Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4030/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, сavabdeh X3 ilə aralarında ünvan 1 ünvanında yerləşən mənzilin bağışlanması barədə 03 fevral 2007-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin əmlakla bağlı qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin evin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçını aldadaraq kirayə müqaviləsi bağlamaq adı ilə onu notariusa aparmış və orada iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, X11 küçəsi, ev 8, mənzil 26 ünvanında yerləşən fərdi yaşayış evinin bağışlanmasına dair müqaviləyə imza etdirmişdir. İddiaçı yaşlı olduğuna və latın qrafikası ilə yazıb oxumağı bilmədiyinə görə imzaladığı müqavilənin mahiyyətini başa düşməmişdir. Həmin müqavilə 03 fevral 2007-ci il tarixdə bağlanmışdır. İddiaçının nəvəsi Şəbinə Rəhimova həyat yoldaşı ilə birlikdə ona məxsus olan evdə yaşamışdır. Lakin bağışlama müqaviləsi bağlanan vaxtdan cavabdeh ona qarşı kobud rəftar etmiş, onun yaşadığı evi yararsız vəziyyətə qoymuşdur. Cavabdeh və həyat yoldaşı iddiaçını itələmiş, onu təhqir etmişlər. Bununla bağlı iddiaçı televiziya proqramlarına müraciət etmişdir. Bundan sonra, iddiaçı onu ailə üzvləri ilə birlikdə evdən qovmuşdur. Ev hazırda iddiaçının istifadəsində və sahibliyindədir. Bundan əlavə, qonşular da şahiddir ki, nəvəsini ailəsi ilə birlikdə illərlə evində saxlamağına baxmayaraq hazırda onun köməyə ehtiyacı olan vaxtda ona qətiyyən baxmır. İllərlə qapını açmır, yaşlı insan olduğu halda və ona qayğı göstərmək ailə hüquq münasibəti əsasında vəzifələri olduğu halda evini verdiyi nəvəsi ona baxmır, qayğı göstərmir, həyat yoldaşı ilə birlikdə onu döymüş və təhqir etmişdir. İddiaçı 2014-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Həmin iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardadın baxılmamış saxlanılmasının səbəbi qarşı tərəfin 10 000 manat pulun qarşılığında müqaviləni ləğv etməklə bağlı onlarla razılığla gəlməsi olmuşdur. Lakin neçə illərdir gözləyir qarşı tərəf müqaviləni ləğv etdirmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, nənəsini mənzili ona bağışlamağa məcbur etməmişdir, nənəsi özü notariusa gedərək könüllü surətdə mənzili ona bağışlamışdır. Həmin vaxt ona dayısının inciyəcəyini bildirmişdir. Ona görə nənəsinə 2000 ABŞ dolları vermişdir ki, dayısına versin, lakin nənəsi həmin pulu dayısına verməmişdir. Mənzili ona verərkən təmirsiz idi. Sonradan oranı təmir elətdirmişdir. Dörd uşağı var. Qusarda müəllim işləyir, orada kirayə qalır. Nənəsi qapının kilidini dəyişmişdir. Onun və uşaqlarının bütün paltarları həmin mənzildədir. Mənzildən heç bir şey götürə bilməmişdir. Uşaqlar olduqdan sonra nənəsi ona başının səs götürmədiyini bildirmişdir. Dayısı ilə barışdıqdan sonra onlar nənəsini öyrətmişdir. Dayısı uşaqları nənəsini döymüş, hədələmişdir. Bu səbəbdən də nənəsi qorxur. Nənəsinə həmişə qulluq etmişdir, qayğısına qalmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan 11 aprel 2014-cü il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayon, Xırdalan şəhəri, X11 küçəsi, ev 8, mənzil 26 ünvanında yerləşən, ümumi sahəsi 41.8 kv.m olan mənzili Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində **********28- 05101-093001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon 1 saylı Notariat kontorunda bağlanmış 03 fevral 2007-ci il tarixli, 4Ə/02-231 reyestr nömrəli “Şəxsi mənzilin Bağışlanması Müqaviləsi”nə əsasən müəyyən edilir ki, Abşeron rayon, Xırdalan şəhəri, X11 küçəsi, ev 8, mənzil 26 ünvanında yerləşən, ümumi sahəsi 41.8 kv.m olan mənzili İddiaçı Cavabdeh bağışlamışdır və onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Mülki işin materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, X11 küçəsində yerləşən, 2 otaqlı, yaşayış sahəsi 29.4 kv.m köməkçi sahəsi 12.2 kv.m olan ümumi sahəsi 41.8 kv.m olan ev 8, mənzil 26 ünvanı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 011 nömrəli aprel 1996-cı il tarixli qərarı əsasında İddiaçı adına 11574 reyetsr nömrəsi ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan Abşeron RİH MKTİİTB 3 saylı MTİİTS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Abşeron rayon, Xırdalan şəhəri, X11 küçəsi, ev 8, mənzil 26 ünvanında daimi qeydiyyatdadır. Mülki işin materiallarında olan Qusar rayon Təhsil şöbəsi Atlıxan tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12 nömrəli arayışdan görünür ki, Cavabdeh Qusar rayon Atlıxan tam orta məktəbində ixtisası üzrə ingilis dili müəllimi işləyir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” X1 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuşdur, ailə tərkibi: əri X6 (xx.xx.1978), qızı X4 (xx.xx.2005), qızı X7 (xx.xx.2011), oğlu X5 (xx.xx.2013), oğlu X9 (xx.xx.2015). Mülki iş materiallarında olan Cavabdeh ünvanlanmış pretenziyadan və qəbnzdən görünür ki, İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmiş, 3 (üç) gün ərzində cavab verilməsə hərəkətsizliyi imtina kimi qəbul olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. MM-in 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki,iddiaçı mübahisəli mənzili cavabdehə hədiyyə olaraq bağışlamış, cavabdeh isə hədiyyəni qəbul etmişdir. 11 aprel 2014-cü il tarixli çıxarışla Abşeron rayon, Xırdalan şəhəri, X11 küçəsi, ev 8, mənzil 26 ünvanında yerləşən, ümumi sahəsi 41.8 kv.m olan mənzili Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində **********28-05101-093001 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və mənzil onun mülkiyyətindədir. Bağışlama müqaviləsi hər hansı bir öhdəliklə şərtləndirilməmişdir. Həmçinin, iddia ərizəsində cavabdehin iddiaçıya baxmaması , qulluq etməməsi kimi ailə münasibətlərindən irəli gələn vəzifələrin cavabdeh tərəfindən icra edilməməsi göründüyü kimi tərəflərin ailədaxili münasibətlərin pozulması və cavabdehin ailəsi ilə birlikdə mübahisəli mənzili tərk etməsi, hazırda isə Qusar rayonunda yaşaması ilə əlaqədar olmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanan müqavilənin ləğvi üçün əsaslar mövcud deyildir, ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, qeyd edilən iddia tələbi üzrə dövlət rüsumu 100 manat iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğvi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4030/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4030/2022
21.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver