Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3894/2022 06.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2, Cavabdeh, eyni zamanda, digər Cavabdeh4 nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə onların müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən (Zəngilan şəhərciyi) 1 saylı binada 22 saylı mənzilə dair xx.xx.2013-cü il tarixli 1-22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılaraq mənzilin Komitənin Mənzil İstismar Departamentinin balansına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Həmin yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanları, sərəncamları və dövlət proqramlarına əsasən tikilərək, həmçinin, dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir, yaxud ümumiyyətlə, həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Komitənin Mənzil İstismar Departamentinin xx.xx.2013-cü il tarixli “1-22” saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı binada 22 saylı 3 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra, Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Nümayəndə1 və ailə üzvlərinin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Nümayəndə1 və ailə üzvlərinə 22 saylı mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdehlərin onlara verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.2 və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Cavabdehlərin onlara verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Komitənin Mənzil İstismar Departamentinin nümayəndəsinin iştirakı ilə sözügedən mənzilə 3 dəfə baxış keçirilmiş, akt tərtib olunmuş, nəticədə, cavabdehlərin onlara verilmiş mənzildə yaşamadığı müəyyən olunmuşdur. Nümayəndələr tərəfindən hər gün olmasa da, mütəmadi olaraq məcburi köçkünlərin mənzildə yaşayıbyaşamadığı yoxlanılır. Cavabdehlərin müqaviləyə əsasən, nəzərdə tutulmuş müddətdə, yəni 3 ay müddətində yaşamadığını sübuta yetirən sənəd mülki iş materiallarına əlavə olunmuş aktdır. Aktın tərtib olunmasında hal şahidləri iştirak etməsə də, aktda adıçəkilən Pərviz Hüseynov hüquqşünas, Səbuhi Quliyev və Saleh Slüymanov isə güman ki, Departamentin işçiləridir. Akt sübut kimi təqdim olunsa da, onun tərtib olunması barədə dəqiq məlumat deyə bilmir. İddiaçı tərəfindən təqdim olunmuş bildirişlər isə akt əvəzidir, bu səbəbdən də həmin sənədlər də akt kimi nəzərə alınsa üç ədəd akt tərtib olunmuşdur. Aktda cavabdehlərin sözügedən mənzildə hansı tarixdə və hansı saatda yaşamaması barədə hər hansı bir məlumat qeyd edilməmiş və bunun səbəbi barədə deyəcək bir cavabı yoxdur. Məhkəmə iclasında cavabdeh, eyni zamanda, digər Cavabdeh4 nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçının nümayəndəsi onların mənzildə yaşamadığı barədə aktın tərtib olunmasından bəhs etsə də, onun həmin aktdan məlumatı olmamışdır. Etiraf edir ki, ola bilsin ki, o, həmin gün mənzildə olmamışdır. O, müvəqqəti istifadəsinə verilmiş Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzilini daimi olaraq tərk etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş bildirişlərin varlığından məlumatı yoxdur. Ona hər hansı bir məlumat verilməmişdir. Ola bilsin, həmin müddətdə məzuniyyətdə olmuş və harasa gedəndə də ailəvi olaraq bir yerdə gedirlər. Onun yaşamaq üçün başqa bir evi yoxdur. Eyni zamanda, qeyd edir ki, o, daimi olaraq həmin mənzildə yaşayır və mənzilini kirayə verməmişdir. Sözügedən mənzildə o özü, yoldaşı, qızı və oğlu ilə birlikdə yaşayırlar. Onun həyat yoldaşı müalicə alır, ola bilsin ki, on günlük qızının yanına müalicə üçün gedir. Belə ki, yoldaşı onkoloji xəstə olmaqla daimi nəzarət altında olması zəruridir. Onun hər gün daimi olaraq anbaan sözügedən mənzildə yaşaması təbii ki, mümkün deyildir, bu səbəbdən də bəzi zamanlarda mənzili tərk etməsi mümkündür. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzilində daimi yaşayır. O, əvvəl işi ilə bağlı şəhərdə işləmişdir. Qonşuları da onları tanıyır, yaxın qonşuluq münasibətləri vardır. Bir həftə, on günlük evi tərk etdikləri olmuşdur. Müalicə, istirahət ilə əlaqədar olaraq bəzi hallarda mənzili tərk edə bilirlər. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, digər cavabdeh olan atası Nümayəndə1 dediklərini təsdiq edir. Daimi olaraq Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzilində yaşasalar da, bəzən müvəqqəti olaraq qısa bir müddət ərzində mənzildə olmadıqları gün olmuşdur. Bunu qonşuları da təsdiq edə bilər. Qonşuları tərəfindən tərtib olunmuş akt vardır ki, həmin qonşular da şahid qismində iştirak etməklə aktı təsdiq edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan Şəhərciyi 1 saylı evin 21 saylı mənzilində yaşayır. Cavabdehlər Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun qonşuları olmaqla yaxın qonşuluq münasibətləri vardır. O, ikinci mərtəbədə, cavabdehlər isə üçüncü mərtəbədə olmaqla alt-üst qonşulardır. Cavabdehlər sözügedən mənzildə o, həmin binaya köçən gündən yaşayırlar. Cavabdehin həyat yoldaşının sağlamlığı ilə əlaqədar bir həftə-on günlük harasa gedirlər. Mənzili başqa şəxslərə verməmişlər. Daimi olaraq, o, cavabdehləri mənzildə görür və hazırki gündə də onlar həmin mənzildə yaşayırlar. Lakin uzunmüddətli 3 aylıq-4 aylıq harasa getməyiblər. Mənzil İstismar Departamentinin nümayəndələrinin sözügedən mənzilə gələrək akt tərtib etmələrini görməmişdir. Əgər gəlmiş olsalar belə, iş vaxtında yəni saat 9-6 aralığında gəlmiş olarlar ki, həmin saatlarda da o, özü də işdə olmuşdur. Mütəmadi olaraq, bilir ki, Departament nümayəndələri nəzarət edirlər, hətta onun evinə də gəlib qapısını döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan Şəhərciyi 1 saylı evin 25 saylı mənzilində yaşayır. Cavabdehlər Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun qonşuları olmaqla yaxın qonşuluq münasibətləri vardır. O, dördüncü mərtəbədə, cavabdehlər isə üçüncü mərtəbədə olmaqla alt-üst qonşulardır. Onun qonşuları ilə mehriban qonşuluq münasibətləri var. Cavabdehlər uzunmüddətli mənzili tərk etməmişlər, hazırda da yaşayırlar. Bəzən o, cavabdehin evinə gedir. Ola bilər ki, həftəsonu harasa getmiş olurlar. Üç aylıq harasa getməsi barədə bir məlumatı yoxdur. O, özü də işləyir. Departament nümayəndələri tərəfindən nəzarət edilir, hətta cavabdehlər evdə olmayan vaxtı gəlmiş və qapıya xəbərdarlıq kağızı qoyulmuşdur. Hətta o, nümayəndələrə cavabdehlərin işdə olduğunu bildirmişdir. Həftə sonu gəlmələrini bilmir, lakin iş günündə gəldiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zəngilan Şəhərciyi 1 saylı evin 24 saylı mənzilində yaşayır. Cavabdehlər Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun qonşuları olmaqla yaxın qonşuluq münasibətləri vardır. O və cavabdehlər eyni mərtəbədə, yəni üçüncü mərtəbədə olmaqla üzbəüz qonşudurlar. O, cavabdehləri hər gün mənzildə görür. Belə ki, o, özü müəllim işləyir. Cavabdehlərin bəzən həftəsonu evdən çıxdıqları an olur, lakin üç-dörd aylıq müddətə evi tərk etməmişlər. Departament nümayəndələri tərəfindən bir il bundan əvvəl onun evinə gələrək ailədə neçə nəfər olduqlarını yoxlamışlar. Lakin cavabdehlər olan qonşularını yoxlayıb-yoxlamadığı barədə xatırlamır. Hətta onun, özü də 15 gün harasa getdiyi olur, məktəb bağlandığı vaxt da tətil zamanında öz valideynlərinin evinə gedir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ. hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Kirayəyəverən Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə kirayəçi Nümayəndə1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1-22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid olan Abşeron rayonu Masazır qəsəbəsi 1 saylı evin 3 otaqlı 21 saylı mənzilini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən, kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəyə verilmiş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək kirayəçinin əsas vəzifələrindən biridir. Müqavilənin 5.2-ci bəndinə əsasən, aşağıdakı hallarda bu müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.2. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla); 5.4.3. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci bəndinə əsasən, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. -Abşeron rayon Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi Pərviz Həsənov, sahə nəzarətçisi Səbuhi Quliyev, fəhlə Saleh Süleymanov tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Dövlət Qaçqınkomun müvəqqəti yaşamaq üçün verdiyi ev 1 mənzil 22 ünvanında qeydiyyatda olan Nümayəndə1 və onun ailə üzvləri uzun müddətdir ki, sözügedən mənzildə yaşamırlar. Dəfələrlə həmin mənzilin boşaldılması barədə müraciətə baxmayaraq, mənzilin boşaldılması hələ də təmin edilməmişdir. -ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan vətəndaş Nümayəndə1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişxəbərdarlıqlardan görünür ki, Dövlət Qaçqınkomun müvəqqəti yaşamaqları üçün təqdim etdiyi ev 1 mənzil 22, 3 otaqdan ibarət mənzildə uzun müddət yaşamadığı üçün sözügedən mənzilin digər qaçqın və məcburi köçkün ailəsinə təhvil verilməsi üçün 10 gün müddətinə boşaldılmasının təmin edilməsi xahiş olunmuşdur. -X3, X2, X7 və Sənubər Bayramova tərəfindən tərtib olunmaqla imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, onların Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzilində yaşayan qonşuları Nümayəndə1 ailəsi-yoldaşının və özünün səhhəti ilə bağlı qısa fasilələr nəzərə alınmasa daimi olaraq qeyd olunan ünvanda yaşayırlar. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün olan - Nümayəndə1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi 16 saylı evin 60 saylı mənzilində, Cavabdeh4 isə Bakı şəhəri Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsi 75/1 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh Nümayəndə1 iddiaçı Dövlətqaçqınkom Mənzil İstismar Departamenti ilə bağladığı xx.xx.2013-cü il tarixli 1-22 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, kirayəyə verən dövlət mənzil fonduna aid Abşeron rayonu Masazır qəsəbəsi 1 saylı evin 3 otaqlı 22 saylı mənzilini cavabdehə ailə üzvləri ilə birlikdə, yəni digər cavabdehlər - arvadı Cavabdeh2, oğlu Cavabdeh3 və qızı Cavabdeh4 müvəqqəti yaşamaq üçün sahibliyinə və istifadəsinə vermişdir. Qeyd olunan müqaviləyə əsasən, müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzili kirayəyə verəndən təhvil almaq, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmək, yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, digər şəxslərin icarəsinə, istifadəsinə verməmək, yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək, yararlı vəziyyətdə saxlamaq, eyni zamanda, cari təmirini aparmaq öhdəliyini öz üzərinə götürmüş cavabdehlərin göstərilən ünvanda daimi olaraq müəyyən olunmuş 3 aydan artıq müddətdə yaşamadığı səbəbindən iddiaçı kirayəçilərlə bağlanmış müqavilənin ləğv edilərək cavabdehlərin Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzilindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il tarixli № 32 saylı Qərarının 10-cu bəndinə əsasən, nəzərdə tutulacaq yaşayış binalarında və mənzillərində qaçqın və köçkünlərin məskunlaşmasına nəzarət etmək hüququnun Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə tapşırılması qərara alınmışdır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən, məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi müvəqqəti yaşayış sahəsi ilə təmin edilmə tətbiq olunur. 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə, digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə cavabdehlər Zəngilan rayonundan məcburi köçkün statusuna malikdirlər və cavabdeh Nümayəndə1 iddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağladığı xx.xx.2013-cü il tarixli 1-22 saylı müqaviləyə əsasən, mübahisəli Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 3 otaqlı 22 saylı mənzili dövlət mənzil fonduna aid edilməklə, cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli № 65 saylı Qərarının: 1.2. bəndinə əsasən, bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.4. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 1.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. 2.5. bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. 3.1. bəndinə əsasən, məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. bəndinə əsasən, məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.7. bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, tərəflərin izahatı, həmçinin, şahid ifadələri əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzili cavabdehlərin müvəqqəti sahiblik və istifadəsinə verilmiş olsa da, cavabdehlər mənzildən təyinatına görə istifadə etmək, həmçinin, mənzili müqavilə ilə müəyyən edilmiş müddətdən artıq tərk etməmək öhdəliyini öz üzərilərinə götürmüşlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.3.2. bəndinə əsasən, xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. 91.1.15 bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 91.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 99.3. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. bəndinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 100.3. kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Qanunun tələblərindən göründüyü kimi, xüsusi təyinatlı kirayə müqaviləsinin kirayəyə verən tərəfindən məhkəmə qaydasında ləğv edilməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan biri də müqavilədən də göründüyü kimi, cavabdehlərin 3 aydan artıq müddətdə müvəqqəti sahibliyə və istifadəyə verilmiş mənzildə daimi olaraq yaşamamasıdır. İddia tələbindən də görünür ki, iddiaçı qeyd olunan normanı əsas götürərək, yəni cavabdehlərin daimi olaraq Abşeron rayonu Masazır qəsəbəsi Zəngilan şəhərciyi 1 saylı evin 22 saylı mənzilində daimi olaraq yaşamaması səbəbindən cavabdehlə bağlanmış müqavilənin ləğvini tələb etmişdir. İlkin olaraq, mülki iş materiallarına əlavə olunmuş akt, həmçinin, bildirişxəbərdarlıqlar əsasında cavabdehlərin mənzildə uzun müddətdir ki, yaşamamaları təsdiq olunmaqla göstərilən halla bağlı cavabdehlərə bildiriş göndərilmiş və iddiaçı iddia tələbinin əsası kimi yalnız göstərilən sənədləri məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Məhkəmə Mənzil Kommunal İstismar Sahəsinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş aktla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə qeyd edir ki, Mənzil Kommunal İsitsmar Sahəsinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş akt cavabdehlərin mənzildə uzun müddətli yaşamadığını təsdiq etmiş olsa da, məhkəmə həmin aktı sübut növü kimi qiymətləndirərkən aşağıdakıları nəzərə almışdır. Belə ki, sözügedən akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmır. Lakin göründüyü kimi, aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək cavabdehlərin və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda cavabdehlərin sözügedən mənzildə yaşamadığı qeyd olunsa da, hansı müddətdə yaşamadığı, həmçinin, aktın tərtib olunma tarixi qeyd olunmamışdır. Göründüyü kimi, tərtib olunmuş akt natamam olmaqla düzgünlüyü şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Eyni zamanda iddiaçı tərəfindən iş üzrə cəmi 1 akt tərtib edilmişdir ki, bu isə bir hadisənin bir dəfə baş verməsini təsdiq edən sənəddir. Lakin iddiaçı cavabdehlərin 3 ay müddətində mənzildə olmasını 1 aktda göstərməklə qalan vaxtları bildiriş göndərməklə izahatında əsaslandırmışdır ki, bu isə sübut kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı yalnız aktı məhkəməyə təqdim etməklə kifayətlənmişdir ki, bu da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə araşdırması zamanı əksinə, şahid ifadələri əsasında cavabdehlərin daimi olaraq onların müvəqqəti sahiblik və istifadələrinə verilmiş mənzildə yaşamaları, 3 aydan artıq olmayan müddətə mənzili tərk etməmələri müəyyən olunduğundan iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Nümayəndə1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3894/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3894/2022
06.10.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver