Məhkəmə qərarları › İş №2(012)-4080/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4080/2025

04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4080/2025 04.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 may 2025-ci il tarixdən etibarən X1 və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat məbləğində aliment tutulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi övladı X1 doğum tarixinin xx.xx.2018-ci il kimi nəzərə alınmasını və iddia ərizəsinin “xahiş edirəm” hissəsinin “Cavabdeh uşaqlarımın saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə, hər ay 200 manat məbləğində sabit pul məbləğinin tutulması barədə qərar qəbul edəsiniz” kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh 2017-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşdur. İlk vaxtlarda ailə münasibətləri normal olsa da sonradan Cavabdeh ilə ünsiyyətləri pisləşmiş və aralarında əsassız mübahisələr və tələblər əmələ gəlmişdir. 23 fevral 2018-ci il tarixdə onlar arasındakı nikah pozulmuş və bu barədə 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən nikahın pozulması barədə şəhadətnamə verilmişdir. 2019-cu ildən barışıb aralarında rəsmi nikah olmadan faktiki ailə münasibətində olsalar da 2020-ci il tarixdən faktiki ayrılmışdırlar. Cavabdeh ilə birgə nikahından iki övladı – 12 iyun 2018-ci il təvəllüdlü X3 və 21 yanvar 2020-ci il təvəllüdlü X4 vardır. Nəzərə çatdırır ki, o, özü hazırda işləmir, uşaqlarının məktəb hazırlıqlarını və digər ehiyaclarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh uşaqlarına bir ata kimi heç bir maddi köməklik göstərmir. Uşaqlarını saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Nəzərə çatdırır ki, cavabdeh hazırda işləmir və buna görə də uşaqların saxlanılması üçün aliment ödəməkdən yayınır. Qarşı tərəfin maddi vəziyyətini və ailəsində onkoloji xəstə olmasını nəzərə alaraq, o, cavabdehdən övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmasını istəyir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun atası hazırda işləmir və anası onkoloji xəstəlikdən əziyyət çəkir, o, özü isə ailədə tək övladdır. Buna baxmayaraq o, övladlarının saxlanılması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Əlavə olaraq bildirir ki, o, sonuncu dəfə övladlarını bir ay əvvəl görmüşdür. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 142369 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 iyun 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 416627 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 yanvar 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini nəzərə alaraq belə nəticəyə gəlir ki, 12 iyun 2018-ci il təvəllüdlü X3 və 21 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 12 iyun 2018-ci il təvəllüdlü X3 və 21 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar