Məhkəmə qərarları › İş №2(012)-4096/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4096/2021

16.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4096/2021 16.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 175 manat aliment məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 27 noyabr 2010-cu il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 13 iyul 2010-cu il tarixdə X5, 23 iyul 2014-cü il tarixdə X4 və 31 dekabr 2015-ci il tarixdə X3 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Hazırda ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə iddiaçının himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. İddiaçının qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətində işləyir. Onun orta aylıq gəliri 590 (beş yüz doxsan) manat təşkil edir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cəmi 525 manat aliment məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, o, işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətindən başqa əlavə olaraq sürücü kimi də fəaliyyət göstərir. İddiaçı iddia etdiyi 525 manat aliment məbləğini ödəməyə hazırdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Şuşa rayon qeydiyyat şöbəsi tərəfindən 27 noyabr 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 621874 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 27 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 noyabr 2010-cu il tarixdə 149 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. Mülki işin materiallarında olan Şuşa rayon qeydiyyat şöbəsi tərəfindən 09 oktyabr 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 542772 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 13 iyul 2010-cu ildə Goranboy rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 09 oktyabr 2010-cu il tarixdə 428 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 383347 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 23 iyul 2014-cü ildə Goranboy rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 avqust 2014-cü il tarixdə 1370 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 675460 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 31 dekabr 2015-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 14 yanvar 2016-cı il tarixdə 245 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə dəstəsi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli 37/39-481 nömrəli arayışdan görünür ki, dəstənin əməkdaşı daxili xidmət çavuşu Cavabdeh əmək haqqısı 586,90 manat təşkil edir. Lakin Xocalı Rayon Məhkəməsinin 2(70)-712/2019 saylı icra sənədinə əsasən əmək haqqından hər ya 50 faiz tutulduqdan sonra (ümumi borc 1734 manat) 304,07 (üç yüz dörd manat yeddi qəpik) manat onun əmək haqqı hesabına köçürülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 27 noyabr 2010-cu il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından 13 iyul 2010-cu il təvəllüdlü X5, 23 iyul 2014-cü il təvəllüdlü X4 və 31 dekabr 2015-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər birgə nikahda olsalar da, hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaqlar iddiaçının himayəsindədir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə dəstəsində daxili xidmət çavuşu vəzifəsində çalışır. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların maddi yardıma ehtiyacı olduğundan uşaqlar üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə uşaqlar üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini, azyaşlı uşaqların mənafeyini və cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, X1 İddiaçı xeyrinə 13 iyul 2010-cu il təvəllüdlü X5, 23 iyul 2014-cü il təvəllüdlü X4 və 31 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə 17.06.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 17.06.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən cavabdeh X1 dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 İddiaçı xeyrinə 13 iyul 2010-cu il təvəllüdlü X5, 23 iyul 2014-cü il təvəllüdlü X4 və 31 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 17.06.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. X1 30 (otuz) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar