Məhkəmə qərarları › İş №2(012)-3395/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3395/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3395/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərə cəlb edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əlavə xərclərə cəlb edilmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx xxxx 2002-ci il tarixdə anadan olmuş X1 tələbə olması ilə əlaqədar yaranmış əlavə xərclərə cəlb edilərək sabit pul məbləğində hər ay 200 (iki yüz) manat miqdarında pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx xxxxxxxx 2001-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və bu barədə nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx xxxx 2002-ci il təvəllüdlü X2 anadan olmuşdur. Aralarında nikah münasibətləri pozulduğundan və xasiyyətləri bir birinə uyğun gəlmədiyindən cavabdeh nikahın pozulması üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan olan azyaşlı övladı onun himayəsində saxlanılmış və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli məhkəmə əmri ilə uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay Cavabdeh aylıq qazancından ¼ hissəsi miqdarında aliment tutulması əmr edilmişdir. Sonradan Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-1682/2019 qətnaməsi ilə alimentin məbləği artırılmışdır. Birgə nikahdan olan qızı X2 hal-hazırda ödənişsiz əsaslarla dövlət universitetinə (Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuş və orada təhsil alır. Hər bir tələbənin gündəlik tələbatı, təhsillə bağlı xərcləri, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Özü qızı ilə birlikdə qohumunun evində kirayədə yaşayır. Maddi imkanı da aşağıdır. Qızının yetkinik yaşına çatması səbəbindən məhkəmənin təyin etdiyi aliment məbləği bu ilin iyul ayında başa çatmışdır. Buna baxmayaraq, birgə nikahdan olan uşağın tələbə olması ilə əlaqədar yetkinlik yaşına çatdıqdan sonra da əlavə xərcləri yarandığından cavabdehin həmin xərclərə cəlb edilməsi zərurəti yaranmışdır. Cavabdehin kifayət qədər gəlirləri var, maddi imkanı yaxşıdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğundan qəbul etmədiyini, cavabdeh tərəfindən uşaq yetkinlik yaşına çatanadək alimentin tam ödənildiyini, uşağın yetkinlik yaşı tamam olduğundan iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AR DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, cavabdeh Hadıyev X3 rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 12, mənzil 10 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 173155 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Azərbaycan Dövlət Pedoqoji Universiteti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş tələbə biletindən görünür ki, X2 Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibtidai sinif fakultəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbədir. -Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-1682/2019 saylı qətnaməsinin surətindən görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(008)-846/2008 saylı əmri ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, xx.xx.2002ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanılmışdır. Birgə nikahlarından xx xxxx 2002-ci il təvəllüdlü X2 anadan olmuşdur. Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan azyaşlı övladı onun himayəsində saxlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin Əmrinə əsasən uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay Cavabdeh aylıq qazancından ¼ hissəsi miqdarında aliment tutulması qərara alınmışdır. Sonradan Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-1682/2019 qətnaməsi ilə alimentin məbləği artırılmışdır. Birgə nikahdan olan qızı X2 hal-hazırda ödənişsiz əsaslarla dövlət universitetinə (Azərbaycan Dövlət Pedaqoji Universiteti) daxil olmuş və orada təhsil alır. xx xxxx 2002-ci il təvəllüdlü X2 yetkinik yaşına çatması səbəbindən məhkəmənin təyin etdiyi aliment məbləği bu ilin iyul ayında başa çatmışdır. Buna baxmayaraq, birgə nikahdan olan uşağın tələbə olması ilə əlaqədar yetkinlik yaşına çatdıqdan sonra da əlavə xərcləri yarandığından cavabdehin həmin xərclərə cəlb edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2002-ci il tarixdə anadan olmuş X1 tələbə olması ilə əlaqədar yaranmış əlavə xərclərə cəlb edilərək sabit pul məbləğində hər ay 200 (iki yüz) manat miqdarında pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Konstitusiya Məhkəməsinə müraciətdə Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası ilə yetkinlik yaşına çatmamış uşaqların ödənişli təhsil müəssisələrində təhsil alması zamanı yaranan xərclərin və ya yetkinlik yaşına çatmış övladların əyani təhsil alması ilə bağlı təhsil haqqı xərclərinin, ümumiyyətlə bu maddə ilə təhsil xərclərinin əhatə olunub-olunmamasının aydın olmadığı göstərilmişdir. Müraciətdə həmçinin qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tətbiqi ilə əlaqədar məhkəmə təcrübəsində müxtəlif yanaşmalara səbəb olan məsələlərdən biri də normada istifadə olunan “və digər hallarda” müddəasıdır. Həmin normada sadalanmayan, lakin “və digər hallarda” müddəası ilə əhatə oluna bilən müstəsna halların yetkinlik yaşına çatmış övladlara da aid olub-olmaması, təhsil haqqı ilə bağlı xərclərin bu müddəa ilə əhatə edilə bilməsi ilə bağlıdır. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Konstitusiya Məhkəməsinin Qərarında göstərilənlərə istinad edərək hesab edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, qüvvədə olan mülki qanunvericiliyin tələblərini, Konstitusiya Məhkəməsinin Qərarını əsas tutmaqla iş üzrə toplanmış sənədləri tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və rədd edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar