Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3464/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx” MMC arasında bağlanmış xx xxx 2015-ci il tarixli E/0434 saylı "fərdi yaşayış evinin alqı-satqısı" haqqında Müqavilənin ləğv edilərək, həmin müqavilə üzrə cavabdehə ödənilmiş 42 000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC (sabiq direktoru T.M. Heydərov şəxsində) arasında xx xxx 2015-ci il tarixli E-0434 saylı "torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” Müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı satıcı "xxxx” MMC-dən Xirdalan şəhəri, H.Əliyev prospektindəki "AAAF Park" yaşayış massivindəki 28-ci küçədə inşa ediləcək 4 saylı 16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 68,0 kv m olan 2 otaqlı mənzili almışdır. Tərəflər arasında mənzilin dəyəri 42000 manat razılaşdırılmış və iddiaçı həmin məbləği birdəfəyə tam ödəmişdir. Lakin, müqavilə bağlanandan 5 ildən artıq müddətin keçməsinə baxmayaraq qeyd olunan binanın tikinti-inşaat işləri aparılmamış, inşa olunmalı binanın heç bünövrəsi salınmamışdır. Binanın tikintisinin nə vaxt başlayacağı, nə vaxta qədər inşa işlərinin aparılması və mənzilin iddiaçıya nə zaman təhvil verilməsi məlum olmadığı üçün iddiaçı narahatdır və müqaviləni pozmaq qərarına gəlmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada xx xxxx 2020-ci il tarixdə cavabdehə “müqavilənin ləğv edilməsinə dair” təklif göndərilmiş və 15 gün müddətində cavab verilməsi xahiş olunmuşdur. Daha sonra ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminə görə iddiaçı bütövlükdə iyul-avqust aylarını nəzərə alaraq iddia qaldırmasını ləngitmişdir. 13 08.2020-ci il tarixdə cavabdeh cavab məktubu göndərək, səbr etməyi xahiş etmişdir, müqqavilənin ləğv edilməsi barədə heç bir qeyd etməmişdir, götürdüyü öhdəliyi icra edəcəyini bildirdə də, yenə də hər hansı konkret müddət göstərməmişdir. Həmin məktubla cavabdeh ölkə və dünyadakı pandemiya barədə qeydlər etsə də, pandemiyanın 2020-ci ilin mart-aprel aylarında elan edildiyini, müqavilənin isə 2015-ci ildə bağlanıldığını unutmuşdur. Odur ki, iddiaçı belə qeyri ciddi qurumla hər hansı iş görmək istəmir, müqavilənin ləğv edilərək pulların geri qaytarılmasını tələb edir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verib əlavə olaraq bildirdi ki, tərəflər arasında şifahi razılaşmaya əsasən müqavilə bağlandıqdan sonra mənzilin alıcıya təhvil verilməsi 2 il müddətinə razılaşdırılmışdır, lakin həmin vaxtdan 5 il keçməsinə baxmayaraq evin bünövrəsi belə qoyulmamış və nə vaxta qədər tikilib qurtarılacağı məlum deyildir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -“xxxx” MMC-nin direktoru X4 ilə İddiaçı arasında xx xxx 2015-ci il tarixli, E/0434 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF- Park” yaşayış massivindəki 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) 4 saylı bina,16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 68.0 kv.metr olan, 2 otaqdan ibarət 96 saylı mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öz öhdəsinə götürür. Müqaviləyə əsasən mənzilin dəyəri 42000 (qırx iki min) manat İddiaçı tərəfindən tam ödənilmişdir. -xx xxx 2015-ci il tarixli, E/0434 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, müqavilə qüvvəyə mindikdən sonra “Alıcı” aldığı daşınmaz əşyanı başqa şəxsin adına keçirmək və ya digər əsasla özününküləşdirmək məqsədi ilə “Stıcı”ya müraciət etdikdə, sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini pul kompensasiyası ilə ödəməlidir. Kompensasiyanın miqdarı 1000 (min) manat həcmində müəyyən olunur. -“xxxx” MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə təklifdən görünür ki, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək xx xxx 2015-ci il tarixli, E/0434 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin ləğv edilməsini və ödədiyi pulun və razılaşma yolu ilə ona dəymiş zərərin müəyyən kompensasiya şəklində ona qaytarılmasını xahiş etmiş, əks təqdirdə müqavilənin ləğvi və pul tələbi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddia ərizəsinin tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına istinad etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil iddiaçının razılığı və müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret olaraq göstərilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 2 il müddətinə, yəni 2018-ci ilin sonunda iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan beş ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin Müqavilənin şərtləri pozulmuşdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, -“xxxx” MMC-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli, E/0434 saylı “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsi”nə əsasən “xxxx” MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçəsində inşa edilən 4 saylı bina,16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 68.0 kv.metr olan, 2 otaqdan ibarət 96 saylı mənzili Alıcıya təhvil verməyi öhəsinə götürmüş, Alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öz öhdəsinə götürmüş, mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin qiyməti cəmi 42000 manat müəyyən edilmiş, Alıcı, mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh isə müqavilənin bağlanması müddətindən 5 il vaxt keçməsinə baxmayaraq üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək mənzili inşa edib iddiaçıya təhvil verməmişdir. Azərbaycan Respublikası MM-nın 178.8 -ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8 maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən,kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərancam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nın 178.8 maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı tərəf mübahisələndirilən mənzilin dəyərini tam ödəmişdir. Müqavilə şərtlərində qeyd edilməsə də tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 2 il müddətinə, yəni 2017-ci ilin əvvəlində iddiaçıya təhvil verilməli idi. Belə ki, tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməyibsə tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağılabatan müddətdə müəyyən edilməlidir. Ağılabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə hesab edir ki, tikinti kooperativi (şirkəti) üçün çoxmənzilli binanın tikib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağalabatan müddəti 3 il müəyyən edilməlidir. İddiaçı ilə cavabdeh tərəfindən bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilməsi şərtləri pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçəsində inşası nəzərdə tutulan 4 saylı bina,16 mərtəbəli yaşayış binasında ümumi sahəsi 68.0 kv.metr olan, 2 otaqdan ibarət 96 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqaviləyə əsasən “xxxx” MMC-yə ödəmiş olduğu 42000 (qırx iki min) manat məbləğində pul cavabdeh “xxxx" MMC-dən alınaraq ona qaytarılmasına dair iddiası əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «X5rşı» işi üzrə xx xxxxxx 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X8 Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 (otuz) manat rüsum ödəmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxx 2015-ci il tarixli, E/0434 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. xx xxx 2015-ci il tarixli, E/0434 saylı alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-yə İddiaçı tərəfindən ödənilmiş 42000 (qırx iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh “xxxx" MMC-dən alınaraq İddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3464/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3464/2020
03.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver