Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4001/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Qənbərov Muğbil Malik oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Qənbərov Muğbil Malik oğluna qarşı «dəymiş mənəvi zərərin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdən ibarət olan hüquqazidd, işlətdiyi böhtan xarakterli ifadələri, hərəkətləri nəticəsində vurmuş olduğu mənəvi zərərin (mənəvi iztirabların) əvəzi olan 9000 manat və məhkəmə xərci olan 110 manat pulun tutulması, həmçinin sosial şəbəkələrdə barəmdə dediyi böhtanlarla bağlı eyni qaydada təkzib verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh 05 sentyabr 2020-ci il tarixdə «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Kanal13» TV kanalına verdiyi müsahibəsində onun şərəf və ləyaqətini ləkələyən, qəsdən yalan olduğunu biləbilə cinayət qanunvericiliyi ilə nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlər törətməsi barədə məlumatları yaymışdır. Belə ki, cavabdeh həmin müsahibədə bildirmişdir: “Ağsuda bir neçə dələduz polis tərəfindən bu kənd camaatına Kəndoba, Cəlayir, Abasxanlı camaatına divan tuturlar. Belə desək, soyqırım edirlər konkret. Qanunsuz qaydalar tətbiq edərək pandemiya dövründə camaatı aparıb cərimələyirlər, heç bir çek vermədən qanuni şəkildə maskanın cəriməsi 100 manat olduğu halda, kimdən nə qədər, bacardıqları qədər alırlar. 300 manat, 400 manat, 500 manat alırlar və incidirlər. Saatlarla polis şöbəsində ac-susuz saxlayırlar. Mənə kənd camaatının danışdığı, bəzilərindən olan deyilənlər və məlumata görə Çingiz və qardaşları Cəlayir kəndindən qanunsuz aparıblar bunları polis bölməsinə və döyülüblər polis bölməsinə gedəndə. 400 manat əlbəəl alıblar 460 manat və 3 nəfəri hərəsinə 100 manatdan cərimə yazıblar. Bu işləri görən polislər konkret olaraq Ağsu rayonunda bir neçə adda. X18, İddiaçı, Anar Həmidov, Zöhrab Əliyev və bir ikisi də var ki, onların adlarını qeyd eliyə bilmədim. Bunlar insanlara şər atırlar, böhtan atırlar. Qanunsuz olaraq aparırlar susuz, ac bölmədə saxlayırlar. Mən elə başa düşdüm ki, bunların özbaşınalıqları və bu kəndlərə bu cür hərəkət törətmələri bundan irəli gəlir ki, bunlar bu kənddə olan camaata qazanc mənbəyi kimi baxırlar, yem yeri kimi baxırlar. Və bəzilərini polis bölməsində döyürlər, incidirlər, saatlarla, günlərlə ac saxlayırlar. Bu nə beynəlxalq hüquqa uyğun gəlir, nə Azərbaycan Konstitusiyasına uyğundur. Bu, konkret olaraq soyqırımdır. Bu, insanlara qarşı törədilən bir cinayətdir. Hətta bu dünyada ən qatı cinayətkara qarşı bu, tətbiq edilmir. Ac, susuz saatlarla, sutkalarla, günlərlə saxlayıb insanları incidirlər. Eyni zamanda nə bu, bizim milli mənəvi dəyərlərimizə uyğun gəlir, nə dinimizə uyğun gəlir. Eyni zamanda bu nə kişiliyə uyğun gəlir. Bunlar bu hərəkətləri edirlər. Fakt olaraq İddiaçı tərəfindən X9 döyülərək xəsarət alıb, polis bölməsində və Bakıda xəstəxanaların birinə yerləşdirilmişdir. Onun atası Daxili İşlər Nazirliyinə müraciət edib. Faktlar var ortalıqda. O insan xəsarət alıb. Bölmədə, şöbədə İddiaçı tərəfindən bir neçə polis ilə. Bu Zöhrab, Əliyev Zöhrab, xüsusən, bizim qonşu kənd, Kəndoba ilə münasibətlərimiz yaxşı olduğu halda gedir ora qeyri etik hərəkətlər edir, nə polisə yaraşan, nə kişiliyə yaraşan, nə insanlığa yaraşan hərəkətlər edir. Və o insan. Kəndoba kəndinin camaatı bizimlə həm qohumluğu var, eyni zamanda yaxşı münasibətləri var. Biz onlarla xoş münasibətdəyik. Onlar da dəfələr narazılıq eləyiblər ki, bu nədir, bu polis gəlir. Bizim kəndimizdə də, onların kəndində də polis işləyən var, o, bu cür qanunsuzluqlar etmir. Şəxsən bizim kəndimizə gələndə. Mən adların çəkmirəm. Bizim kəndimizdə başqa bir polis də var. O da Ağsu idarəsində işləyir. O da belə hərəkətlər etmir. Ümumiyyətlə, bu kəndin camaatı Kəndoba, Cəlayır, Abasxanlıdır, bütövlükdə, polisdən narazılıqları yoxdur, bu 4-5 polisdən narazıdırlar. Bizim ağlı başında, səliqəli işləyən polislərimiz var. Kəndobadan var, adın çəkmədim. Bizim öz kəndimizdə var, uzun müddət Ağsu rayonunda yaşayıb. Səliqəli bir insandır. Polis kimi özünə hörmət qoyur. Bəzən də bunlar deyir ki, biz yaxşı edirik, belə edirik. Əlimizin içindən gəlir. Deyərdim ki, insanlar bunlardan, bəzi insanlar bunlardan qorxurlar, çəkinirlər. Bunların bu hərəkətlərinə görə. Elə insanlar. Tutalım, o Vilayət ki var, müsahibə, ondan intervyu götürəndə o, qaçıb. Amma etiraf edir ki, mənə zülm ediblər. Mənə tezdən axşama qədər ac-susuz saxlayıblar. Yalnız mən qorxuram. Biz ona sual verəndə sənə kim edib. Bəs bu barədə araşdırmalar gedəcək, biz danışacağıq. O, dedi, siz nəbadə danışasınız. Elə təsəvvür etdi ki, Anar Həmidov Azərbaycanın bir rayonunda polis şöbəsində serjant işləyir. Şəxsən o, Azərbaycanın yiyəsidir. Bunlar kənddə özbaşınalıq, hərcmərclik, kimə çatdı döyürlər, kimə çatdı cumurlar. Belə çıxır ki, bunların hərəkətləri əgər qanun çərçivəsində görülməsə, bəyəm bu Azərbaycan bizim ölkə cəngəllik qanunları ilə idarə olunur? Onda belə çıxır ki, Cəlayır kəndində, Kəndoba kəndində, Abbasxanlı kəndində, qolu güclülər bir 30-40 nəfər yığılsın, getsin, polis idarəsində müharibə elan etsin. Hərə bir lapatqa, balta, yaba, götürsün müharibə etsin. Biz harda yaşayırıq? Suriyada yaşayırıq? Hansısa Afrikanın bir ucqar kəndində yaşayırıq. Bu, dövlətdir. Burada qanun-qayda var. Bu əmələ gəlmir axı bu işlər. Xüsusən X18, baş tədqiqatçı, apardığı bu son cinayət işi ilə bağlı böyük nöqsanlara yol verib. Cinayətkarın cinayətin gizlədərək xüsusən gedib cinayətkar ilə, X8 Ağsuda 200 qram araq içib və İddiaçı iştirakı ilə gəlib cinayətkarın cinayətini gizlədib. O hadisədə ki hədd aşma olub, xuliqanlıq olub, insanlara qarşı cinayət olunub. Belə nəticəyə gəlirsən ki, bu, öz savadı ilə gedib hüquqşünas olmayıb, polis olmayıb. Belə nəticəyə gəlmək olur ki, bu, dananı, qoyunu satıb gəlib polis olub”. Daha sonra, o, müsahibəsində bildirmişdir: “Polis idarəsi dəqiq bilmirəm, məndə olan məlumata görə, amma icra başçısı bu prosesi, olan hadisələri nəzarətə götürüb, eyni zamanda bu barədə X2 dediklərinə görə icra başçısı bunu konkret öz nəzarətinə götürüb. Bilir bunların özbaşınalıqlarını. Bu barədə onda olan məlumata görə iş görür. Heç bir problem yoxdur deyir, icra başçısı bu barədə işlər görür. Eyni zamanda məhkəmədən narazılıq yoxdur. Soruşdum. Onlar da bunu nəzarətə götürüblər, bilirlər, bu cinayətkarları ki özbaşınalıqları və prokuraturadan da müəyyən qədər deyəsən bilirlər... Polis idarəsində, deyəsən, olan məlumat yoxdur bizdə, demək olar ki, onlar indi nə işlər görür, nə proseslər görür. Daxili İşlər Nazirliyindən kimsə kəndə gəlsin ya Kəndoba kəndinə, ya Ağsu rayonuna, ya Cəlayır kəndinə gəlsin nümayəndə yerində, insanları dinləsin. Və insanların problemi nədir və nəyə görə bu insanlar soyqırımla üzləşiblər. Kimdi axı bu Anar Hümbətov? Kimdir X19, İddiaçı, Vüsal Hüseynov?”. Bundan başqa Cavabdeh «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «Bumerang» TV kanalında «Sənin səsin» rubrikasında 02 sentyabr 2020-ci il tarixdə verdiyi müsahibəsində bildirmişdir: “Deməli, bizim kəndin və qonşu kəndin, Kəndoba kəndinin, Ağsu rayonunun bəzi polis işçilərindən narazılıqları var və o polislərin, xüsusən, Kəndoba, Cəlayır kəndinin sakinlərinə qeyri-qanuni hərəkətləri var. Bu pandemiya dövründə bəzi beynəlxalq hüquqa, beynəlxalq qaydalara, xüsusən, Azərbaycan Konstitusiyasının qanununa zidd olaraq incidiblər. Xüsusən, burada mən adlar qeyd etmişəm ki, kimlər bunlardan əziyyət çəkiblər. Deməli, bizim Cəlayır kəndindən X3, Abbasov Əјdəг Rasim oğlu, Çingiz adında Cəlayır kənd sakini öz narazılığını bildirib. Bu pandemiya dövründə bunları qanunsuz incidən polislər kimlərdir. Deməli, burada Anar adlı polisdir, bunları şərləyərək Əјdər dediyimiz şəxsi Abbasov Əjdəri şərləyərək, qanunsuz tutaraq polis bölməsinə aparıb, xüsusən, o, Çingiz, 3 qardaş olar ki, Cəlayır kəndindəndir. Deməli, onlar bostan əkiblər qıraq kənddə, bizim ana vətəni sayılır onların. Bu dövrdə gediş-gəliş olmalıdır, qanunla kənd təsərrüfatına qadağa olmadığı halda bunları yolda şərləyərək, qayda-qanunu, karantin qaydalarını pozmaqla bağlı bunları bölməyə aparıb 400 manat əlbəəl pul alıblar bunlardan. Bunları cərimələyib, bundan da əlavə 300 manat, bunların hərəsinə 100 manat, 100 manat pul yazıblar cərimə. Xüsusən də onun qardaşı təzyiqlə üzləşib, deyib əgər siz bu pulu ödəməsəniz, sizə 20 sutka iş veriləcək. Yəni sizi 20 sutka həbs edəcəyik. Bu, Anardır. Ondan sonra gəldik bu İddiaçı. İddiaçı, deməli, öz qohumunun, əqrəbasının qardaşı bələdiyyədir. Cəlayır kəndində qoçuluq, özbaşınalıq, konkret olaraq kənd camaatına zülm ediblər, kənd camaatını incidiblər. X13 vardır. Başsız ailədir. Qardaşını öyrədərək gedib onun çəpərini sökməyi, halbuki qadın onu öz zəhməti ilə, öz əxlaqı ilə, öz mənəviyyatı ilə, öz əlinin zəhməti ilə özünə ev tikib. Həyət düzəldib. O, bizim fəxrimizdir. İftixarımızdır. Bu halda onlara təzyiq ediblər. Və ona deyib ki, sən çəpəri sökməlisən. Sökmədiyin halda biz polislə gəlib sizi cərimə edəcəyik. 8000 manat deyib sizə kəsəcəyik. Ondan sonra dayısı Salaməddin kənddə dəfələrlə qoçuluq edib və güvəndiyi yerdə bacısı oğlu müstəntiq, Ağsu rayonunun müstəntiqidir, ona güvənib. Və xüsusən də bizim kənddən bir neçə polis işçisi var ki, bunlar bizi qarşı, o birisi kəndlərlə üzbəüz qoyur. X6, gedirlər qonşu kənddə bizim onlarla şirin, qəşəng münasibətimiz var. Qohumluğumuz var. Gedirlər orada polisə yaraşmayan, insanlığa yaraşmayan hərəkətlər edirlər. Onlar da bizə narazılığını bildirir ki , sizin kənddən bunlar gəlib niyə belə hərəkətlər edir. Dəfələrlə şəhid ailəsini incidib. Şəhid qardaşını incidib Cəlayırda. X20. Оndan izafə bunlar qonşu kənddə törətdiyinə görə bizim o kəndlə münasibətlərimiz çox pis vəziyyətə gəlib çıxıb. Mən xahiş edirəm artıq dərəcədə, yəni bizim, ümumiyyətlə, Ağsu polisinin hamısı ilə işimiz yoxdur. Burada adı çəkilənlərlə bağlı 4-5 polisdir ki, bunlar barəsində tədbir görülsün. Mən kənd camaatı ilə həmsöhbət olanda belə başa düşdüm ki, bizim dövlət ilə, dövlətçiliklə, Daxili İşlər Nazirliyi ilə heç bir problemimiz yoxdur. Xüsusən, icra başçısı ilə problemimiz yoxdur, məhkəmə ilə problemimiz yoxdur, prokurotura ilə problemimiz yoxdur, bizim polis idarəsi ilə də problemimiz yoxdur. Burada 4- 5 polisin özbaşınalığı, xahiş edirlər, əgər mümkündürsə, Daxili İşlər Nazirliyi Vilayət Eyvazov təşrif buyura bilərsə, gəlsin Kəndoba kəndinə, ya Cəlayır kəndinə, camaatı dinləsin. Burada konkret beynəlxalq hüquqazidd mövzular var. Cinayətlər var. Bir sutka insanı ac-susuz saxlamaq. Biz təqribən belə deyə bilərik ki, yəni polis idarəsinin rəisinin əgər xəbəri varsa, indi biz dəqiq bilmirik. Bu mənada mən kənd camaatından söhbət edəndə mən elə bilirəm ki, bu ola bilsin ki, səhlənkarlıqdandır, bu hadisələr baş verir. Polis İdarəsi göstəriş verməyəcək ki, siz gedin, insanları gətirin ac-susuz tezdən axşama kimi. Ümumiyyətlə, bu mövzu var ki, insanlar bu, həqiqətən, öz faktın tapıb. Burada bizim kənddə Vilayət var, o, ümumiyyətlə, qorxusundan danışmadı ki, məni tutarlar, apararlar. Onu şəxsən tezdən saat 9-dan axşam 10-a qədər ac, nə çörək veriblər, nə su veriblər. Və xüsusən bu Əјdər var. O Abbasov Əjdər ki, Anar əli ilə onu şərləyib aparıb salıb içəri ona tezdən saat 9-dan axşam 11-ə qədər nə su veriblər, nə çörək veriblər, hətta onun qaynı ona çörək gətirib, onu da orada kimsə basıb yeyib o çörəyi. Yəni mən belə deyim ki, bu soyqırım deməkdir. Bizim kənd, həm də Kəndoba kəndi çox zəhmətkeş, yəni işdən də nardır, heyvançılıqdır, bostandır, bu işlər ilə məşğuldur. Öz zəhmətləri ilə. O insanları görsən, yəni simalarını, üzlərini, həqiqətən də ki görərərsən ki onlar zəhmətkeş, öz çörəyini qazanan adam. Belə başa düşürəm ki, 3-4 nəfər polis burada yem yeri kimi baxır. Bu Əјdər var ha, tam səmimi görsəniz, o, 5 dənə təsərrüfat becərir, 20 dənə ailə bunun, yəni ki sahəsində dolanır. Belə deyək də, öz ailəsidir, qardaşıdır, atasıdır, anasıdır, bunlar bunun sayəsində. O insan deyərdim ki, heç kimə zərər vuran, söz danışan, ümumiyyətlə, o deyir ki, mən nə orda söyüş söymüşəm, nə orada artıq-əskik məni sadəcə götürüblər ki, sən ictimai asayişi pozmusan. O, elə bir insan da deyil. Və buradan görsənir ki, buna elədikləri o tezdən axşama kimi çörək verməyiblər, bu nə beynəlxalq hüquqa sığır, nə Azərbaycan Konstitusiyasına. Heç bu kişiliklə də uyğun gəlmir, insanlıqla da uyğun gəlmir. Bu, soyqırımdır. Bu, faciədir. Bunu mən elə başa düşürəm ki, bunu rəis bilsə idi, o idarənin rəisi heç bu şeylərə yol verməzdi. Mən elə başa düşürəm. Sadəcə burada adını çəkdiklərim Anar Hüseynov, xüsusən də burada Vüsal Hüseynov var. Deyim ki, cinayəti ört basdır edir və xüsusən də bunun hərəkətləri gedir cinayətkar ilə Gözəl Ağsuda yeyib-içir gəlir. X12, Salaməddin Əhmədovun kənddə elədiyi dəfələrlə elədiyi qoçuluğu öz qohumlarına arxalanaraq oğlu banditizmdə işləyir. Əhmədov Ədil və xüsusən bacısı oğlu müstəntiqdir Ağsuda. Bunun vasitəsi ilə əlbir olaraq cinayəti, həddi aşmanı gizlədirlər. Mən belə başa düşürəm ki, belə cinayəti onun verdiyi rəy bu qənaətə gətirir ki, bunlar, həqiqətən, məktəb oxumayıblar. Bunlar dana heyvan satıb, bunlar gəlib polis olublar. Belə nəticəyə gəlmək olar. Bu, xüsusən də Vüsal Hüseynov ki bu tədqiqatçı, baş tədqiqatçı. Belə nəticəyə gəlmək olur ki, onun verdiyi rəy bununla nəticələnir. Və xüsusən mən qeyd eləmək istəyirəm ki, Abbasxanlı kəndindən X4. Vaqif oğlu. Onu döyüblər Əhmədov Ədil, başından xəsarət. Faktiki olaraq Bakıda “balnisa”da yatır”. Bundan başqa, cavabdeh «YouTube» sosial şəbəkəsi üzərindən yayımlanan «AzTimes.az» TV kanalında «Sənin səsin» rubrikasında verdiyi müsahibəsində bildirmişdir: “Mən, Cavabdeh, Ağsu rayonu, Cəlayir kənd sakini. Deməli biz bibim oğlu X3 ilə kanallara intervyu vermişik. Ağsu polisinin dələduzluq və qoçuluğu və qanunsuz hərəkətləri barəsində ki bunlar qoçuluq edirlər, insanları döyürlər və incidirlər. ...Ağsu rayonunun rəisi Fəxrəddin Abbasov. Sən demə, bu qanunsuzluğun başında duran elə o özü imiş. Fakt olaraq bu günləri bibim oğlu X1 yaxın yerdə qurma planla oğurlatdırıb... Bunlar qanunsuz olaraq 15 polis tərəfindən qayı maşını ilə saxlanılıb və Mikayılı ordan oğurlayıblar, rəisin göstərişi ilə aparıblar bölməyə. Banditizmdə işləyən Ədil Əhmədov və İddiaçı tərəfini saxlayıb üzümüzə gəlib. Siz onların barəsində gedin, Cəlayir kəndində məlumat toplayın. Onlar insanlığa yaraşmayan hərəkətlər edirlər. Onların ailədaxili problemləri hamıya bəllidir. Nə ilə məşğuldurlar. Hansı əxlaqın sahibidirlər. Onlar da hamısı məlumdur”. Cavabdeh onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlərin (AR CM, soyqırım-103-cü mad.), korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin (AR CM-nin 308, 309 və 311-ci maddələr) törədilməsində ittiham edir ki, barəsində yalan olduğunu bilə-bilə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatinda qəsdən şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla böhtan atmışdır. Cavabdeh həmin məlumatları yaymaqla onun şərəf və ləyaqətini ləkələmiş və işgüzar nüfuzuna xələl gətirmişdir. Cavabdeh onun barəsində kütləvi informasiya vasitələrində etdiyi çıxışlarla bağlı xüsusi ittiham qaydasında Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və cavabdehin barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 1(012)-17/2024 saylı ittiham hökmü çıxarılmışdır, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)-563/2024 saylı qərarı ilə qüvvədə saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)-832/2025 saylı qərarı ilə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Mənəvi zərərə görə ona vurulmuş zərər qanunvericiliyin imperativ norması, eləcə də formalaşan məhkəmə təcrübəsi ilə tənzimlənir. Qeyd edir ki, mənəvi zərərin həddini müəyyən edərkən cavabdeh tərəfindən onun şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatların yayılması səbəbi ilə cavabdehin məsuliyyətə cəlb olunması cavabdehi mənəvi zərərə görə kompensasiya ödəmək öhdəliyindən azad etmir. Mənəvi ziyana görə tutulacaq kompensasiya məbləği işin hallarına, onun məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğun olmalıdır. Eyni zamanda qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qənbərov Muğbil Malik oğlu izahatında bildirdi ki, polis işçiləri Vüsal Hüseynov və Rəhim Məmmədov onun barəsində məhkəməyə şikayət vermişdir. Vüsal Hüseynov məhkəmə prosesində Rəhim Məmmədov ilə eyni işdə işlədiyini və onun dayısına qarşı cinayət işi aça bilməyəcəyini bildirmişdir. Səbuhi Nəsirov ilə yanaşı Mikayıl Zeynalov da məhkəmədə Rəhim Məmmədovun onu döydüyünü bildirmişdir. X17 adlı qohumunun cinayət işi araşdırılarkən Rəhim Məmmədov onu məhkəməyə verməyə başlamışdır. Belə ki, Rəhim Məmmədovun dayısının və atasının adı sözügedən cinayət işində hallanır. Rəhim Məmmədov da onun atası və bibisi oğlunu polis idarəsində saxlayıb işgəncə vermişdir. O, xüsusi ittihamla bağlı olan iş barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciət etmişdir. O, ona və qohumlarına qarşı edilən hərəkətlərə görə iddiaçı Vüsal Hüseynovdan üzr istəməyəcəkdir və iddiaçı ilə bağlı yaydığı məlumatları təkzib etməyəcəkdir. Qeyd edir ki, onu döyməsinə və bibisi oğluna işgəncə verməsinə baxmayaraq onlar Rəhim Məmmədovu heç bir orqana şikayət etməmişdirlər. Bir daha bildirir ki, Səbuhi Nəsirov da məhkəmədə Rəhim Məmmədovun onu döyməsi ilə bağlı ifadə vermişdir, buna baxmayaraq X14 Nəsirovu məhkəməyə verməmişdir. Bu halda belə bir sual yaranır: X15 Rəhim Məmmədov barəsində məhkəmədə söylədiyi bu ifadə böhtan xarakterlidirsə, Rəhim Məmmədov onu hansı səbəbdən məhkəməyə verməmişdir? Bundan əlavə iddiaçı onun çıxışlarından mənəvi zərər çəkdiyini bildirməsi üçün həmin faktı sübut etməlidir. O, sosial şəbəkə vasitəsi ilə yayımlanmış müsahibədə iddiaçının qeyd etdiyi ifadələri faktlara əsasən işlətmişdir. Hər bir vətəndaşın məlumat almaq və paylaşmaq hüququ vardır. Bu səbəbdən də hesab edir ki, hazırkı iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, xüsusi ittihamçı İddiaçı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə hökm qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsindən həmin Məcəllənin 147.1-ci maddəsinə tövsif edilmiş, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməsi hökm edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 563/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 1(012)-17/2024 nömrəli hökmünün apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılması, Cavabdeh və onun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavənin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində şikayət verilmiş şəxs Qəmbərov (Qənbərov) Muğbil Malik oğlunun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2024-cü il 06 iyun tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyən Qəmbərov (Qənbərov) Muğbil Malik oğlu barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)- 563/2024 nömrəli qərarının Qəmbərov (Qənbərov) Muğbil Malik oğlunun müdafiəçisi U.Abdurəhmanlı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı cavabdeh ənbərov Muğbil Malik oğlu tərəfindən İddiaçı şəxsiyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan məlumatlar yayılması hərəkətləri etməsi, iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiq olunur. Belə ki, İddiaçı xüsusi ittihamçı kimi Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət işi başlanmasına dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılması barədə hökm qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-17/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən ona cəza təyin edilməməsi hökm edilmişdir. Cavabdeh və onun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu sözügedən hökmdən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-563/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, 1(012)-17/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-563/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti vermiş, ancaq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-832/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2024-cü il 06 iyun tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməyən Qəmbərov (Qənbərov) Muğbil Malik oğlu barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(105)-563/2024 nömrəli qərarının Qəmbərov (Qənbərov) Muğbil Malik oğlunun müdafiəçisi U.Abdurəhmanlı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmədə prosesi zamanı işin müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh 2020-ci ilin oktyabr ayında “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında müsahibə verərək iddiaçı barəsində həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymaqla iddiaçıya mənəvi zərər vurmuş və iddiaçı mənəvi sarsıntı keçirmişdir. Cavabdeh Qənbərov Muğbil Malik oğlu məhkəmə iclasında izahatında iddia ərizəsinə etiraz etmiş, lakin etirazın əsasları ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyinə görə məhkəmə cavabdehin izahatına tənqidi yanaşaraq, subyektiv mülahizə kimi qəbul etmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki halları və şərəf və ləyaqəti, işgüzar nüfuzun müdafiəsini qoruyan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, cavabdeh Qənbərov Muğbil Malik oğlu İddiaçı şərəfini, ləyaqətini alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında müsahibə verməklə təkzib etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmçinin həmin qərarın “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının yuxarıda qeyd edilən bəndinə istinad edərək hesab edir ki, Qənbərov Muğbil Malik oğlunun “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında müsahibə verməklə İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdən ibarət olan hüquqazidd, işlətdiyi böhtan xarakterli ifadələri, hərəkətləri nəticəsində İddiaçı dəymiş mənəvi zərərə görə cavabdeh Qənbərov Muğbil Malik oğlundan İddiaçı xeyrinə 700 manat məbləğində pul vəsaiti tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağır və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri — inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı” işi üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi "Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Oyalın Türkiyəyə qarşı” işi üzrə 23 mart 2010-cu il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətta ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 110 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 9 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qənbərov Muğbil Malik oğlu İddiaçı şərəfini, ləyaqətini alçaldan, nüfuzdan salan böhtan xarakterli məlumatları “YouTube” sosial şəbəkəsi üzərindən yayımlanan “Kanal13” TV kanalına və “Bumeranq” TV kanalında “Sənin səsin” rubrikasında müsahibə verməklə təkzib etsin. Cavabdeh Qənbərov Muğbil Malik oğlundan İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən hərəkətlərdən ibarət olan hüquqazidd, işlətdiyi böhtan xarakterli ifadələri, hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 700 manat pul vəsaiti və 9 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4001/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4001/2025
19.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver