Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3575/2022 15.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 200 manat olmaqla, ümumilikdə, cəmi 400 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə ayrı yaşayır, cavabdeh ailəsinə baxmır, ailə qayğılarından tamamilə uzaqdır. Azyaşlı uşaqlarını təkbaşına saxlamaq, onların maddi ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Cavabdeh uşaqların saxlanılması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun cavabdeh ilə rəsmi nikah münasibəti var, lakin cavabdehin xəyanətini bağışlamadığından o, may ayından etibarən öz valideynlərinin evində yaşayır. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh bir-iki dəfə uşaqları gəzməyə aparmış, onlara geyim almışdır. İki il bundan əvvəl də o, məhkəməyə müraciət etmiş, lakin barışıq əldə olunmuşdur. Cavabdeh xarakterini dəyişmədiyindən o, yenidən məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən də, cavabdeh ilə barışığın əldə olunması mümkün deyildir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun İddiaçı ilə rəsmi nikah münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. O, uşaqlarının saxlanılmasını təmin edir, buna dair sübutları olsa da, məhkəmə iclasına gəlməsində əsas məqsədi iddiaçı ilə barışıq əldə etməkdir. O, ailəsinin dağılmasını istəmir, bu səbəbdən də barışıq üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4404/05/70 saylı arayışdan görünür ki, Cavabdeh ilə X5 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1819 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Cəbiyeva” soyadı verilmişdir. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4403/05/70 saylı arayışdan görünür ki, X4 xx.xx.2017-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3106 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4402/05/70 saylı arayışdan görünür ki, X6 xx.xx.2019-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4854 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi C.Novruz küçəsi 59 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməsinə dair qarşılıqlı razılıq olmamasını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını təqdim etməməsini, eyni zamanda, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 193 mаnаt olmaqla, cəmi 386 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3575/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3575/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver