Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3927/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin ləğv edilməsi və pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 18.11.2015-ci il tarixli, No.LM-0631 nömrəli mənzilin alqısatqı müqaviləsinin ləğv olunması, bu müqaviləyə əsasən "xxxx" MMC-yə ödədiyi 17876 manat məbləğində pulun, əlavə olaraq hər ilə görə ödənilmiş pulun 12 faizi (2145,12) manat olmaqla, 12870,12 manat, cəmi 30746,2 manat ziyanın cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağanmış 18.11.2015-ci il tarixli, No.LM-0631 “Mənzilin alqı-satqı” müqaviləsinə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanda inşa edilmiş çoxmənzilli 8-ci yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 36.3 kv.m olan birotaqlı 83 saylı mənzili iddiaçıya veməyi öhdəsinə götürüb. Həmin müqaviləyə əsasən mənzilin hər 1 kvadrat metrinin dəyəri 950 manat olmaqla ümumi dəyəri 34485 manat olaraq razılaşdırılıb. Qeyd olunan məbləği 120 ay müddətinə ayda 288 manat olmaqla iddiaçı ödəməyi öhdəsinə götürüb. İddiaçı müqavilə üzrə hazırki müddətədək bütün öhdəliklərini yerinə yetirərək aylıq 288 manat olmaqla 17876 manat pulu ödəyib. Bu MMC-nin 07.01.2021-ci il tarixli LM-0631-2.2021 saylı “Maliyyə arayışı” ilə də təsdiq edilmişdir. Lakin cavabdeh mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq iddiaçının istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil verilməsini özündə ehtiva edən 17 fevral 2021-ci il tarixdə pretenziya cavabdehə göndərilmişdir. Lakin hal-hazıradək müqavilə əsasında iddiaçıya məxsus olan mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. Bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğvi və ödədiyi pulu gecikdirilən hər ilə (6 il) görə faizlər hesablanmaqla geri almaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən cavabdeh "xxxx" MMC-yə ərizə ilə müraciət etmiş, həmin müraciətdə müqavilənin ləğvinin və göstərilən pulun ona geri qaytarılmasının 7 gün ərzində həyata keçirilməsini xahiş etmişdir. Lakin cavabdehdən ona heç bir cavab gəlməmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini, tikinti işlərinin davam etdiyini, tikintinin aparılmasından imtina edilmədiyini, tikintidə çox sayda fəhlə və usta işlədiyini, müqavilə ləğv olunsa da, mənzil 3-cü şəxsə satıldıqdan sonra iddiaçıya pulun qaytarılacağını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Mənzilin alqı-satqı müqaviləsindən görünür ki, 18.11.2015-ci il tarixli, No.LM-0631 nömrəli "xxxx" MMC tərəfindən satılmış təmirsiz mənzil üçün "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 8, mərtəbə 11, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yer, balkonun qoruyucu konstruksiyası daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 36,3 kv.m olan 1 otaqlı, 83 saylı mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öz öhdəsinə götürür. Mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin 1 kv.m sahəsinin qiyməti 950,00 manat olmaqla müqavilənin qiyməti cəmi 34,485 manat müəyyən edilmişdir. Alıcı müqavilə qiymətindən 0,00 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 34,485 manatlıq məbləği 120 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1 % məbləğində komisyon xərcini müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. "xxxx" MMC-nin 07.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 8, mərtəbə 11, ümumi sahəsi 36,3 kv.m olan 1 otaqlı, 83 saylı mənzil üçün 17876 manat məbləğində vəsait ödəmişdir. Borc qalığı 16609 manat, ümumi dəyər isə 34485 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. İddiaçı tərəfin təqdim etdiyi sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, sözügedən mübahisəli mənzil iddiaçının razılığı və müqavilə əsasında alqı-satqı predmeti olmuş və verilən müvafiq pul müqabilində alqı-satqı qanunamüvafiq qaydada rəsmiləşdirilərək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış müqavilənin mühüm şərtləri barədə razılığa gəlinmiş, müqavilənin şərtlərində konkret olaraq göstərilməsə də, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, mənzil 2 il müddətinə iddiaçıya təhvil verilməli olduğu halda həmin vaxtdan 6 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh mənzili iddiaçıya təhvil verməmiş və bununla da, cavabdeh "xxxx" MMC tərəfindən həmin müqavilənin şərtləri pozulmuşdur. Belə ki, iş materiallarından, tərəflərin izahatı ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Bir halda ki, iddiaçının sifariş etdiyi mənzil 16 mərtəbəli binanın 11-ci mərtəbəsindədir və bu müddət ərzində binanın 10 mərtəbəsinin tikintisi başa çatıb, belə olan halda, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozub. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrası müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, iddiaçının sifariş etdiyi mənzil 16 mərtəbəli binanın 11-ci mərtəbəsindədir və müqavilənin bağlandığı vaxtdan keçən müddət ərzində binanın yalnız 10-cu mərtəbəsinin tikintisi başa çatıb, belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin halları və qeyd edilən qanunvericilik normaları baxımından iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə müqavilənin 10.2-ci bəndinə görə müqavilənin ləğv edilməsi halında ödənilmiş pulun Cəmiyyətin birbaşa və dolayı bütün məsrəfləri çıxıldıqdan sonra, həmin mənzil üçüncü şəxsə satıldıqdan sonrakı 7 iş günü ərzində alıcıya qaytarılmalı olmasını isə əsaslı saymır. Belə ki, məhkəmə bir daha qeyd edir ki, ödənilmiş pulun iddiaçıya qaytarılmasının müqavilədə tikilməsinin nə vaxt başa çatacağı göstərilməyən və şəraitə görə də tikintisinin nə vaxt başa çatması məlum olmayan mənzilin üçüncü şəxslərə satılması ilə şərtləndirilməsi əsaslı dəlil deyildir. Mənzillə bağlı Cəmiyyətin bütün məsrəfləri çıxıldıqdan sonra yerdə qalan məbləğin qaytarılmasına gəldikdə, məhkəmə qeyd edir ki, hansı məsrəflərin iddiaçının ödədiyi puldan çıxılmalı olmasını cavabdeh təşkilat məhkəmədə izah və sübut edə bilməmişdir. Ümumiyyətlə, hələ mövcud olmayan mənzilin tikintisi ilə bağlı hansı xərc və məsrəfin ola biləcəyi ağlabatan dəlil sayıla bilməz. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18.11.2015-ci il tarixli, No.LM-0631 nömrəli mənzilin alqı-satqı müqaviləsi ləğv olunmalı, bu müqaviləyə əsasən "xxxx" MMC-yə ödədiyi 17876 manat məbləğində pul İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən əlavə olaraq dəymiş maddi ziyana görə 12870,12 manat pulun tutulmasını xahiş etsə də, həmin hissəyə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 18.11.2015-ci il tarixli, No.LM- 0631 saylı alqı-satqı müqaviləsi ləğv edilsin. 18.11.2015-ci il tarixli, No.LM-0631 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMCyə İddiaçı tərəfindən ödənilmiş 17876 (on yeddi min səkkiz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti cavabdeh “AAAF İnşaat" MMC-dən alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3927/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3927/2021
14.07.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver