Məhkəmə qərarları › İş №2(012)-3867/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3867/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3867/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı X1 (İddiaçı) Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanması və aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 (İddiaçı) Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 2022-ci ilin əvvələrindən qeyri-rəsmi ər-arvad münasibətləri vardır. Bir ailə kimi bir yerdə yaşayıb, birgə təsərrüfat aparmışlar. Bu münasibətlərdən xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaq dünyaya gəlmişdir. Ailə müünasibətləri pozulduğu üçün o, hazırda azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Uşağın bütün təlabatını anası ödəyir və övladına tək başına baxmağa çalışır. Cavabdehdən maddi kömək istədikdə isə onu təhqir edir, söyür, şərəf və ləyaqətini alçaldır. Maddi cəhətdən çətinliyi olduğu üçün hazırki iddianı qaldırmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında X3 (İddiaçı) MPM-nin 53-cü maddəsinə istinad edərək, birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X4 onun yanında saxlanılması və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin və ona 3 yaşı tamam olana kimi qulluq edilməsi ilə əlaqədar cavabdehdən hər ay 50 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı X3 (İddiaçı) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 453880 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası isə Fatimə Məmmədovadır. İşdə olan AZ-İV 890337 saylı doğum haqqında şəhadətnamənin suətindən görünür ki, tərəflərin xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə hesab edir ki, uşağa ana qayğısı, ana nəvazişi lazım olduğundan, xx.xx.2023-cü il təvəllüdlü X5 adlı azyaşlı uşaq anası X1 (İddiaçı) yanında saxlanılmalıdır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə cavabdehdən Hüseyn adlı uşaq 3 yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə alimentin tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən Hüseyn adlı uşaq 3 yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulan vəsaitin məbləği 25 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2024-cü il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Hüseyn adlı uşağın saxlanılması üçün hər ay 235 manat, o cümlədən onun 3 yaşına çatanadək hər ay 25 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı X3 (İddiaçı) hazırki iddia tələbini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin münasibətlərindən doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaq anasında qalmalı və onun saxlanılması üçün cavabdehdən iddiaçı X1 (İddiaçı) xeyrinə hər ay 235 manat məbləğində aliment, habelə uşağın 3 yaşı tamam olanadək Cavabdeh hər ay sabit pul şəklində 25 manat məbləğində aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X5 anası X1 (İddiaçı) yanında saxlanılsın. Cavabdeh X1 (İddiaçı) xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat, habelə onun 3 yaşı tamam olanadək hər ay 25 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aliment tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar