Məhkəmə qərarları › İş №2(012)-3902/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3902/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3902/2025 06.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin və ödədiyi 50 manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Laçın rayonundan olan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon 23, Qaçaq Nəbi küçəsində yerləşən idarə binasında məskunlaşmaqla yaşayır. Onunla Cavabdeh faktiki nikahından xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuş və cavabdehin uşağın atası olması faktı təsdiq edilmişdir. Cavabdeh ilə aralarında tez-tez mübahisə baş verdiyi üçün ailə münasibəti davam etdirilə bilməmişdir və bu səbəbdən, artıq 9 aydır ki, onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Bildirir ki, cavabdeh ona rəsmi nikah bağlamadığına görə qardaşı onu evdən aparmışdır. O, azyaşlı övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh övladının saxlanılması üçün maddi kömək etmir. Bu səbəbdən o, Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nəzərə çatdırır ki, xx.xx.2025-ci il tarixdə Bakı 9 saylı Mediasiya Təşkilatında ilkin mediasiya prosesi keçirilmiş, cavabdeh ilə aralarında razılıq olmadığı üçün sözügedən mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. O, övladının saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində aliment ödəməsini istəyir. Məlumat üçün bildirir ki, Cavabdeh Bərdə rayonunda bərbər işləyir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, İddiaçı ayrılmaq istəməmişdir. Belə ki, atası vəfat etdiyi gün iddiaçı cehiz əşyalarını birgə yaşadıqları evdən çıxarmışdır. İddiaçının qardaşı isə iddiaçının ondan küsdüyünü bildirərək iddiaçını evdən aparmışdır. O, hazırda bərbər işləyir, ayda 350 manat pul qazanır və ayda təxminən 130-150 manat məbləğində aliment ödəyə bilər. İş materiallarında olan Bərdə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 406864 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 01 avqust 2020-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 335 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 529301 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 avqust 2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşağin üstün mənafeyini və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq cavabdehin etirazını əsaslı hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini nəzərə alaraq belə nəticəyə gəlir ki, 01 avqust 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci ildən tutulmalıdır. Həmçinin iddia tələbinin 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 49,52 (qırx doqquz manat, əlli iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 01 avqust 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilsin. Cavabdeh 49,52 (qırx doqquz manat, əlli iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar