Məhkəmə qərarları › İş №2(012)-3416/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3416/2021

10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3416/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı-16.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 175 manat, Sinan 3 yaşına çatana kimi onun maddi ehtiyaclarını ödəmək üçün 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində texniki səhv nəticəsində övladının soyadı Əliyev əvəzinə Əhmədov olaraq göstərilmişdir. Bu səbəbdən o, azyaşlı-16.08.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 175 manat, X5 3 yaşına çatana kimi onun maddi ehtiyaclarını ödəmək üçün 100 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onunla Cavabdeh arasında 2018-ci ildə qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Onların el adətinə uyğun toyları olmuş və ər-arvad kimi normal münasibətlərdə yaşamağa başlamışdır. Həmin münasibətlərdən onların bir övladları- 16.08.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onun cavabdehlə arasında mübahisələr olmasının səbəbi cavabdehin anası və bacısıdır. Bacısı onu səbəbsiz yerə döyür və evdə söz-söhbət yaradır. Bu vəziyyətə cavabdeh heç bir reaksiya vermir. Artıq cana doyduğu üçün məcbur olub azyaşlı övladı ilə birlikdə ananın yanına sığınmışdır. Hazırda ayrı yaşayırlar və heç bir əlaqələri yoxdur. Övladı onun himayəsindədir və övladının saxlanması üçün cavabdeh ona heç bir maddi dəstək göstərmir. Üstəlik oğlu Sinan kəskin obstruktiv bronxit xəstəliyindən əziyyət çəkir, daim həkim nəzarətində müayinə və müalicə olunur. O, oğluna baxdığı üçün işləmir. Cavabdeh isə bir ata kimi övladı üzərində olan hüquqlarını səbəbsiz yerə yerinə yetirmir. Cavabdehin övladına aliment ödəməsinə, uşağı ilə ünsiyyətdə olmasına cavabdehin bacısı və anası mane olur. Onun anası isə yaşlı və xəstə qadındır. Oğlunun bütün xərcini onun anası çəkir. Cavabdeh öz həyatını yaşayır və qazandığını öz övladına xərcləmir. Bir ata kimi oğluna öz istəyi ilə aliment ödəməsini tələb etdikdə isə bundan boyun qaçırır və ödəməmək üçün müxtəlif bəhanələr gətirir. Ona görə də mən məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qismən qəbul edir. O, 6 ildir ki, mebel sexində fəhlə olaraq işləyir və aya 500 manat əmək haqqı alır. O, hər ay övladı üçün 175 manat məbləğində aliment ödəməyə razıdır. X2 3 yaşına çatana kimi iddiaçının maddi ehtiyaclarını ödəmək üçün 100 manat məbləğind aliment ödəməyə imkanı yoxdur. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İV 476431 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 16.08.2019-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2021-ci il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla hesab edir ki, 16.08.2019-cu il təvəllüdlü X1 üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 16.08.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi iddiaçının maddi ehtiyaclarını ödəmək üçün 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, cavabdehin həmin məbləği ödəmək iqtidarında olması ilə bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 30.04.2021-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30.04.2021-ci il tarixindən başlayaraq 16.08.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia tələbi 16.08.2019-cu il təvəllüdlü X4 3 yaşına çatana kimi iddiaçının maddi ehtiyaclarını ödəmək üçün 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması hissəsində rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar