Məhkəmə qərarları › İş №2(012)-333/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-333/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-333/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(064)-351/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 6360 manat aliment üzrə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X14 doğulmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri yaxşı olmuş, lakin sonradan pisləşmişdir. Bunun nəticəsi olaraq Cavabdeh ona qarşı “aliment tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(064)-351/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və ondan hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin bu qətnamə qəbul edilib qanuni qüvvəyə minəndən təxminən 2 ay sonra onlar yenidən barışaraq birlikdə yaşamağa başlamışlar. Faktiki olaraq 2019-cu ilin iyul ayından 2023-cü ilin may ayının 23-nə kimi onlar bir ailə kimi birlikdə yaşamışlar. Yəni, məhkəmə qətnaməsi ilə ondan alimentin tutulması qət edilsə də, faktiki olaraq o, bu 4 il ərzində Cavabdeh və övladı X14 ilə birlikdə yaşamış və ailənin bütün dolanışıq xərci də onun tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə faktiki yenidən ayrıldıqları üçün Cavabdeh əsassız olaraq həmin 4 il müddətinə hesablanmış alimenti ondan tələb edir. Eyni zamanda bildirmək istəyir ki, bu 4 illik birgə yaşadıqları dövrdən başqa o, aliment üzrə borclardan da mütəmadi olaraq ödəmişdi. Lakin əfsuslar olsun ki, cavabdeh onları da nəzərə almır və əsassız iddialar ilə çıxış edərək ondan həmin dövr üzrə yığılmış aliment üzrə borcu tələb edir. Bir daha qeyd edir ki, onlar faktiki olaraq 4 il bir ailə kimi birlikdə yaşamışlar. Yəni, o, həm Cavabdeh, həm də övladını maddi cəhətdən tam təmin etmişdir. Amma əfsuslar olsun ki, onların birgə bir ailə kimi yaşadıqları dövrə görə də ona aliment üzrə 6360 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, həmin dövr üçün onun barəsində aliment üzrə borcun hesablanması tamamilə əsassız və qanunsuzdur. Qanunvericiliyin normasına görə o, uşağını saxlamadıqda həmin aliment ondan tutula bilər. Lakin qeyd etdiyi kimi, 2019-cu ildən 2023-cü ilin may ayına kimi o, bir valideyn kimi öz vəzifələrini vicdanla yerinə yetirmişdir. Hesab edir ki, bu dövr üçün ona aliment üzrə borcun hesablanması tamamilə qanunsuz və ədalətsizdir. Bu səbəbdən də, onların birgə yaşadıqları həmin dövr üçün hesablanmış 6360 manat məbləğində alimenti ödəməkdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, tərəflərin rəsmi nikahları olmamış, lakin ayrıldıqdan sonra yenidən barışmış və 4 ilə yaxın birlikdə yaşamışlar. Yenidən ayrıldıqdan sonra cavabdeh həmin alimenti iddiaçıdan tələb etmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ilə 2019-cu ildə ayrılmış, birgə faktiki nikahdan doğulmuş uşağın saxlanılması üçün 120 manat aliment kəsilmişdir. Lakin iddiaçı 10 aya yaxın müddətdir ki, ümumiyyətlə uşaqla maraqlanmamışdır. İddiaçı uşağına baxmadığından alimenti tələb edir. Uşağın saxlanılmasında heç bir köməklik göstərməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(012)-951/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin qərardan daha sonra görünür ki, Füzuli Rayon Məhkəməsinin 15 fevral 2019cu il tarixli 2(064)-351/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. -Seriya AA, № 252196 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1990-cı ildən Ağdam rayonundan məcburi köçküdür. -Abşeron rayon 1 saylı Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə 8İ-11758 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Anar Murad oğlu ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində bir ailə kimi birlikdə yaşadıqlarını təsdiq etmişdir. -Abşeron rayon 1 saylı Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə 8İ-11760 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Cəbrayıl rayonu, Cəfərabad kəndində qeydiyyatda olan X4 Anar Murad oğlu ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində bir ailə kimi birlikdə yaşadıqlarını təsdiq etmişdir. -Abşeron rayon 1 saylı Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə 8İ-11866 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan X1 Anar Murad oğlu ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində bir ailə kimi birlikdə yaşadıqlarını təsdiq etmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Füzuli Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli 2(064)-351/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə araşdırması zamanı İddiaçı məhkəmə qətnaməsi ilə aliment müəyyən olunduqdan sonra barışaraq 4 il ərzində birlikdə yaşamalarını qeyd etmiş, bunları notariat qaydada verilmiş ərizələrlə əsaslandırmışdır. Lakin cavabdeh tərəf izahatında iddiaçının uşaqlarına baxmadığını müəyyən edilmiş xərclərində iştirak etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ailəsi ilə birlikdə yaşamasını qeyd etsə də, ailəsini, uşaqların saxlanması üçün zəruri xərclərin onun tərəfindən çəkilməsini sübut edən hər hansı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X5 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi qanunvericilik iddianın sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının uşaqlarını 4 il ərzində saxlayaraq zəruri xərclərin onun tərəfindən çəkməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq sübut edə bilməmiş, yalnız onun tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrlə sübut etməyə çalışmış, digər tərəf isə onu inkar etmişdir. Ona görə də iddiaçı alimentin tutulması ilə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdehlə ailə kimi birlikdə yaşaması, həmin müddət ərzində uşağının saxlanması və digər xərclərin onun tərəfindən qaşılanmasını sübut edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment üzrə borcun silinməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar