Məhkəmə qərarları › İş №2(012)-3407/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3407/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3407/2023 19.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kamranlı Günel Ramiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə münasibətlərindən anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 250 manat olmaqla, ümumilikdə, cəmi 500 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə faktiki nikaha daxil olmuş, həmin münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010cu il təvəllüdlü X9 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə hər iki uşağa Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Ağdam rayon Məhkəməsinin 2(013)-133/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların cavabdehin himayəsinə verilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-173/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi müəyyən edilmiş, uşaqlar iddiaçının himayəsinə verilmişdir. Hazırda, uşaqlar iddiaçının himayəsindədir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı cavabdeh ilə bir il müddətində Qazaxıstanda yaşamış, cavabdehin həmin ölkədə müəyyən gəlirləri, obyektləri vardır. Əvvəl cavabdeh uşaqların saxlanılması üçün 300 manata yaxın ödənişlər etsə də sonradan ödənişlərini dayandırmışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T № 243643 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2347 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-T № 243642 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1963 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-173/2023 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Ağdam rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-133/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehlə birgə nikahdan olan xx.xx.2009cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 onun himayəsinə verilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədən daha sonra görünür ki, AZ-İ seriyalı, 352204 nömrəli, xx.xx.2020-ci tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh xx.xx.2009-cu ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Qətnamədən daha sonra görünür ki, AZ-İ seriyalı 352205 nömrəli, xx.xx.2020-ci tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh xx.xx.2010-cu ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Ağdam rayonu, Zəngişalı ərazi dairəsi, Mahrızlı kəndində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən xx.xx.2023-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binasının 43 saylı evinin 38 saylı mənzilinə xx.xx.2024-cü il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):

43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. İddia ərizəsindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olmuş və onların həmin münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Faktiki nikah münasibətindən doğulmuş uşaqlara münasibətdə cavabdehin atalığının müəyyən olunması barədə şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən, Cavabdeh faktiki nikah münasibətindən anadan olmuş uşaqların atası hesab edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atalıq müəyyən olunduqda uşaqlar valideynlərinə münasibətdə öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını təqdim etməməsini nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 220 mаnаt olmaqla, cəmi 440 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq, yəni, (220 manat x 2 (uşaq) = 440 manat, 440 manat x 12 ay = 5280 manat) ödənilməli olan 72.80 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 72.80 (yetmiş iki manat səksən qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar