Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4082/2024 16.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 15 000 (on beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildən direktor müavini vəzifəsində çalışmış, xx.xx.2019-cu il tarixdə isə Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir. Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsində işləmişdir. Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 258 saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi ilə üzərinə düşən funksiyanı yerinə yetirmədikdə) işdən azad edilmişdir. Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin həmin əmri qanunsuz və əsassız olduğu üçün Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 258 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və qətnamə qanuni qüvvəsini alan günə kimi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5079/2022 saylı xx.xx.2022-ci il il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022- ci il tarixli, 258 saylı əmr ləğv edilməsi, İddiaçı Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə bərpa edilərək məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh qanunsuz izahatı və təqdimatı əsasında o, işdən çıxarılmışdır. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh vəkili Vəkil məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayaraq etirazında qeyd etmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia təlbinin heç bir əsası yoxdur və formal mülahizələrdən ibarətdir. Belə ki, iddiaçının və digər əməkdaşların işdən çıxarılması Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-59 nömrəli Əmrinin icrası ilə bağlı olmuş və o həmin vaxtı həmin məktəbin direktor vəzifələrini müvəqəti icra etmiş şəxs olmuşdur. Onun şəxsi təşbbüsü və göstərişi ilə deyil, ümumi şəkildə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhər 1 Nömrəli tam orta məktəbdə aparılmış moitorinqin nəticəsində gəlinmiş qənaət olmuş və həmin monitorinqin əsasında akt və izahatlar alınmışdır. Monitorinq nəticəsində tərtib edilmiş arayış olmuş və həmin arayışda qeyd edilmişdir ki, İddiaçı əvvəlki illərdə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə müəllim və ya digər pedoqoji işçi kimi çalışmamış, xx.xx.2019-cu il tarixdə birbaşa məktəbə direktor müavini vəzifəsinə təyin edilmişdir. Diaqnostik qiymətləndirmədən keçmədiyi üçün tarifləşmədə rəsmi olaraq ona dərs saatı yazılmamış, lakin qeyri-rəsmi olaraq 5a, 6i siniflərində 11 saat dərs aparmış və tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış 5a, 6i, və 10j siniflərinin sinif rəhbərliyi üçün ödənilmiş pul vəsaitini mənimsəmişdir. Müəllimlər hər ay müvafiq məbləğləri İddiaçı verdiklərini təsdiq etmişdir. Bunlardan əlavə kimya müəllimi Lamiyə Həsənova tarifləşmədə onun adına yazılmış, lakin tədris edilməyən evdə fərdi təhsil üzrə 3 saat dərsin pulunu hər ay İddiaçı verdiyini hətta pulu vaxtında vermədikdə onu təhqir etdiyini bildirmişdir. Bunlardan əlavə Təranə Rəsulova öz izahatında 6 saat keçirilməyən fakultativ məşğələnin pulunu İddiaçı verdiyini bildirmişdir. Cavabdeh həmin Regional İdarənin yoxlaması və əmri əsasında iddinın qaldırılmasını məktəbi məhkəmədə təmsil etməsi mənəvi zərərin vurulması kimi qiymətləndirilə bilməz. Cavabdehin iddiaçı və digər şəxslərə qarşı hər hansı şəxsi-qərəzlik və məqsədli şəkildə qərəzli olaraq onlara qarşı hərəkət etmək, onlara maddi və mənəvi ziyanın vurulmasına gətirib çıxaracaq addım atmaq niyyət olmamış və bunu etməmişdir. Belə qiymətləndirilməsi qəti şəkildə ədalətsiz yanaşmadır. İddiaçının məhkəmədə iddia qaldırması və onu məhkəmədə müdafiə etməsi qarşı tərəfə mənəvi zərərəin vurulması kimi qiymətləndirilə bilməz. Mənəvi zərərin vurulması maddi aləmlə bağlı olmayan haldır. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. İddiaçının müvəqqəti olaraq işdən çıxarılması və ya öz peşə fəaliyyətini yerinə yetirməməsi mənəvi zərər və ya iztirab kimi qiymətləndirilə bilməz. İddiaçı mənəvi iztirabın nədən qaynaqlandığını, özünü hansı hallarla təsbit etməsini, sübut kimi olan nüansları qeyd etməmiş və formal iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Regional təhsil idarəsinin monitorinq və arayışı nəticəsində barələrində müvafiq tədbir görülmüş şəxslərin cavabdehə qarşı mənəvi zərərin ödənilməsinə dair iddia qaldırmasının heç bir hüquqi əsası mövcud deyildir. Bu baxımdan yuxarıda göstərilənləri məhkəmə tərəfindən nəzərə alınmasını və iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil iddiaya mahiyyəti üzrə baxılmasını, iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.4-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edəərk, cavabdeh tərəfin etirazının əsassız olduğunu bildirdi. O, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsənin 2(012)- 5079/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022- ci il tarixli, 258 saylı əmrin ləğv edilməsi, İddiaçı Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə bərpa edilərək məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində əmək haqqı ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim olunmuş Xırdalan şəhər 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş “Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticəsi barədə arayış”dan görünür ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə məktubla müraciət edərək məktəbin bir sıra direktor müavinlərinin çoxsaylı qanunsuz hərəkətlərindən şikayətini bildirmişdir. Cavabdeh məktubunda göstərilən faktların ciddiliyini nəzərə alaraq, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə xx.xx.2022-ci il tarixli, F-01 nömrəli əmrlə Komissiya yaradılmış və məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı müəyyən edilmişdir ki, məktəbdə aparılmış yoxlama zamanı direktor müavinləri ilə bağlı aşağıdakı nöqsanlar üzə çıxmışdır: İddiaçı barəsində: İddiaçı əvvəlki illərdə Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə müəllim və ya digər pedaqoji işçi kimi çalışmamış, xx.xx.2019- cu il tarixdə birbaşa məktəbə direktor müavini vəzifəsinə təyin edilmişdir. Diaqnostik qiymətləndirmədən keçmədiyi üçün tarifləşmədə rəsmi olaraq ona dərs saatı yazılmamış, lakin qeyri-rəsmi olaraq 5a, 6i siniflərində 11 saat dərs aparmış və tarifləşmə siyahısında digər müəllimlərin adına yazılmış 5a, 6i, 10-cu siniflərin sinif rəhbərliyi üçün ödənilmiş pul vəsaitini mənimsəmişdir. Müəllimlər hər ay müvafiq məbləğləri İddiaçı verdiklərini təsdiq etmişdir. Bunlardan əlavə, kimya müəllimi Lamiyə Həsənova tarifləşmədə onun adına yazılmış, lakin tədris edilməyən evdə fərdi təhsil üzrə 3 saat dərsin pulunu hər ay İddiaçı verdiyini, hətta pulu vaxtında vermədikdə onu təhqir etdiyini bildirmişdir. (Bu barədə telefon mesajları, akt və izahatlar əlavə olunmuşdur). Bunlardan əlavə, Təranə Rəsulova öz izahatında 6 saat keçirilməyən fakültativ məşğələnin pulunu İddiaçı verdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsində işləmişdir. Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 258 saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi ilə üzərinə düşən funksiyanı yerinə yetirmədikdə) işdən azad edilmişdir. Bundan sonra o, məhkəməyə müraicət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-5079/2022 saylı xx.xx.2022-ci il il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022- ci il tarixli, 258 saylı əmr ləğv edilməsi, İddiaçı Abşeron rayon Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə bərpa edilərək məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda iddiaçı Cavabdeh qanunsuz izahatı və təqdimatı əsasında işdən çıxarıldığını əsas gətirərək, ona mənəvi zərər vurulduğunu və mənəvi zərərə görə 15000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlamışdır. Məmmədova X1 Təranə Nəbi qızının ona mənəvi zərər vurduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasıdır və mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda qeyd edilir ki, plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı iddia tələbində 15000 manat mənəvi zərər tələb etsə də, bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində qeyd olunanlar üzrə cavabdehin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi müəyyən olunmamışdır. Ümumiyyətlə mənəvi ziyanla bağlı baş vermiş hərəkət və ya hərəkətsizliyinin hər hansı səbəbli əlaqəsi yoxdur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı mənəvi zərər dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4082/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4082/2024
16.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver