Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3769/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə Culfa rayon İH Saltaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 04 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan 3 övladları - xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Hal-hazırda tərəflər arasında ailə problemləri var və bunun səbəbkarı da cavabdehdir. O, ailəsinə, uşaqlarına qarşı olduqca biganədir və qazancını başqa yerlərə xərcləyir. O, 3 övladına tək başına baxmağa çalışır və maddi cəhətdən əziyyət çəkir. Ailəmin dağılmasını istəmir və buna görə də məhkəməyə yalnız aliment tələbinə dair müraciət edir. Cavabdeh hal-hazırda onlardan ayrı və valideynlərinə məxsus Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndi, Qurtuluş- 93 Y/K, İstiqlaliyyət küçəsi, ev 92, mənzil 93 ünvanında yaşayır. Bir ata kimi heç bir vəzifəsini yerinə yetir, o, tək başına övladlarının həm maddi, həm də ki, mənəvi cəhətdən tələbatlarını ödəməyə çalışır. Maddi cəhətdən əziyyət çəkdiyi üçün aliment almağa ehtiyacı vardır. Bununla bağlı o, ilk əvvəl Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilata dəvət olunsa da, iştirak etmədiyi üçün ona xx.xx.2024-cü il tarixli X7 edilməməsi barədə arayış verildi. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, hazırda cavabdehdən ayrı yaşayır, kirayə yaşamasa da aylıq ipoteka haqqı verir. 3 uşaq üçün hər ay fərqli miqdarda xərc çıxır.Birgə yaşayanda 300-500 manat arası xərc olurdu. Məktəbə gedərkən 700 manatdan çox xərc olur. Cavabdeh keçən ay ona cəmi 20 manat pul verib. Başqa kömək etmir. İstəyi cavabdehlə barışıb bir yerdə yaşamaq istəyir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, uşaqlara hər cür baxır, nə lazımdısa alır. Dövlət Miqrasiya Xidmətində işləyir, ortalama əmək haqqı bütün çıxılmalardan sonra aylıq 1300 manatdır. O, yalnız 500 manat yardım etməyə razıdır. Atasıgildə yaşayır və kredit-borcu çoxdur. Krediti uşağın xəstəliyi ilə əlaqədar götürmüşdür. Aliment ödəməyə yalnız boşanmadan sonra razı ola bilər. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Culfa rayon İH Saltaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 606812 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə 04 saylı akt qeydi ilə Cavabdeh ilə X12 arasında nikah bağlanmışdır. Nikahdan sonra arvada Heydərzadə soyadı verilmişdir. Mülki işin materiallarından olan AZ-İİ 857341 saylı, AZ-İİİ 815055 və AZ-İV 117187 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikahından xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 adlı uşaqlar doğulmuşdur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Günay, Nihad və Adəm adlı uşaqlara görə hər ay, hər uşağa 220 manat, cəmi 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlıların mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2024cü ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 görə hər ay, hər uşağa 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin iddia təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 49.20 manat məbləğində dövlət rüsumu (660 manat x 12 ay – 50 manat (mediasiya xərci) ) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 49.20 (qırx doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3769/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3769/2024
05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver