 21.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, blok 61-də yerləşən 5 saylı mənzilə vurduğu ziyana görə 3.500 (üç min beş yüz) manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, blok 61-də yerləşən 5 saylı mənzil ona məxsusdur. O, həmin mənzildə tək başına yaşayır. Cavabdeh onun qonşusudur və Abşeron rayonu, ünvan 1 ünvanının sahibidir. Lakin cavabdeh həmin mənzildə yaşamır və həmin mənzildə müxtəlif şəxslər kirayə yaşayırlar. O, ümumiyyətlə cavabdehi görməmiş və evinin vəziyyətini ona çatdıra bilməmişdir. O, ancaq sonuncuya ona məxsus mənzildən onun mənzilinə su axması ilə bağlı məlumat göndərmiş və tədbir görməsini xahiş etmişdir. Belə ki, hər dəfə evi yararsız hala düşən zaman 10 saylı mənzilin qapısını döyüb evinin vəziyyəti barədə məlumat verməyə çalışsa da, müsbət cavab ala bilməmişdir. 10 saylı mənzildə kirayə yaşayan şəxslər isə öz mənzilləri olmadığı üçün istədiyi kimi davranır və bir sözlə onun evini yararsız hala salmışlar. Bu hal dəfələrlə təkrarlanmışdır. 3 ildir ki, o, bundan əziyyət çəkir. Sonda irad tutaraq, mənzilinin yararsız hala düşməsini bildirmiş, mənzilinə gəlib baxmalarını təklif edərək mənzilini təmir etmələrini xahiş etmişdir. Hətta cavabdehin özbaşınalıqlarından bezdiyi üçün sonuncuya məxsus mənzilə usta gətirmələrini xahiş etmiş və ustaya veriləcək pulu özünün ödəyəcəyini bildirmişdir. Çünki öz mənzilini dəfələrlə təmir etdiyi halda, sonuncunun mənzili təmirsiz olduğu və su axdığı üçün qısa zaman müddətində onun mənzilinin təmiri yararsız hala düşür, çəkdiyi əziyyət və xərc boş yerə sərf olunmuş olur. Belə ki, o, dəfələrlə evinin tavanını dəyişmiş, çilçıraqları yeniləmiş, oboyu dəyişmiş, yataq otağını təmir etdirmiş və bir sözlə evini dəfələrlə əsaslı təmir etdirmişdir. Bu 3 il ərzində hər dəfə təmir və usta pulu üçün onun ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində xərci çıxmışdır. Hal-hazırda da mənzilinə cavabdeh tərəfindən su axıdılır. Əgər baxış keçirilərsə, bütün bu dediklərinin şahidi olarlar. Hətta onun mənzilinin dəfələrlə təmir edilməsi, cavabdeh tərəfindən mənzilinin yararsız hala düşməsinə qonşuları da şahiddirlər. Mənzilinin bütün işıq sistemi yararsız hala düşmüşdür. Su axıdıldığı üçün dəhliz və yataq otağının işıq sistemi sıradan çıxmış və yanmır. Bununla bağlı o, bir çox yerlərə, polisə, komendantlığa və Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdeh bu günə kimi ona ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində ziyan vurmuşdur. Hər il o, mənzilini təmir etdirərək, işıq sistemini yenidən bərpa etdirir, mənzilinin oboyunu və çilçıraqlarını dəyişdirməli olur. Qonşu olduqları üçün münasibətlərin pisləşməməsi səbəbindən bu günə kimi bütün olanlara göz yumsa da, artıq cavabdehin hərəkətləri dözülməz həddə çatmışdır. Hazırda onun mənzilinin işıq sistemi yenilənməli, alçipanlar yenidən vurulmalı, oboy dəyişilməli, çilçıraqlar yenidən alınmalı və bir sözlə mənzili təmir olunmalıdır. Qeyd edilən mənzildə cavabdeh yaşamadığına görə dedikləri onun heç marağında belə deyildir. O, mənzilinin yararsız hala düşməsi barədə fotoşəkilləri də iddia ərizəsinə əlavə etmişdir. Onun mənzili sonuncu tərəfindən qanunsuz şəkildə yararsız hala düşdüyünə görə o, hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ekspert rəyinə münasibətdə qeyd edir ki, əslində ona məxsus evin təmirinə daha çox ziyan dəymiş, ekspert rəyində isə dəymiş ziyan məbləği az göstərilmişdir. Belə ki, cavabdehin mənzilindən ona məxsus mənzilə 2 dəfə su sızması baş vermişdir. Lakin buna baxmayaraq, mülki işin yekunlaşdırılmasını istəyir. Göstərilənlərə əsasən Cavabdeh Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi yaşayış kompleksi, blok 61, 5 saylı mənzilinə vurduğu ziyana görə 3.500 (üç min beş yüz) manat pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan Abşeron Gənclər şəhərciyi komendantı Elman Məmmədov, sahə nəzarətçisi Zahid Quliyev və santexnik Hüseyn Namazov tərəfindən tərtib edilmiş 10 dekabr 2020-ci il tarixli aktdan müəyyən edilir ki, “ünvan 2 ünvanına həmin mənzilin sahibi İddiaçı müraciəti əsasında baxış keçirilmiş və mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, blok 61, mənzil 5 ünvanına yuxarı mərtəbədə yaşayan Cavabdeh məxsus 10 nömrəli mənzildən su axıdılaraq ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli, 10/7254 nömrəli ekspert rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 5 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 10 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 5 saylı mənzilin mətbəx tikilisinin tavan və divarlarında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən 61 saylı blokun, 5 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzildən su axıdılığı və nəticədə 5 saylı mənzilin mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Aparılan hesablamalar nəticəsində Abşeron rayonu, Gənclər şəhərciyi yaşayış kompleksində yerləşən 61 saylı blokun, 5 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.123 manat məbləğində olduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 61-də yerləşən 5 saylı mənzilinə Cavabdeh məxsus 10 saylı mənzildən su sızmışdır. Bu barədə 10 dekabr 2020ci il tarixli akt da tərtib olunmuşdur. İddiaçı tərəfin izahatına görə bu hal 2019-cu ildən başlayaraq dəfələrlə baş vermişdir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, Abşeron rayonu, Gənclər Şəhərciyi yaşayış kompleksi, blok 61-də yerləşən 5 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1.123 manat məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus mənzildən su sızma nəticəsində iddiaçıya məxsus mənzilə dəymiş maddi zərərə görə 1.123 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan və ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaitinin 10 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğ cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Mənzilə su sızması nəticəsində Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1.123 (bir min yüz iyirmi üç) manat və ödənilmiş dövlət rüsumu üçün 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar