Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4055/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X4,Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.09.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh X2 xeyrinə kəsilmiş 170 manat alimentin azaldılaraq hər ay ikinci qrup əlilliyə görə aldığı 130 manat sosial müavinətin yarısı miqdarında, yəni 65 manat alimentin kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 18 fevral 2014-cü il tarixdə cavabdeh X5 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan bir uşaqları - 05.09.2014-cü il təvəllüdlü X12 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 07.12.2020-ci il tarixli 2(012)-2260/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşağın saxlanması üçün cavabdehin xeyrinə 170 manat aliment tutulması qət edilmişdir. Onun 170 manat məbləğində alimenti hazırda verməyə maddi gücü çatmır. Bu onunla əlaqədardır ki, o, heç yerdə işləmir və heç yerdən gəliri yoxdur. Həmçini, iddiaçının əmək qabiliyyəti olmadığından ikinci qrup əlildir və dolanışığını ancaq həmin əlilliyə görə aldığı 130 manat sosial müavinətlə həyata keçirir. Zəngilan rayonundan məcburi köçkündür. O, uşağına aliment verməkdən imtina etmir. Lakin, onun ancaq uşağının saxlanması üçün cavabdehə hər ay ikinci qrup əlilliyə görə aldığı 130 manat sosial müavinətin yarısı miqdarında aliment verməyə maddi gücü çatır. Bu səbəbdən də hesab edir ki, 05.09.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh X2 xeyrinə kəsilmiş 170 manat alimentin azaldılaraq hər ay ikinci qrup əlilliyə görə aldığı 130 manat sosial müavinətin yarısı miqdarında, yəni 65 manat aliment kəsilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əsassızdır. Hazırda İddiaçı 05 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün aliment almır. Aliment məbləğinin azaldılmasına etiraz edir. Onun maddi imkanı yoxdur. Bu səbəbdən də uşağa baxılmasında çətinlik çəkir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)- 2660/2020, 07 dekabr 2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın onun yanında qalması və aliment” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə X6 arasında 18 fevral 2014-cü il tarixdə Zəngilan rayon Qeydiyyat Şöbəsində bağlanmış 17 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 05 sentyabr 2014-cü il təvəllüdlü X7 anası X3 yanında qalması, 05 sentyabr 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı “DOST” Mərkəzi tərəfindən verilmiş 29 dekabr 2020-ci il tarixli, **********7 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən İİ (ikinci) dərəcə əliliyə görə 130 (yüz otuz) manat məbləğində aylıq sosial müavinət alır. Mülki işin materiallarında olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı 285530 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1987-ci il tarixdə Zəngilan rayonunda doğulmuş İddiaçı 1993-cü il tarixdən Zəngilan rayonunda məcburi köçkündür. Hazırda Xətai rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə X2 birgə nikahından 05 sentyabr 2014-cü il təvəllüdlü X11 adlı övladları vardır. Uşaq hazırda Eleonara Yusibovnanın himayəsindədir. Abşeron Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X6 arasında 18 fevral 2014-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 05 sentyabr 2014-cü il təvəllüdlü X7 anası Eleonora Rəhimovanın yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Eleonora Rəhimovanın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşbul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Hazırda iddiaçı heç yerdə işləmədiyini, heç yerdən gəliri olmadığını, ikinci qrup əlil və Zəngilan rayonunda məcburi köçkün olduğunu, dolanışığının ancaq əlilliyə görə aldığı 130 manat sosial müavinət olduğunu əsas gətirərək ödənilməsi Abşeron Rayon Məhkəməsinin 2(012)-2660/2020, 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən 170 manat alimentin 65 manata qədər azaldılmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdikləri valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. İddiaçının cavabdehlə nikahdan olan uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılmasını əsası yoxdur. Məhkəmə qeyd edir ki, hazırda 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir, iddiaçı tərəfindən ödənilməli alimentin məbləği isə 170 manatdır. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. İddiaçının öz üzərinə düşən - ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını aradan qaldırmış olar. Bu səbəbdən də həmin aliment məbləğinin azaldılması qanunamüvafiq olmazdı. Yuxarıda qeyd olunanları və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumunun həddini, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşağın böyüdüyünü və xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin azaldılması barədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4055/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4055/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver