Məhkəmə qərarları › İş №2(012)-3484/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3484/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3484/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, ümumilikdə 738 manat sabit pul məbləğində alimentin, mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 818 saylı nikah qeydə alınmışdır. Birgə nikahlarından üç övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün heç bir maddi köməklik göstərmir. Övladlarının maddi ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkir. Onun heç bir yerdən gəliri, qazancı yoxdur. Övladları böyüdükcə tələbatları da artır, xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh bir ata olaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bu səbəbdən də, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onun hər ay üç uşağa görə ümumilikdə 738 manat məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. Onun rəsmi olaraq aylıq əmək haqqı 608 manat olsa da, vergilər çıxıldıqdan sonra ona 500 manat pul qalır. Odur ki, o, maddi vəziyyətinin nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 727342 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 818 nömrəli rəsmi nikah bağlanmışdır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 971051 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 426329 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 893951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh "Azəriqaz" İstehsalat Birliyində yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər işləyir və aylıq əmək haqqı 608 manat təşkil edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmiş, 2024-cü ildə həmin məbləğ saxlanılmışdır. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq və cavabdehin rəsmi iş yerinə dair məlumatları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (155:345m.ə.h =m.ə.h 0,45 misli) 0,45 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə iclası zamanı iddia qaldırılması hüquqları təklif edilsə də tərəflərin, uşaqla görüş, uşağın ölkə hüdudlarından kənara valideyinin birinin icazəsi olmadan çıxarılması, mülkiyyətlə bağlı mübahisə və tələbləri olmadı. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (155 manat x 3 uşaq= 450 x 12 =5580 manat) ödənilməli olan 75,80 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 213, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 75,80 (yetmiş beş manat səksən qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar