Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3586/2023 22.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 01 avqust 2019-cu il təvəllüdlü X4 və 28 avqust 2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin, 28 avqust 2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək cavabdehin həyat yoldaşı olaraq ona 100 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 08 noyabr 2018-ci il tarixdə Səadət Sarayı Bakı Nikah evində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 01 avqust 2019-cu il təvəllüdlü X4 və 28 avqust 2022-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Onlar cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişmişdir. Uşaqları azyaşlı olduğuna görə heç bir yerdə işləyə bilmir. Lakin o, ailəsinin dağılmasını istəmir, bu səbəbdən də nikahın pozulması yox, ancaq aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək gündəlik təlabatları, sağlamlıqları və ümumiyyətlə cəmiyyətə layiqli bir insanlar kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Lakin onun maddi imkanı buna yol vermir və bütün öhdəliklər onun üzərinə düşür. Halbuki, uşaqlarının saxlanılması üçün tələbatlarını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. Buna görə də hesab edir ki, cavabdeh bir valideyn kimi uşaqlarının saxlanılması üçün aliment ödəməlidir. Belə ki, cavabdeh Azərbaycan Avtomobil Yollarında işləyir, lakin cavabdehin şəxsi mağazası da var və qeyri-rəsmi gəliri 720 manat təşkil edir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, onun rəsmi də daimi iş yeri vardır. Hazırda Azərbaycan Avtomobil X5 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də müşahidə kameraları və avadanlıqları üzrə mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqısı 750 manat təşkil edir. O, ümumilikdə 540 manat aliment ödədiyi təqdirdə, qalan 210 manat pul ilə öz ehtiyaclarını ödəməsi mümkün deyildir. Odur ki, o, hər ay hər iki uşağa görə ümumilikdə 300 manat məbləğində aliment ödəyə bilər. İş materiallarında olan Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İİ № 272623 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 08 noyabr 2018-ci il tarixli, 747 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş AZ-İV № 323471 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 01 avqust 2019-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən qeydə alınmış AZ-İV № 789392 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 28 avqust 2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə cavabdehin Azərbaycan Avtomobil X5 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-də işlədiyini və əmək haqqının 750 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki,iddiaçının tələb etdiyi miqdarda alimentin təyin edilməsi,cavabdehin əmək haqqının məbləği ilə heç cür uzlaşmır və mütənasib deyildir.Ona görə də məhkəmə qeyd olunan halı, hər iki tərəfin mənafeyini nəzərə alaraq cavabdehdən tutulacaq alimentin məbləğinin hər ay hər uşaq üçün 180 manat həddində müəyyən edilməsi nəticəsinə gəlir. Məhkəmə həmçinin cavabdehin əlavə aliment ödəməyə maddi cəhətdən imkanını olması barədə sübutlar müəyyən olunmadığını nəzərə alaraq, hesab edir ki, 28 avqust 2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək 100 manat məbləğində pulun cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2023-cü ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 63,20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixindən başlayaraq 01 avqust 2019-cu il təvəllüdlü X4 və 28 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 63,20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. İddia tələbi 28 avqust 2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3586/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3586/2023
22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver