Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-405/2022 26.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh Kristal-Abşeron Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK-ya qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzil-Tikinti Kooperativindən "xxxx" ASC-nin xeyrinə 26.08.2016-cı il tarixli, 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 131268.29 manat əsas, 10877.69 manat faiz borcu olmaqla, cəmi 142145.98 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41.42 manat rüsumun tutulması, 07.02.2018-ci il tarixli, 2-26-08-2016-QR-S1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 34 saylı mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipotekaya qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 131268.29 manat əsas, 18060.99 manat faiz borcu olmaqla, cəmi 149329.28 manat borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 26.08.2016-cı il tarixli, 2-26- 08-2016-QR-S1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 216 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 144324 manat kredit verilmişdir. Həmçinin, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə bank Cavabdeh2 və Cavabdeh3 Mənzil- Tikinti Kooperativi ilə 26.08.2016-cı il tarixli, 2-26-08-2016-QR-S1 saylı zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zaminlər borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit öhdəliklərinin təmin edilməsi məqsədilə Cavabdeh1 ilə bank arasında 07.02.2018-ci il tarixli, 2-26-08-2016-QR-S1 saylı ipoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 35H, mənzil 34 ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir nəticə verməmişdir. Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. Beləliklə, Cavabdeh1 borc öhdəliyini icra etməmiş, buna görə də borcun təminatı kimi onun tərəfindən ipotekaya qoyulmuş mənzil qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən borcun məbləği artmış, bu səbəbdən də, iddia tələbinin həcminin artırılması zəruriyyəti yaranmışdır. Beləliklə, hazırda, cavabdehin kredit müqaviləsi üzrə 131268.29 manat əsas, 18060.99 manat faiz borcu olmaqla, cəmi 149329.28 manat borcu yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Kristal-Abşeron MTK-nın nümayəndəsi X6 iddia ərizəsini qəbul edərək, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 216 ay müddətinə illik 10 faiz ödənilmək şərtilə 144324 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, borcverən borcalana Kristal Abşeron MTK ilə bağlanmış 26.08.2016-cı il tarixli ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 144324 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. -Azərbaycan Beynəlxalq Bankı ASC-nin 26.08.2016-cı il tarixli qəbzindən görünür ki, bank Cavabdeh1 hesabına ayırdığı kreditə görə 142880.76 manat köçürmüşdür. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, Cavabdeh1 26.09.2016-cı il tarixdən 26.08.2034-cü il tarixə qədər olan dövr ərzində hər ay 1443.10 manat, sonuncu ay isə 1392.10 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1, zamin Kristal-Abşeron MTK arasında bağlanmış 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı ASC ilə borclu-ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 07.02.2018-ci il tarixli 62/18 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak Kristal- Abşeron MTK tərəfindən 160360 manat dəyərində qiymətləndirilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.02.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 323 saylı reyestr kitabının 76 saylı vərəqində qeydiyyata alınmış Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzili 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 216 ay müddətinə Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmış və bu barədə **********69-05302-093028 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. -Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kristal-Abşeron MTK-ya, Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 18.08.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Beynəlxalq Bankı ASC-nin 13.09.2021-ci il tarixli 21/992 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə 13.09.2021-ci il tarixə əsas borca görə 131268.29 manat, faiz borcuna görə 10877.69 manat olmaqla cəmi 142145.98 manat borcu vardır. -Azərbaycan Beynəlxalq Bank ASC-nin 30.03.2022-ci il tarixli 22/381 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə 30.03.2022-ci il tarixə əsas borca görə 131268.29 manat, faiz borcuna görə 18060.99 manat olmaqla cəmi 149329.28 manat borcu vardır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" ASC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 05.04.2021-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1005, ünvan 2ın dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MTK - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 20.07.2020-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri 6-cı mkr, 32 saylı evin 43 saylı mənzilində qeydiyyatdadır. -08.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. -Hesabdan çıxarışdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 41.42 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -X5 Mərkəzi MMC-nin 16.02.2022-ci il tarixli ***-**** saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinin hal-hazırda bazar qiyməti: 111800 manat; likvid qiyməti: 105000 manat təşkil edir. Arayışdan daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh1 digər cavabdehlər olan zaminlər Cavabdeh2, Kristal-Abşeron MTK ilə birlikdə bank qarşısında öhdəliyi yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsinə əsasən borcalana 216 ay müddətinə illik 10 faiz ödənilmək şərtilə 144324 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş arayışlardan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh1 26.08.2016-cı il tarixli 2-26- 08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 131268.29 manat, faiz borcuna görə 18060.99 manat olmaqla cəmi 149329.28 manat borcu yaranmışdır. Mülki Məcəllənin: 472.1 maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3 maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 və Kristal-Abşeron MTK-nın bank ilə bağladığı zaminlik müqavilələrinə əsasən cavabdehin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması öz təsdiqini tapdığından, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK-dan müştərək qaydada iddiaçı Azərbaycan Beynəlxalq Bank ASCnin xeyrinə əsas borca görə 131268.29 manat, faiz borcuna görə 18060.99 manat olmaqla cəmi 149329.28 manat borcun tutulması qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilini iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak Kristal Abşeron MTK tərəfindən 160360 manat dəyərində qiymətləndirilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh1 məxsus Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipoteka predmetinin dəyərinin 160360 manat olması və aradan keçən müddət ərzində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və bu hal mübahisə yaratdığından məhkəmə X5 Mərkəzi MMC-nin 16.02.2022-ci il tarixli ***-**** saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiymətinin 105000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh1 məxsus fərdi yaşayış evinin likvid qiymətinin 105000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Kristal- Abşeron MTK-dan müştərək qaydada tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzili açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra Cavabdeh1 istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə mənzildən çıxarılmalı, mənzil boşaldılaraq alıcıya təhvil verilməlidir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK-dan müştərək qaydada 26.08.2016-cı il tarixli 2-26- 08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 131268.29 manat, faiz borcuna görə 18060.99 manat olmaqla cəmi 149329.28 manat pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 105000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 149329.28 manat borc iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, mənzilə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 istifadə hüququna xitam verilməklə mənzil boşaldılmalı, mənzil boşaldıldıqdan bir ay sonra Cavabdeh1 mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.40 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 41.42 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməli, ipoteka predmetinin qiymətləndirilməsinə görə 300 manat xidmət haqqı isə X5 Mərkəzi MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK-dan müştərək qaydada 26.08.2016-cı il tarixli 2-26-08-2016-QR-S1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 131268.29 (yüz otuz bir min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 18060.99 (on səkkiz min altmış manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 149329.28 (yüz qırx doqquz min üç yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) manat borc, məhkəmə xərclərinə görə 71.82 manat (yetmiş bir manat səksən iki qəpik) (dövlət rüsumu 30.40 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat) iddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə tutma yönəldilsin, həmin mənzilin likvid satış qiyməti 105000 (yüz beş min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 149401.1 (yüz qırx doqquz min dörd yüz bir manat on qəpik) manat pul vəsaiti Azərbaycan Beynəlxalq Bankı ASC-nin hesabına keçirilsin, Azərbaycan Beynəlxalq Bankı ASC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Sumqayıt şəhəri 6-cı mkr, 35H saylı evin 34 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilsin, mənzil boşaldılaraq bir ay sonra cavabdeh həmin mənzildən çıxarılsın. Daşınmaz əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Kristal-Abşeron MTK-dan müştərək qaydada tutularaq X5 Mərkəzi MMC-nin hesabına (VÖEN: **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Paşa Bank ASC, Bakı şəhəri, (AZ 1005) Y.Məmmədəliyev küçəsi 15, Tel: 4965000, Faks: 4965010, Kod: 505141, Vöen: **********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov