Məhkəmə qərarları › İş №2(012)-3734/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3734/2025

26.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3734/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Xırdalan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehn qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı iddia ərizəsində atası X2 ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, iş materiallarında X1 iddiaçının atası olması ilə bağlı heç bir hüquqmüəyyən edici sənəd əlavə olunmamışdır. Halbuki, iddiaçının bununla bağlı iş materiallarına doğum haqqında şəhadətnaməni əlavə etməli idi. Həmçinin iddiaçı atası X1 vəfat etdiyini bildirsə də, bu barədə ölüm haqqında şəhadətnaməni və vərəsəliyin qəbul edilməsi barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa aid tələblərə əməl edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114.1.3 və 152.1.3cü maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdehn qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025 -ci il tarixdə, ********** saylı qəbz nömrəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmiş 100,60 (yüz manat altmış qəpik) manat pul vəsaiti iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar