Məhkəmə qərarları › İş №2(012)-4098/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4098/2025

30.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4098/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “X1 Naminə” İctimai Birliyinin nümayəndəsi Nümayəndə3 və vəkilinümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “X1 Naminə” İctimai Birliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Naminə” İctimai Birliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmrin ləğv edilməsi və “X1 naminə” ictimai birliyinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci il tarixdən “X1 Naminə” İctimai Birliyində (könhə adı ilə “Azərkolxozlararasısağlamlıq” Respublika Birliyi) baş iqtisadçı vəzifəsində çalışmış, işlədiyi 41 il ərzində sözügedən müəssisədə qüsursuz və layiqincə çalışmış, xx.xx.2024-cü il tarixdə sözügedən idarənin adı dəyişdirilmiş və iddiaçının işlədiyi vəzifə qanunsuz olaraq ixtisara düşmüşdür. İddiaçıya heç bir xəbərdarlıq edilmədən çalışdığı baş iqtisadçı vəzifəsindən azad edilərək başqa vəzifəyə keçirilmiş, lakin bütün bunlardan onun xx.xx.2025-ci tarixdə xəbəri olmuşdur. Bundan sonra iddiaçının xəbəri, məlumatı olmadan əsassız olaraq xx.xx.2025-ci il tarixdə, 07 nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişlər. 41 il çalışdığı müddət ərzində layiqincə çalışmış, xx.xx.2008-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək veteranlığı vəsiqəsi əldə etmiş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1460 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş, həmçinin, AHİK-in İcraiyyə Komitəsinin xx.xx.2013-cü il tarixli, 1 b.7ə saylı Qərarı ilə “AHİK-20 il” yubiley döş nişanı ilə təltif olunmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının işlədiyi 41 il ərzində qüsursuz xidmətini, 61 illik əmək stajını, peşəkar, layiqincə xidmətini nəzərə almadan, qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halları ilə əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X1 Naminə” İctimai Birliyinin vəkili-nümayəndəsi Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 375.2-ci maddəsini rəhbər tutaraq iddia müddətini tətbiq edərək bu müddətin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Birliyin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmri ilə xitam verilmiş, əmrin surəti və əmək kitabçası son iş günü iddiaçıya təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndində işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün izah olunmuşdur. Belə ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verildiyinə, həmin gün əmrin surəti və əmək kitabçası ona təqdim edildiyindən həmin tarixin üzərindən 1 təqvim ayından artıq vaxt keçdikdən sonra xx.xx.20205-ci il tarixdə iddiaçının Birliyə mediasiya təklifi göndərərək mediasiya sessiyasında iştirak edərək daha sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq və şəxsin buraxılmış prosessual müddətin bərpası barədə əsaslı vəsatəti olmadığına görə iddia müddəti tətbiq olunmalıdır. İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, əvvəl böyük iqtisadçı, sonra baş iqtisadçı vəzifəsində işləmişdir. “X1 Naminə” İctimai Birliyində işlədiyi müddət ərzində yeri gəldikdə xadimə, mühasibi əvəz etmiş, müsbət iş fəaliyyətinə görə direktor Rzayev İmran tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Sonuncu vəzifəsi baş iqtisadçıdır. Öz işinə bərpa olunmuşdur. İdarənin adı qanunsuz işlərə görə xx.xx.2024-cü il tarixdə dəyişmişdir. İddiaçı məzuniyyətdən qayıtdıqda işdən çıxmağı ilə bağlı bildirilmişdir. xx.xx.2025-ci il tarixli əmrin surətini işdən çıxarıldığı vaxt - 11 apreldə almış, mediasiya təşkilatına isə iyunun 10-da müraciət etmişdir. İşlədiyi müddət ərzində ayrı-seçkiliyə məruz qalmışdır. Belə ki, mart ayında bülletendən qayıdanda bayramlarla əlaqəli hər kəs təbrik edilmiş, ondan başqa hər kəsə hədiyyələr verilmişdir. Heç bir əməkdaşla problemi olmamışdır. X4 iş otağında onu və atasını, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə3 onu və anasını təhqir etmişdir. Bundan əlavə qeyd etmişdir ki, ona başqa vəzifə təklif olunmuş, lakin maaşı az olduğundan razılaşmamışdır. Cavabdehə qarşı ilk iddiası 1990-cı illərdə qanunsuz işdən çıxarılmağı ilə bağlı olmuşdur. 2024-cü il tarixli əmək müqaviləsindən məlumatı belə olmamışdır. Şikayətlərinə görə ona qərəzli münasibət göstərilərək şərböhtanla işdən çıxarmışlar. Cavabdehin direktoru obyektlərin qanunsuz satışı ilə məşğul olmuş, etirazlarını bildirdiyi üçün dəfələrlə ona töhmət verilmiş, heç bir yoxlama olmadan işdən azad edilmişdir. Həmçinin bildirmişdir ki, iddia müddətini ötürməmiş, 1 aylıq müddət ərzində məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılmış, sonradan nöqsanları ardan qaldıraraq xx.xx.2025-ci il tarixdə ərizə ilə mediasiyaya müraciət etdikdən sonra məhkəməyə yenidən müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh “X1 Naminə” İctimai Birliyinin vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı dəfələrlə etik davranış qaydalarını, icra intizamını pozmuş, işçilərə yaxşı nümunə olmamışdır. Buna baxmayaraq, ona başqa vəzifə təklif olunmuş, lakin xanım razı olmamışdır. Çıxarılmanın əsası işçilərin, direktorun təhqir edilməsi, iş ahənginin pozulması olmuşdur. Aralarında məhkəmədənkənar barışıq olmamışdır. 2024-cü il tarixli əmək müqaviləsi elektron şəkildə bağlanılmışdır. Bu baxımdan iddiaçı həmin müqaviləni elektron sistemə daxil olaraq əldə etməli idi. Məhkəmə iclasında cavabdeh “X1 Naminə” İctimai Birliyinin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “X1 Naminə” İctimai Birliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, uzun müddət iddiaçı ilə bir yerdə işləmiş, ona münasibətdə hər zaman hörmət göstərmişlər. Lakin iş kollektivi arasında son illər ərzində mübahisələr yaranmağa başlamış, 2016-cı ildə iddiaçıya töhmət verilmiş, sonuncu dəfə işdən azad etmişlər. Belə ki, ixtisara qədər iddiaçı baş iqtisadçı vəzifəsində işləmiş, yeni tərtib olmuş ştat cədvəlində onun vəzifəsi olmamış, sürücü, mütəxəssis vəzfiələri əlavə olunmuş, ona başqa kurortla bağlı iş təklif olunmuş, lakin qəbul etməmiş, iddiaçı kollektiv üzvləri ilə təhqir və söyüşlə danışmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İşəgötürən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin sədri X2 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2005-ci il tarixdə Respublika Birliyinin aparatının baş iqtisadçısı vəzifəsinə təyin olunmuşdur. -İşəgötürən “Azərbaycan Kolxozlararası Sağlamlıq” Respublika Birliyinin sədri X2 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu Respublika Respublika Birliyinin əsas baş iqtisadçısı vəzifəsinə təyin olunmuş, əməkhaqqı məbləği 1203 manat təşkil edir. -“X1 Naminə” İctimai Birliyinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmrindən görünür ki, yeni adı “X1 Naminə” İctimai Birliyinin (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin) baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2025ci il tarixdən ləğv edilməsi və onun baş iqtisadçı vəzifəsindən azad edilməsi, İddiaçı əmək kitabçasının əmr imzalandığı gün ona verilməsi və aktlaşdırılması, İctimai Birliyin mühasibatlığına İddiaçı ilə son haqq hesab sənədlərinin hazırlanması və ödənilməsi, maddi məsul şəxs kimi İddiaçı öhdəsində olan əmlak və qiymətli sənədlərin siyahı üzrə Nümayəndə3 təhvil verilməsi, əmrin icrasına nəzarətin birliyin sədr müavini Nümayəndə2 tapşırılması əmr edilmişdir. -xx.xx.1964-cü il tarixli İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə “X1 Naminə” İctimai Birliyinin (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin) 07 nömrəli 10 aprel tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmiş və baş iqtisadçı vəzifəsindən azad edilmişdir. -Abşeron 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025- 00511 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş, xx.xx.2025-ci tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir. -xx.xx.2024-cü il tarixli, 1902 qeydiyyat nömrəli qeyri-kommersiya hüquqi şəxsinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Kolxozlararası Sağlamlıq Respublika Birliyinin adı dəyişərək “X1 Naminə” İctimai Birliyinə çevrilmişdir. -“Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin xx.xx.2016-cı il tarixli, 09 saylı sərəncamına əsasən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi aparatının baş iqtisadçısı İddiaçı normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə уetirmədiyinə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəlikləri tam icra etmədiyinə Əmək Məcəlləsinin 10 və 11-ci maddələrində nəzərdə tutulan vəzifə və hüquqları pozduğuna görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və bir daha intizam qaydalarını pozarsa, daha ciddi intizam məsuliyyətinə cəlb olunacağı barədə nəzərinə çatdırılması qərara alınmışdır. -“X1 Naminə” İB-nin Ümumi Yığıncağının xx.xx.2025-ci il tarixli 2 nömrəli Protokolu ilə təsdiq edilmiş İdarə Aparatının ştat cədvəlindən görünür ki, aparatın tərkibində direktor, 2 direktor müavini, baş mühasib, informasiya texnologiyaları üzrə aparıcı mütəxəssis, kurort işinin təşkili üzrə mütəxəssis, təşkilat işləri üzrə mütəxəssis, 2 sürücü, xadimə və 2 gözətçi olmaqla, cəmi 12 ştat vahidi ayrılmışdır. -xx.xx.2025-ci il tarixli İddiaçı Birliyin direktoru İ.Rzayevin iş otağında etik qaydaları pozması haqqında aktda “Bu gün saat 12 radələrində keçmiş adı ilə adlandırsaq, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin baş iqtisadçısı İddiaçı yeni adla təsdiq olunmuş və qeydiyyatdan keçmiş "X1 Naminə“ İctimai Birliyinin ştat cədvəlinə uyğun olaraq baş iqtisadçı ştatı ixtisara salınmış və yeni adla və yüksək əməkhaqqı ila kurort işinin təşkili üzrə mütəxəssis ştatı təklif olunmuşdur. Bununla bağlı o ərizə yazmaqdan imtina etmiş, sədrin otağına girərək qərəzli va şantaj xarakterli danışıqlar aparmış və aidiyyəti olmayan Sİ va İDİ-nin rəisi F.Əliyevin ünvanına nalayiq, böhtan xarakterli sözlər danışmış və guya birliyin sədri yuxarı orqanlara əvvəl 500 min, sonradan isə 1 milyon manat vermişdir. Ona görə də birliyin direktoru F.Əliyevi və məni kabinetə dəvət etdi ki, şər-böhtanı araşdırsın. Yusifova özündən uydurmalara son qoysun. Eyni ilə əvvəllər dəfələrlə iclaslarda olduğu kimi hirsli, emosional halda təhqir və şantaj etməklə başladı k, sən o başda ev tikmisən. (əxlaqsızlıq mənasında) orada kimi saxlayırsan. F.Əliyev də ona inansın deyə izah etdi ki, belə şeylər yoxdur. Bəsdir bu böhtanlar. Hər gün işə gələndə, işdən gedəndə hamının ünvanına atmacalı sözlər, söyüşlər, qarğışlar edirsən. “Hamınız dələduz, rüşvətxorsunuz” deyirsən. “Burada kiminsə iqtisadçı diplomu var? Təkcə iqtisadçı diplomlu, savadlı mənəm, özüm də bakılıyam. Sən get Ağdamında tik". Ailə, uşaq hamısına qarğış, böhtan söyləyərək, “hamınız mənim əleyhiməsiniz” və s. deyərək çıxıb getdi” ifadələri qeyd olunmuşdur. -“Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin ilk Həmkarlar İttifaqı komitəsinə “Birliyin baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Birliyinin sədri İ.S.Rzayev tərəfindən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin İlk Həmkarlar İttifaqı Komitəsindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini nəzərə alınaraq bu məsələnin Komitənin ümumi iclasında müzakirə edilməsi və Birliyin baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. -“X1 Naminə” İctimai Birliyinin (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin) xx.xx.2025-ci il tarixli, 02 saylı protokolundan görünür ki, birliyin baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsi ilə bağlı Birliyinin sədri İ.S.Rzayevin təqdimatına razılıq verilməsi qərara alınmışdır. -“X1 Naminə” İctimai Birliyinin sürücüsü İ.Nərimanov tərəfindən Birliyin direktoru İ.Rzayevə ünvanlanmış ərizədə “xx.xx.2025-ci il nahar vaxtı mən maşının yanında olarkən Birliyin baş iqtisadçısı İddiaçı məni kənara çağıraraq başladı məni təhqir edib sənin kimi şərəfsiz alçaq adam yoxdu sözləri deməyə. Gör səni neyniyəcəm. Nəyə görə soruşdum o cavab vermədi. Mən də uzaqlaşıb getdim” ifadəsi qeyd olunmuşdur. -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 16-1/2-716/2024 saylı cavab məktubundan görünür ki, müracəti ilə onun AHİK-ın inzibati binasına dəvət olunaraq rəhbər heyət tərəfindən qəbul olunduğu, qəbul zamanı müraciətində qaldırdığı məsələlərlə bağlı ona qanunvericiliyin tələblərinin izah edilərək müvafiq köməklik göstərildiyi, eyni zamanda Birliyin fəaliyyəti ilə bağlı qeyd etdiyi digər məsələlərlə əlaqədar “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyində müvafiq işlərin aparılacağı və qanunamüvafiq şəkildə tədbirlərin görüləcəyi bildirilmişdir. -Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 16-1/2-Y-7/4-42/2025 saylı cavab məktubundan görünür ki, müraciəti ilə əlaqədar AHİK-in Əməyin Mühafizəsi və X3 dəvət edilərək,müvafiq söhbətlər aparıldığı, lakin müraciətində qeyd etdiyi məsələlər barədə təsdiqedici heç bir sənəd təqdim etmədiyi, həmçinin fəaliyyəti dövründə dövlət, AHİK və iş yeri tərəfindən müxtəlif medal, döş nişanı və pul mükafatları ilə təltif edildiyi, bundan əlavə “X1 Naminə” İctimai Birliyi tərəfindən təqdim edilən sənədlər əsasında işlədiyi son dövrlərdə onun iş yoldaşlarına qarşı aqressiv münasibət və davranışlar sərgiləyərək verilmiş tapşırıqların yerinə yetirilməsindən imtina etdiyinin müəyyən olunduğu, bunun nəticəsi olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada, işdən azad olunmağı barədə işəgötürən tərəfindən verilən təqdimata həmin müəssisənin həmkarlar ittifaqı təşkilatında müzakirə olunaraq razılıq verildiyi və onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdən xitam verildiyi qeyd olunmuşdur. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3251/2025 qərardadı ilə İddiaçı işə bərpa və pul tələbi barədə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə riayət edilməyindən geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən, “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 294-cü maddəsinin 5-ci hissəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il il tarixli qərarında qeyd olunmuşdur ki, “Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Göstərilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "X1 Naminə“ İctimai Birliyi (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi 10 aprel tarixli, 07 nömrəli əmrə əsasən xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmiş və İddiaçı baş iqtisadçı vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsini və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin vəkili-nümayəndəsi isə məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından bəlli olmuşdur ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də, həmin tarixdən hesablanmalıdır. Belə ki, elə həmin günü iddiaçıya əmrin surəti təqdim edilmişdir. İddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2025-ci il tarixində müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ( xx.xx.2025-ci il tarixdə mediasiyaya müraciət etməklə müddətin axımı kəsilmiş olsa da belə, 1 aylıq iddia müddəti ötürülmüşdür). Habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılması ilə bağlı ərizə də təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 296.2 və 296.6-cı maddələrinin məzmunundan göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün birinci olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi (bununla bağlı müddətin tətbiqi barədə ərizə olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilibedilməməsi məsələsi (bununla bağlı müddətin bərpasına dair ərizə olmaqla) aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. İddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyindən və müddət bərpa edilmədiyindən işə mahiyyəti üzrə baxılmasına zərurət yoxdur. Məhkəmə əlavə olaraq iddiaçının izahatından iddia müddətinin ötürmədiyini, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 380.1-ci maddəsi müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımının kəsildiyini müəyyən edir. İddiaçı isə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmədiyi üçün iddia ərizəsi geri qaytarılmışdır. Bu hal isə müddətin axımının kəsilməsinə dəlalət etmir. Həmçinin iddiaçı bundan sonra, xx.xx.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X1 Naminə” İctimai Birliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar